“Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı yenidən mətbuta dönməyə qərar verib.
SalamNews-un məlumatına görə, E.Şıxlı özü bu barədə bildirib ki, iki ildən sonra dostlarla xeyli məsləhətləşərək belə qərara gəldik ki, “Ayna”nı bərpa edək: “Amma bu qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də, bu, kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan kəslərin ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar jurnalistlərin “köşə”sidir. Yeni, “Ayna” saytında yalnız köşə yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf Mirqədirovun, Arif Əliyevin və mənim”.
Elçin Şıxlı, həmçinin qeyd edib ki, özümüzü internet TV kimi də sınayacağıq: “Zənnimcə, alınacaq, çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika ustadları bu işə əl qoyacaqlar”.