Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Asif Mərzili: “Mətbuat daxilində bu kimi cəbhələşməyə yol vermək olmaz”

Asif Mərzili: “Mətbuat daxilində bu kimi cəbhələşməyə yol vermək olmaz”

Bu günlərdə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində yalan informasiyaların artması ilə bağlı narahatlığını ifadə edib və həqiqətdən uzaq məlumat yayan KİV-lərin cəzalandırılacağını bildirib.
Maraqlıdır, rəsmi informasiyaların qıtlığı şəraitində mediada yalan və əsassız xəbərlərin yer almasının günahkarı həqiqətənmi KİV-lərdir? Doğrudanmı bu problemin qarşısını sadəcə medianı cəzalandırmaqla almaq mümkündür?
Moderator.az-a açıqlama verən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili yanlış informasiyaların rəsmi informasiya qıtlığı səbəbi ilə meydana çıxdığına diqqət çəkdi:
“Mən 3 gün idi ki, Azərbaycanda yox idim. Gürcüstanda mühüm bir tədbirdə iştirak edirdim. Lakin internet vasitəsi ilə ölkədəki prosesləri izləmişəm. Məsələ ilə bağlı onu qeyd edim ki, yalnız Mətbuat Şurası, hörmətli Əli müəllim, ayrı-ayrı dövlət qurumları deyil, mətbuatın özü də onda yer alan informasiyaların doğru olmasında maraqlıdır. Yanlış və ya yalan informasiya o zaman yayılır ki, orada hansısa dərəcədə boşluq olur. Bu gün aktual olan “MTN işi” və ya ondan əvvələ aid olan Hacı Məmmədov məsələsini götürək. Hər hansı bir məsələ ilə bağlı rəsmi informasiya olmayanda, o zaman təbii ki, şübhələrə, ehtimallara yol açılır. Lakin ataların da gözəl bir məsəli var, deyir ki, od olmayan yerdən tüstü çıxmaz. Yanlış informasiyalar o zaman meydana çıxır ki, media orqanı ictimaiyyətə hər hansı məsələ ilə bağlı məlumat çatdırmaq istəyir, lakin rəsmi mənbələr bununla bağlı susur.
Bu gün ölkədə “ciddi mətbuat”, “qeyri-ciddi mətbuat” kimi ifadələr işlədilir. Halbuki, sadəcə mətbuat ifadəsi işlədilməlidir, mətbuat daxilində bu kimi cəbhələşməyə yol vermək olmaz. Lakin “ciddi mətbuat” kateqoriyasına aid edilən bəzi media orqanları da son vaxtlar elə informasiyalar verirdi ki, bu informasiyalarda MTN, DİN, Prezident Administrasiyası daxilindəki hansısa “özəl”, “anonim” mənbədən söhbət gedirdi. Niyə bu halda rəsmi qurumlar həmin informasiyaların qarşısı almaq istiqamətində addımlar atmır, bu qurumların mətbuat xidmətləri lazımı açıqlamalar yaymırdı? Axı nə üçün rəsmi informasiyalar cəmiyyətə çatdırılmır ki, sonra da bu cür arzuedilməz vəziyyət meydana çıxır?”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın