Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “ELDAR HƏSƏNOV ÖLKƏNİN ƏN İRİ POSTLARINA REAL NAMİZƏDLƏRDƏN BİRİDİR”

“ELDAR HƏSƏNOV ÖLKƏNİN ƏN İRİ POSTLARINA REAL NAMİZƏDLƏRDƏN BİRİDİR”

Qabil Hüseynli: “Onun professionallığı və peşəkarlığı daha çox diqqətçəkəndir”

Əvəz Zeynallı: “O, ciddi postlara iddiaçıdır”

Sabiq baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov zaman-zaman ölkə mətbuatının gündəmində olan şəxslərdəndir. Ölkədəki son proseslərdə də onun adı hallandı.
E.Həsənovun MTN rəhbərliyinə gətiriləcəyi barədə səslənən iddialar, səfirin Bakıya qəfil gəlişi və Vergilər Nazirliyində yüksək vəzifədə işləyən qardaşının ətrafında gedən söz-söhbətlər diqqəti cəlb edir.

Doğrudur, sabiq baş prokuror 3 noyabrda “Yeni Müsavat”a verdiyi müsahibədə barəsindəki iddiaları alt-üst edən açıqlama vermişdi. Məhz bundan sonra onunla bağlı mətbuatın dərc etdiyi xəbərlərdə səngimə müşahidə olundu.

Maraqlıdır ki, hər zaman yüksək postlara iddiaçıların adları hallananda bu şəxslərdən biri, bəlkə də, birincisi E.Həsənov səfir olur. Bütün bunların fonunda onunla bağlı bir sıra suallar beyinləri fəth edir.

E.Həsənov nə üçün bu qədər cazibədar siyasətçidir, yaxud onu bu qədər cazibədar siyasətçi edən amillər nədir?

Politoloq Qabil Hüseynli hesab edir ki, E.Həsənov ağıllı siyasətçi olduğundan daim gündəmə gəlir: “O, vaxtı ilə yüksək perfomans sərgiləyən siyasətçi olub. İnsanlarla əlaqə qurarkən, yüksək mədəniyyət, qarşılıqlı münasibət yaratmağı bacaran şəxsdir. Eldar Həsənov peşəkarlar arasında peşəkar, intellektuallar arasında intellektlidir, insanlar arasında mədəniyyətli insan kimi ad çıxara bilib. Onun professionallığı və peşəkarlığı daha çox diqqətçəkəndir. Bu səbəblər onu daim gündəmə gətirən amillərdir. Onun sağlam, çevik hərəkətlərini də ön plana çəkmək olar. Bir şəxsiyyət kimi, müsbət parametrlərə cavab verən şəxs olduğundan, onu tanıyanlar arasında yüksək hörmətə malikdir”.

Q.Hüseynli sabiq baş prokurorun Azərbaycanda yüksək postlardan birinə gətirilməsinin ölkə üçün verə biləcəyi müsbət amillərdən də söz açdı: “Təkcə Eldar Həsənovun yox, istənilən qabiliyyətli şəxsin vəzifəyə gətirilməsinin tərəfdarıyam. O cümlədən də Eldar Həsənovun. Amma bu məsələ ölkə başçısının səlahiyyətindədir. Komandanı prezident formalaşdırır. Ölkə başçısı yaxşı bilir ki, kimlər işləyə bilər, kimlər yox. Təkcə peşəkarlıq və yüksək keyfiyyətlər yetmir. Psixoloji cəhətdən komandada yumşaqlıq yaradan cəhətlər də lazımdır. Bu tipli cəhətləri nəzərə alaraq, prezident komandasını formalaşdırır. Hesab edirəm ki, Eldar Həsənov kimi vətənini sevən şəxslər ölkəyə xeyir verə bilərlər”.

Politoloq gələcəkdə E.Həsənovun hər hansı bir vəzifəyə gətirilməsi ilə bağlı da proqnoz verdi: “Bu məsələdə proqnoz vermək çətindir. Hazırda siyasi vəziyyətin Eldar Həsənovun vəzifəyə gətirilməsinə uyğun olmadığı qənaətindəyəm. Amma mümkün olmayan şey yoxdur. Fəlsəfədə səbəbiyyət və zərurət anlayışları var. Burdan çıxış etsək, deyə bilərik, bəzən elə bir təsadüflərə rast gəlmək mümkündür ki, istənilən şəxsin önə çıxmasının şahidi oluruq. Bu məsələdə ölkə rəhbərinin siyasi iradəsini əsas götürüb, deyə bilərəm ki, cəmiyyətdə hər şeyi inkar etmək olmaz”.

E.Həsənov barədə zaman-zaman rəhbəri olduğu mətbuat orqanında xəbərlər dərc edən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı üç ölkədəki səfirimiz barədə daim birmənalı düşündüyünü söylədi: “Bizim sayt və qəzetdə onun əleyhinə də yazılar gedib. Amma bu media azadlığı ilə bağlı olan məsələ idi. Bizim əlimizə fakt gəlib, görmüşəm ki, Eldar Həsənovun əleyhinədir, yenə də dərc etmişəm. Amma bununla belə, ona qarşı münasibətim fərqlidir”.

Niyə tez-tez onun adı gündəmə gəlir? Əvəz Zeynallı düşünür ki, E.Həsənov çətinliklərin öhdəsindən gələ bilən, milli barış ruhlu şəxsdir: “Onu kifayət qədər qüdrətli, cəsarətli siyasi fiqur hesab edirəm. Düşünürəm ki, Azərbaycanı bu gün tam yetişmiş şəxsiyyətlərindən biridir. Bütün elektoratlarda ona yaxın kəsimlər var. Yüksək klanlarda onun adamları var. Fikirlərim onun lehinə səslənə bilər. Amma faktiki vəziyyət belədir. Onun adı ona görə insanların yadına tez-tez düşür ki, Eldar Həsənovun Azərbaycan üçün önəmli şəxs olduğunu bilirik. Təcrübəli, əqidəli şəxsdir. Məncə, o, ölkəmizin ağır vəziyyətləri üçün önəmli şəxslərdən biridir”.

“Xural” rəhbəri E.Həsənovun yüksək vəzifəyə gətirilmə ehtimalının olduğunu bildirdi: “O, son yazılarımıza çox sərt cavab verir. Adama deyərlər ki, ölkəni xilas edəcək şəxslərdən sayılırsan, amma deyirsiniz ki, mənə şər atırlar. Belə məsələlərdə tərəddüd edirəm. Eldar Həsənov ölkənin ən iri postlarına real namizədlərdən biridir. Bunun fərqindəyəm. Bilirəm ki, o, ölkəni idarə edən şəxsin qəzəbinə tuş gəlmək istəmir. Amma fakt-faktlığında qalır. Hesab edirəm ki, o, ciddi postlara iddiaçıdır. Əgər prezident onun keyfiyyətlərindən yararlansa, Azərbaycan və hakimiyyət üçün xeyri ola bilər”.

Cavanşir ABBASLI

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın