Nəhayət ki, Konstitusiya Məhkəməsi insanların çoxdan gözlədiyi məsələyə verdiyi qərarla nöqtə qoydu. Söhbət devalvasiyadan sonra yaranan müəmmadan gedirdi. İnsanların çoxu banklardan götürdüyu dollarla olan kreditləri yeni deyil, köhnə məznnə ilə qaytaracağına dair qərarın çıxarılacağına ümid bəsləyirdi. Ancaq tərsi oldu.
Qeyd edək ki, dollarla götürülən kreditlərin həcmi az deyil və insanların əksəriyyəti yaranan məzənnə oynamasından sonra yaranan məbləği ödəkdə çətinlik çəkir.
Bəzi ekspertlər isə fikirləşir ki, Konstitusiya Məhkəməsi gözlənilən qərarı verib. Onların qənaətincə, belə olmayacağı təqdirdə bank sektorunun iflası yaşana bilərdi.
Məsələnin hüquqi tərəflərinə varmadan yeni məzənnə ilə ödənişlərin həyata keçirilməsi bankların xeyrinə kimi qiymətləndirilsə də, xarici valyuta ilə borc öhdəlikləri olanların bir qisminin ödənişlərində problemlər olacağı istisna deyil. Doğrudur, hələlik xarici valyuta ilə borclananların əksəriyyəti ödəniş edə bilər, amma bunun uzun müddət də belə davam edəcəyini proqnozlaşdırmaq çətindir.
Deməli, Konstitusiya Məhkəməsinin qərarı prosesin sonu deyil və bu ciddi narazılıqlara yol aça bilər.
Qısası, Konstitusiya Məhkəməsinin son qərarından sonra həm vətəndaşların sosial təminatı pisləşə bilər, həm də problemli kreditlerin həcmi artacaq.
Belə ki, əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunduğu üçün həmin pulu ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir.
Bu hissedilən fərqdir. Məlum olduğu kimi, bu həcmdə olan kreditlərin əksəriyyəti istehlak üçün nəzərdə tutulub və girovsuz verilib.
Vətəndaşlar yeni məzənnə ilə kreditləri ödəyə bilməyəcəyi halda onlara qarşı hansı hüquqi addımlar atıla bilər?
Hüquqşünas Mehman Muradlının sözlərinə görə, bu məsələyə müxtəlif aspektlərdən yanaşmaq olar: “İqtisadi aspekti böyük narazılıq yaradıb. Bir gecənin içində vətəndaşların banka ödəyəcəyi məbləğ əhəmiyyətli dərəcədə artıb. Vətəndaşlar haqlı olaraq bu məsələ ilə razılaşmırdı ki, bu da hüquqi qiymət verilməsinə yol açdı. Ən ali məhkəmə səviyyəsində buna qərar verildi. Məcazi məna ilə ifadə etsək, banklar uddu. Əsl çətinliklər bundan sonra başlaya bilər. Siz təsəvvür edin ki, kredit götürən təbəqə ehtiyacı olandı. Onlar da kreditin faizini zorla düzəldib verirdi. Onların həyatında, gəlirində heç bir yenilik olmayıb ki, bunu normal qarşılaya bilsinlər. Nəticə etibarilə çoxlu sayda ödəmədən məcburi yayınma yaranacaq. Problemli kreditlərin həcmi artacaq. Banklar məcbur qalıb məhkəmələrə müraciət etməli olacaq. Hüquqi aspektdən isə məsələ məzənnənin köhnə qaydasında vəd olunan qaydadan kənara çıxa bilməz. Yenə də məhkəmə məcburi ödəmə ilə bağlı qərar çıxaracaq və borcu olan vətəndaşın əmlakına yönəldəcək.
Məsələn, krediti ödəmədən yayınan şəxsin adına avtomobili və ya başqa əmlakı varsa onların üzərinə həbs qoyula bilər”.
Məhəmmədəli QƏRİBLİ