Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Dollar kreditləri – hökumət güzəştə getmir, borclular da ödəmir

Dollar kreditləri – hökumət güzəştə getmir, borclular da ödəmir

Vətəndaşlar artıq bankları məhkəməyə verir, geri qaytarılmayan kreditlərin həcmi artır; Vahid Əhmədov: “İnsanlar bu problemdən beziblər…”

Dollar kreditlərinin məsələsi yenidən gündəmə gəlib. Bir müddət əvvəl banklara qarşı Antikollektorun yaradılması, bankların borclular tərəfindən məhkəməyə verilməsi problemə yenidən diqqət çəkib. Parlamentin sonuncu iclasında deputatlar da dollar kreditlərindən danışıblar. 
 
Əli Məsimli bildirib ki, hazırda ölkənin maliyyə bazarında kifayət qədər problemlər var: “Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır”. Deputat hesab edir ki, yeni palatanın Mərkəzi Bankla koordinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək: “Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin”. O, eyni zamanda qeyd edib ki, pul kredit siyasətinin sərtliyi bir qədər də artsa, maliyyə blokunda olan problemlər iqtisadiyyatın real sahələrinə keçə bilər: “Problemli kreditləri həll etmədən ikinci kateqoriyaya aid bankların sağlamlaşdırılması çətin olacaq. Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır”.
Deputat Vahid Əhmədov isə dollarla kredit probleminin hələ də həllini tapmamasından şikayətlənib. O qeyd edib ki, dollarla kredit məsələsi çox ciddi problem olaraq qalmaqdadır: “Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir. İnsanları bu problemdən qurtarmaq lazımdır”.
Qeyd edək ki, dollar krediti götürənlərə güzəşt məsələsi dəfələrlə aktuallıq qazansa da, məsələ vətəndaşların xeyrinə həllini tapmayıb. Maliyyə naziri, üstəlik, baş bankir vətəndaşların xeyrinə qərarın mümkünsüzlüyünü vurğulamaqla, durumu daha da çətinləşdiriblər. Nəticədə problemli kreditlərin həcmi də artıb. MDB məkanına daxil bəzi ölkələr bənzər durumda çıxış yolunu xarici valyutada bəzi kreditləri yasaqlamaqda və ya məhdudlaşdırmaqda görüblər. Məsələn, fevralda Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilib. Bu və ya digər şəkildə Rusiya, Belarus və Qazaxıstanda da oxşar addımlar atılıb.
Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı bildirib ki, Konstitusiyanın 19 və Mülki Məcəllənin 439-cu maddələri xarici valyutada krediti yasaqlayır: “Ancaq ötən il Konstitusiya Məhkəməsi sözügedən maddələrin baş-ayaq şərhini verərək, belə kreditlərə qanuni don geyindirib”. Onun sözlərinə görə, Azərbaycanda da xarici valyutada istehlak krediti məhdudlaşdırılmalıdır. “Bu təcrübə yalnız Qırğızıstanda deyil, digər ölkələrdə də var. Bəzilərində nisbətən yumşaqdır, amma mənası eynidir. Məsələn, Ukraynada qanunla buna qadağa yoxdur. Amma MB belə kredit vermək üçün bankları böyük ehtiyat toplamağa vadar edir və banklar da bu üzdən xarici valyutada kredit verməyə maraqlı olmur. Yəni qadağa dolayısı da ola bilər. Bizdə də birbaşa və ya dolayı qadağalara böyük zərurət var”, – deyə ekspert azadliq.org-a bildirib.
Qeyd edək ki, ekspertlər milli valyutaların dəyərsizləşməsinin valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirdiyini vurğulayırlar. Bildirilir ki, bir sıra hallarda bunu mümkünsüz edir və bank aktivlərini pisləşdirir. İqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə dirənişini azaldır. Bankların istehlak kreditlərinin böyük əksəriyyəti dollarladır. Bu baxımdan da manatın devalvasiyasından sonra həmin kreditlərin qaytarılmasında ciddi problemlər müşahidə edilir. 9 milyard 473 milyon manatlıq depozitlərin isə nə az-nə çox təxminən 85 faizi dollarladır. Ekspertlər təklif edirlər ki, dollar ilə təklif edilən kreditlərin həcmini məhdudlaşdırmaq və vətəndaşların milli valyuta ilə borclanmasını təşkil etmək lazımdır. 
Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov isə bildirib ki, dollarla verilmiş kreditlərin devalvasiyadan sonra manat ifadəsində məbləğinin artması sahibkarlar üçün böyük problemlər yaradıb və bu problemlər hələ də qalmaqdadır. Onun sözlərinə görə, bu problemlərin həlli üçün dollar krediti olan şəxslərlə bağlı müəyyən qərarın qəbul edilməsi vacibdir: “Dollar kreditləri məsələsində güzəşt olunacaq. Məncə, bu məsələ hələ bağlanmayıb və hesab edirəm ki, bu məsələ ilə bağlı hər hansı qərar qəbul ediləcək”.
S.Kələşov onu da deyib ki, ölkədə verilən bank kreditlərində dolların payı ilə bağlı müəyyən limit qoyulmalıdır: “Mənim fikrincə, kreditlərin 30 faizi dollarla, 70 faizi manatla olsa daha yaxşıdır. Əvvəla, manat bizim dövlətin atributudur, digər tərəfdən manat kreditlərinin payının artması sahibkarlar üçün riskləri azalda bilər”.
 
Əlavə edək ki, artıq dollar kreditini ödəməkdə çətinlik çəkən 27 borclu birləşərək müştərisi olduğu bankı məhkəməyə verib. Ə.Həsənovun sözlərinə görə, manatın devalvasiyasından sonra bankdan götürdüyü dollar kreditini ödəməkdə çətinlik çəkən onlarla adam onun yaratdığı Antikollektor şirkətinə üz tutub: “Biz bu məhkəmələrlə bağlı məsələləri ictimailəşdirəcəyik”.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın