Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / Rəsulzadənin vəfatından 61 il ötdü – nəşi ölkəyə niyə gətirilmir?

Rəsulzadənin vəfatından 61 il ötdü – nəşi ölkəyə niyə gətirilmir?

Arif Hacılı: “Rəsulzadə üçüncü vətən olaraq Türkiyəni seçmişdi”; Nəsiman Yaqublu: “…gedəcək o sümüklər, gedəcək o vətənə”

Fazil Mustafa: “Nə qədər ki, Müsavatın müstəqilliyimizdəki rolunu anlamaq problemi var…”

Martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ölümündən 61 il ötdü. 1955-ci ildə Ankarada gözlərini həyata əbədi yuman Cümhuriyyətimizin qurucusunun məzarı hələ də qardaş ölkədədir.
Qəlbində daim Azərbaycan sevgisi olan, həyatını Azərbaycanın istiqlalı uğrunda mübarizəyə qurban verən, vəfat edərkən üç dəfə “Azərbaycan” deyən Rəsulzadənin qəbrinin ölkəmizə gətirilməsi daim müzakirə mövzusu olub. Xüsusilə, onun ölüm tarixində bu məsələ daha çox gündəm olur. 
Cümhuriyyətimizin banisinin nəşinin Azərbaycana gətirilməməsi ilə bağlı daim ikili fikirlər səslənir. Bir qisim onun nəşinin doğma vətəndə olmasını daha vacib saysa da, digər bir kəsim isə hesab edir ki, məzarın Türkiyədə qalması daha məqsədəuyğundur. Qəbrin Ankarada qalmasını məqsədəuyğun sayanların əsas arqumentləri Rəsulzadəyə Azərbaycan iqtidarının biganə münasibətdir.
Cümhuriyyətimizin banisinin yaratdığı Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, Rəsulzadənin dünyasını Türkiyədə dəyişməsi təsadüfi hadisə deyil: “Azərbaycan işğal olunduqdan və Rusiyanın nəzarətinə keçdikdən sonra Rəsulzadə üçüncü vətən olaraq Türkiyəni seçmişdi. Həm Rəsulzadəni, həm də digər müsavatçıları Türkiyə qəbul edərək, onlara fəaliyyət imkanları yaratmışdı. Bu baxımdan Rəsulzadənin məzarı doğma  torpaqdadır. Onun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı müxtəlif fikirlər var. Bu məsələyə həm dini, həm də dini ənənələr baxımından münasibət fərqlidir. Hesab edirəm ki, ölkədə normal bir demokratik hakimiyyət qurulduqdan sonra bu məsələ ətrafında geniş müzakirələr açmaq olar. Əgər Rəsulzadənin nəşi Azərbaycana gətirilməsə belə, ölkə ərazisində onun üçün möhtəşəm anım qəbiri yaradılmalıdır. Azərbaycan xalqı bu dövlətin qurucusu olan şəxsiyyəti yad etmək üçün müqəddəs yerə getmək imkanı əldə etməlidir”.
 
Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu indiki dövrdə məzarın ölkəmizə köçürülməsinin uyğun olmadığı qənaətindədir: “Mövzuya keçməzdən əvvəl qısa bir informasiya verəcəm. Rəsulzadə sağlam həyat yaşayıb. Yalnız onun 1923-24-cü illərdə sağlamlığında müəyyən problemlər yaranıb. Amma tez sağalır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərdiyi zamanlarda onun sağlam həyat yaşaması barədə xəbərlər var. Ömrünün son illərində də sağlam həyat yaşayıb. Amma keçirdiyi ağır həyatı onun da səhhətinə təsirsiz ötüşməmişdir. Onda şəkər xəstəliyi var idi. Bu da ömrünün sonlarında özünü göstərirdi. Həmin xəstəlikdən Rəsulzadə dünyasını dəyişdi. Onun dəfni böyük ehtiramla keçirilib. Qəbrinin üstü indiyə qədər üç dəfə dəyişdirilib. İlk qəbrinin üstünə Rəsulzadənin özünün dediyi ”İnsanlara hüriyyət, millətlərə istiqlal” şüarı yazılıb. Sonradan Rəsulzadənin qəbrinin üstünə dəmir quraşdırılıb. Yaşıl rəngdən ibarət qoruyucu ilə məzar hasara alınıb. Son illərdə isə Rəsulzadənin məzarı üstündə növbəti dəyişiklik edildi. Ora 28 May küçəsi adı verilib.
Məzar indi mavzoley şəklindədir və daha möhtəşəmdir. Hüquqi baxımından qəbir Azərbaycana gətirilməlidir. Postsovet məkanında olan ölkələrin əksəriyyətinin mühacirətdə qəbirləri olan liderlərinin məzarları öz ölkələrinə gətirilib. Bizdə bu proses getməlidir. Həyatını həsr etdiyi ölkədə çox görkəmli yerdə onun məzarı olmalıdır. Amma düşünürəm ki, bu gün   məzarın gətirilməsi uyğun deyil. Azərbaycanda Rəsulzadəyə olan münasibətə görə məzarı ölkəmizə gətirmək olmaz. Kim o təminatı verir ki, məzar Azərbaycana gətiriləndə, o məzara təhqiramiz münasibət olmayacaq. Məzar gətirilməyib, belə münasibət var. Rəsulzadənin ölümündən günlər sonra onun dostu Kərim Yaycılının yazdığı şeiri demək istəyirəm. O, məzara üz tutub demişdir ki,” gedəcək o sümüklər, gedəcək o vətənə”. Təbii ki, bu məzar bir gün ölkəmizə gələcək. Amma o vətən buna hazır olmalıdır”.


Deputat Fazil Mustafa Rəsulzadənin nəşinin Türkiyədə qalmasının daha vacib olduğu düşüncəsindədir:“Bununla bağlı açıqlamam olub. Mənə elə gəlir ki, Azərbaycan hələ Rəsulzadənin nəşinə sahiblənməyə hazır deyil. Dəyərlər var ki, bizdə də onun yerinə oturması vacibdir. Türkiyə də Azərbaycan torpağıdır. Bu baxımdan Rəsulzadəni narahat etməyə də ehtiyac yoxdur. Hər bir Azərbaycanlının qəlbində Rəsulzadə  sevgisi varsa, qəbrin burada olmaması elə də əhəmiyyət daşımır. Bu gün Fəxri Xiyabandakı qəbirlər var ki, üzərində ”Müsavat cəlladları tərəfindən qətlə yetirilib” sözləri yazılıb. Nə qədər ki, bu yazılar Azərbaycanda durursa, Müsavatın müstəqilliyimizdəki rolunu anlamaq problemi varsa, Rəsulzadənin nəşini bura gətirməyə nə ehtiyac var? Onun tarixi qiymətini bəzi hallarda xalq və dövlət olaraq verə bilmiriksə, orada qalmağı daha doğrudur. Bu məsələni böyütməyə ehtiyac yoxdur. Allah onun ruhunu şad eləsin. Azərbaycan tarixində gəlib-getmiş ən böyük şəxsiyyətdir”.
 
Qeyd edək ki, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Rəsulzadə 71 il ömür sürüb. 

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın