Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan Riqa sammitini pozur

Ermənistan Riqa sammitini pozur

Bu gün Latviyanın paytaxtı Riqada Avropa İttifaqının və 6 keçmiş sovet respublikasının nümayəndələrinin iştirakı ilə “Şərq tərəfdaşlığı” sammiti işə başlayır.

Virtualaz.org saytı xəbər verir ki, təşəbbüsə qoşulan ölkələrdən Belarus və Ermənistan sammitin yekun bəyannaməsini imzalamayacaqlarını bildiriblər.

“Röyter” diplomatik qaynaqlardan məlumat əldə edib ki, buna səbəb sənəddə Krımın ilhaqı haqda bəndin olmasıdır. Hazırda Avropa İttifaqı (Aİ) liderləri Minskin və İrəvanın mövqelərini nəzərə alaraq sənədin kompromis variantını hazırlamağa çalışırlar.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirakdan imtina edib. Baxmayaraq ki, ötən həftə Latviyanın baş naziri Azərbaycan prezidentinin sammitdə iştirakını təsdiqlədiyini bildirmişdi.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bəyan etdiyinə görə, İlham Əliyevin sammitdə iştirak etməməsi yaxınlaşan Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar dövlət başçısının iş qrafikinin həddən artıq sıxlaşmasıdır. Bu səbəbdən sammitdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov təmsil edir.

Bəzi KİV-lər isə öz mənbələrinə istinadən xəbər vermişdi ki, prezidentin sammitdə iştirakdan imtinasına səbəb son vaxtlar Avropada antiazərbaycan kampaniyasının geniş vüsət almasıdır.

“The Guardian” qəzetinin analitik məqaləsində isə deyilir ki, Riqa sammiti 6 keçmiş sovet respublikasını Moskvanın orbitindən çıxararaq Brüsselin ağuşuna çəkməyə hesablanmış proqramın tamamilə iflasa uğradığını sübut edir.

Qəzet qeyd edir ki, “Şərq tərəfdaşlığı” sxemi Rusiyanın Gürcüstana müdaxiləsindən sonra 2009-cu ildə yaradılmışdı.

“Hesab olunurdu ki, proqram keçmiş sovet respublikalarını özünün müstəsna maraq dairəsi hesab edən Rusiyanın ambisioz siyasətini cilovlayacaq. Lakin indi Avropa Rusiyanı qəzəbləndirməkdən qorxur.

“Biz Rusiyanı təxribata çəkmək istəmirik, ona daha da aqressiv olması üçün növbəti bəhanə vermək lazım deyil. Ona görə də çox ehtiyatlı olmalıyıq” – deyə adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib”- qəzet yazır.

Xatırladılır ki, “Şərq tərəfdaşlığı”nın formal üzvləri kimi qalan Ermənistan və Belarus Rusiyanın egidası altında Avrasiya İttifaqına qoşulublar. Azərbaycan isə hesab edir ki, Aİ-nin onun enerjidaşıyıcılarından hansısa faydaları var və “Şərq tərəfdaşlığı” proqramına bütün marağını itirərək Riqa sammitində iştirak etmir.

“Geridə Gürcüstan, Moldova və Ukrayna qalır. Lakin onların Brüsselə yaxınlaşmasının sonrakı perspektivləri indi heç vaxt olmamış kimi dumanlıdır”- deyə məqalədə bildirilir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın