Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Astara İcra Hakimiyyətinin əməkdaşlarını yalnız baş həkimin rəyi maraqlandırır – ŞİKAYƏT VAR

Astara İcra Hakimiyyətinin əməkdaşlarını yalnız baş həkimin rəyi maraqlandırır – ŞİKAYƏT VAR

Bu il noyabrın 23-ü Qafqaznews.az saytında “Səhiyyə Nazirliyi və Astara RİH şəkər xəstələrini incitməyə haqq qazandırır?” başlıqlı yazı dərc olunmuşdu.

Bu yazıda Astara rayon Məçidməhəllə kənd sakini, 77 yaşlı Rəfail Əlihəsən oğlu Orucovun adından Baş Prokuror Zakir Qaralova göndərilmiş müraciət dərc olunmuşdu. “Hər ayın 15-də biz Astara RMX-nin aptekində növbəyə durub resept əsasında şəkər xəstələri üçün pulsuz verilməli dərmanları alırıq. Oktyabrın 15-də növbə çox uzun idi, mənim də təzyiq problemim var deyə, özümü yaxşı hiss etmədim. 77 yaşım var, soyuq havada saatlarla növbədə durmağa çətinlik çəkirəm. Baş həkimin qəbuluna düşüb xahiş etdim ki, tibb bacılarından birini göndərib mənim həyat yoldaşım və oğlum üçün verilməli olan dərmanları almağa kömək etsin, səhhətim yaxşı deyil. O isə məni acılayıb otağından qovdu. Ondan sonra, aptekçi Sənubər Rəcəbova da bizə qarşı kobudlaşdı. Mən Səhiyyə Nazirliyinə yazılı müraciət etdim, bundan sonra isə Əlövsət Əliyev mənimlə düşmən oldu. Oğlum Rəzail Orucov noyabrın 14-də dərmanlar üçün reseptlə gedəndə, Sənubər Rəcəbova ona qarşı kobud ifadələr işlətdi və anan gəlsin, dərmanı özü alsın dedi. Halbuki, həyat yoldaşımın 70 yaşı var, ayaq üstə güclə yeriyir. Kənddən rayon mərkəzinə gedə bilmir. Oğlumu da şərləyib polisə şikayət ediblər, guya Sənubər Rəcəbovanı və baş həkimi təhqir edib, dava salıb. Ötən həftə Astara RİH başçısı Qəzənfər Ağayevin qəbulunda oldum, problemimi danışdım. O isə məni qovub dedi ki, çıx çölə, get uşaqlarını tərbiyə et”,- deyə Rəfail Orucov vurğulayıb.

Rəzail Orucov noyabrın 24-də Qafqaz İnformasiya Agentliyi ilə əlaqə saxlayaraq bildirib ki, onu Astara rayon polis idarəsinə çağırıblar və bu gün onun məhkəməsi keçiriləcək (qafqaznews.az).

Rəfail Orucovun oğlu Nail Orucovun Kavkaznews.az-a bildirdiyinə görə onun qardaşı Astara rayon məhkəməsi tərəfindən cərimə olunub. O həmçinin bildirib ki, aptekin müdiri Sənubər Rəcəbova hələ də onlara anaları üçün nəzərdə tutulan dərmanları verməkdən imtina edir.

Biz öz araşdırmamızı aparmaq və həqiqətən Rəzail Orucovun aptekdə dava salıb-salmadığını aydınlaşdırmaq qərarına gəldik. Bunun üçün biz, Rəzail Orucovun işi üzrə təhqiqat aparan Astara rayon polis idarəsinin təhqiqatçısı Ceyhun Minayevə müraciət etdik.

“Siz təhqiqat apararkən münaqişənin bütün tərəflərini dindirdiniz? Rəzail Orucovun qohumları bildiriblər ki, Sənubər Rəcəbova ona anası üçün nəzərdə tutulan dərmanları verməkdən imtina edirdi”, – jurnalistimiz sual verdi. “Dərmanların bu məsələyə heç bir aidiyyəti yoxdur. Sənubər Rəcəbova ona anasının almalı olduğu dərmanları verməkdən imtina edib. Bundan sonra Rəzail Orucov onun üzərinə atılıb”, – deyə təhqiqatçı bildirib.

“Orucovun qohumlarının sözlərinə görə, Sənubər Rəcəbova onlara ayrılan dərmanları verməkdən imtina edir”, – müxbirimiz məlumat verib. “Əgər məsələ belədirsə, onda mən ona deyəcəyəm ki, o bu dərmanları onlara versin. Amma dərmanların bu məsələ ilə heç bir əlaqəsi yoxdur”, – deyə təhqiqatçı bildirib.

“Necə belə? Axı münaqişə bu dərmanlara görə baş verib”, – jurnalistimiz qeyd etdi. “Rəzail Orucov, sadəcə şikayət edə bilərdi”, – deyə Ceyhun Minayev bildirdi.

Bu arada xatırladaq ki, məktubda Rəfail Orucov məlumat verib ki, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə şikayət etmək istəyirdi, amma o öz kabinetindən onu qovub.

Doğrudanmı, Astara rayon İcra Hakimiyyəti Rəfail Orucovun şikayətinə baxmaq istəmir? “Biz Rəfail Orucovun şikayətini araşdırmışıq. Onun fikirləri həqiqətə uyğun deyil. Orucovlar ailəsi dərmanları vaxtında alır” – Astara RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyev Kavkaznews.az-a bildirib. “Siz bunu necə bildiniz?”, – jurnalistimiz soruşdu. “Biz bu barədə baş həkim Əlövsət Əliyevdən soruşduq. O bildirib ki, Orucovlar ailəsinin dərmanla təminatında heç bir problem yoxdur”,- deyə şöbə müdiri bildirib.

“Siz yalnız baş həkimi sorğu-sual etməklə kifayətlənmisiniz?”,- Kavkaznews.az-ın jurnalisti təəccüblə soruşdu. Ruhid Əliyev bu sualı cavabsız qoyub, və baş həkim Əlövsət Əliyev ilə əlaqə saxlamağı məsləhət görüb.

Biz Astara RİH başçısının müavini Yasəmən Rəsulovadan Ruhid Əliyevin dediklərini şərh etməyi xahiş etdik. “Siz bizə yazılı şəkildə müraciət edin. Bizdə belə şey ola bilməz ki, icra başçısı kimisə dinləməkdən imtina etsin”, – Yasəmən Rəsulova bildirdi. “Rəfail Orucov həm də deyir ki, həyat yoldaşı üçün dərman ala bilmir”, – jurnalistimiz bildirdi. “Mən artıq sizə dedim ki, bizə yazılı şəkildə müraciət edin”,- icra hakimiyyətinin başçısının müavini təkrarlayıb.

“Astara RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyev bildirib ki, o, yalnız Astara mərkəzi rayon xəstəxanasının baş həkiminin fikirlərini öyrənib”, – jurnalistimiz qeyd etdi. “Sorğu keçirilməsinə heç bir ehtiyac yoxdur. Ona görə ki, bu sahədə kurator elə özüməm, və biz daim öz yoxlamalarımızı aparırıq”,- Yasəmən Rəsulova Kavkaznews.az-a bildirdi.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın