Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “MTN olaylarından reytinq yığırlar” – Əflatun Amaşov

“MTN olaylarından reytinq yığırlar” – Əflatun Amaşov

“Azərbaycan mətbuatı ölkənin ictimai siyasi həyatında baş verən hadisələrə həssas yanaşıb. Ötən yay təmas xəttində baş verən hadisə zamanı, həmçinin bu il Milli Məclisə keçirilən seçkilər zamanı öz vəzifələrini layiqincə yerinə yetiriblər. Bir çox məqamlarda öz həssaslıqlarını nümayiş etdiriblər. Amma bir çox mətbuat orqanları bu prosedən kənara çıxıb. Bizim apardığımız araşdırmalar zamanı da bunlar ortaya çıxdı”.

AzNews.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib. O, bildirib ki, bəzi məqamlarda mətbuat orqanlarında yoxlanılmamış yazılar gedir: “Bu zaman heç bir mənbəyə belə fikir verilmir. Bəzi KİV-lər isə bilərəkdən və ya bilməyərəkdən bu cür xəbərlər verir. Həmin saytların əsas məqsədi ajiotaj yaratmaqdır. Demək olar ki, bütün saytlar və xəbər portalları həmin xəbərləri yayır. Amma həmin məlumatla bağlı qurum 3 gündən sonra təkzib verir.

Mətbuat Şurası bununla bağlı monitorinq qrupu yaradıb. Bir çox məsələlər araşdırılır. Hətta bununla bağlı tədbirlər də keçirir. Bəzən bu cür hadisələrin qarşısını almağa nail ola bilirik”.

Sədr qeyd edib ki, media ictimai xəbərləri daima diqqətdə saxlamalıdır: “Son vaxtlar MTN ilə bağlı yayılan xəbərlər gedir. Başqa ölkələrdə də əgər bu cür hadisə baş versəydi həmin ölkənin mediası kənarda qala bilməzdi. Bizim mətbuatımız da bu hadisələrdən kənar qalmadı. Belə ki, istər MTN, istərsə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı xəbərlər verildi. Mediamız bu işin öhdəsindən layinqincə gəldi. Onlar öz üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdi. Amma təəssüflər olsun ki, bu hadisələrlə bağlı düzgün məlumatlar yazmayan saytlar var. Populyar olmayan həmin saytlar bu xəbərlər vasitəsi ilə IP yığırlar. Həmin saytlar məhz bu cür hadisələr zamanı aktiv olmağa başlayır. Bəzən ciddi saytlar belə həmin xəbərlərdən istifadə edir. Bu proses hüquqi yolla həll oluna bilər. Amma biz istəyirik ki, bu, hüquqi müstəviyə çatmadan Mətbuat Şurasında həll olunsun”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın