Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Jirinovskinin növbəti uydurması

Jirinovskinin növbəti uydurması

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Dövlət Dumasının son iclasında aprel ayında “erməni genosidi” qətnaməsini dəstəkləyən deputat həmkarlarını sərt tənqid edib.
O, LDPR-in təşəbbüsü ilə gündəmə gətirilən “Tarixin dərsləri və müasir dünyada xristianların sıxışdırılmasının yolverilməzliyi haqqında” adlı sənədin müzakirəsi zamanı çıxış edərkən hakim Vahid Rusiya Partiyasından olan deputat Mixail Markelovu xüsusi tənqid atəşinə tutub.
“Siz xristianların müasir dünyada sıxışdırılmasının yolverilməz olması haqdakı bəyanatımızı dəstəkləmirsiniz. Bəs siz bu zalda nəyə görə “erməni soyqırımı” haqda qətnaməyə səs verdiniz? Bunu niyə etdiniz? Belə çıxır ona görə ki, bu qətnamə ermənilərin xeyrinə idi. Türklər isə bundan incidi. Və onlar “Türk axını” qaz kəməri layihəsini dayandırırlar. Bunu siz – Vahid Rusiya Partiyası etdiniz” – deyə Jirinovski bildirib.
LDPR lideri hakim partiyaya ünvanlanan tənqidlərini davam etdirərək deyib ki, burada məntiq olmalı idi, amma heç bir məntiq yoxdur: “Belə çıxır ki, sizə zəng edib nəsə desələr, ona da səs verəcəksiniz. Əgər Kremldən sizə xristianların sıxışdırılmasına dair qətnamə layihəsi göndərsələr, onda hamınız bir ağızdan “hə” deyib səs verəcəksiniz. Siz Türkiyəni qəzəbləndirmisiniz. İndi də türklər cavab olaraq Gürcüstanı NATO-ya sürükləyirlər. Buna görə siz günahkarsınız. Halbuki, türklər bizim tərəfimizdə idi. Siz Ermənistanı müdafiə edən qətnaməyə səs verən kimi türklər bizdən incidi. Siz Türkiyə ilə münasibətlərimizi korlayırsınız”.
Jirinovskinin bu bəyanatı ermənilərin tənqidi baxımından yaxşıdır. Ancaq burada bir mətləbə diqqət yetirək. Jirinovski çıxışında bildirmək istəyir ki, bütün dünyada xristianları dini mənsubiyyətinə görə sıxışdırırlar. Nədənsə biz bunun əksini görürük. Əksinə, onun dediyi hallara daha çox müsəlmanlarla bağlı rast gəlinir.
Şərqşünas Seyid Camal Əzimbəyli açıqlamasında bildirdi ki, Jirinovskinin son çıxışları əvvəlkilərdən kəskin fərqlənir: “Əvvəl birmənalı şəkildə bizə qarşı nifrət püskürən bu adam indi obyektiv mövqe tutmağa çalışır. Mən bunu Azərbaycanın apardığı uğurlu siyasətlə əlaqələndirirəm. Onun son çıxışının bir hissəsilə bölüşmək mümkün olsa da, dünyada xristianların sıxışdırılmasını iddia etməsi çox yanlışdır. Əksinə, biz müsəlmanların sıxışdırılmasını, təqib olunmasını hiss edirik. Çox vaxt isə həmin xristianların əli ilə müsəlmanlara qarşı kampaniyalar aparılır. Bizim mənsub olduğumuz dini terror dini kimi qələmə verirlər. Maraqlandıqda məlum olur ki, bütün bu işlərin arxasında dünyanın nüfuzlu xristian dövlətləri durur. Bu baxımdan da Jirinovskinin narahatlığına əsas görmürəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın