Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / “Qardaşımı “uzman” həkimin şikəst edib”

“Qardaşımı “uzman” həkimin şikəst edib”

“Qardaşım Mahir Hüseynov Məcid oğlunu DTX-nin qospitalının nevrocərrahı Tural Rəhimli şikəst edib. Onun səhv əməliyyatı nəticəsində artıq 1 ilə yaxındır ki, Mahir iş qabiliyyətini itirib, Parkinson xəstəliyinə tutulub”.

Ovqat.com xəbər verir ki, bunu əməkdaşımıza Bakı sakini Tahir Hüseynov bildirib.

Şikayətçinin bildirdiyinə görə, ötən il sentyabr ayında qardaşının boynunda ağrılar olub. Müayinə nəticəsində Mahirin boyun yırtığından əziyyət çəkdiyi  aydınlaşıb. Həkimlər ona əməliyyat olunmağı məsləhət görüblər.

 Hüseynovlar ailəsi yaxşı həkim axtarışına başlayıblar. Tanıdıqları bir çox yaxınları onlara DTX qospitalının nevrocərrahı Tural Rəhimlini məsləhət görüblər. Ailə internet vasitəsilə Tural Rəhimlinin “uzmanlığını” araşdırıblar. Qarşılarına bu həkim barədə xeyli reklam yazıları çıxıb. Bütün yazılarda Tural Rəhimlinin Azərbaycanın ən yaxşı nevrocərrahlardan biri olduğu göstərilib. Hüseynovlar ailəsi də öz doğmalarının sağlamlığını Türkiyədə təhsil almış “uzman”a həvalə etmək qərarına gəliblər. Problemləri də məhz bundan sonra başlayıb.

Tahir Hüseynovun dediyinə görə, Tural Rəhimli ilə görüşüb və əməliyyat üçün razılaşıblar. Həkim aparacağı əməliyyat üçün onlardan 3500 manat “əl xərci” istəyib. Razılaşmalara əsasən, həmin məbləğin 500 manatı DTX-nin qospitalına, 3000 manatı isə həkimin assisenti Ziynət xanıma əlbəəl verilməliymiş. Xəstə yaxınları boyunlarına götürdükləri bütün öhdəlikləri yerinə yetiriblər. Bundan əlavə, analizlərə 300 manat, boyun karseti və bahalı “implant”a 500 manat xərcələri çıxıb.

Əməliyyatdan sonra 3 gün xəstəxanada saxlanılan Mahir, həkimin məsləhəti ilə evə köçürülür. Ev şəraitində müalicəsini davam etdirən xəstənin ağrıları isə azalmır, əksinə artır.

“Qardaşım elə vəziyyətə gəlmişdi ki, bizdən qolunun kəsdirilməsini xahiş edirdi. Biz də məsələni araşdırmaq üçün Tural həkimin yanına getdik. Həkim xəstənin şikayətlərini dinləmək əvəzinə, yenidən özünü reklam etməyə başladı. Türkiyədə oxuduğunu, “uzman” olduğunu və bu keyfiyyətə malik həkimin səhv etməyəcəyini bildirdi”-xəstənin qardaşı Tahir Hüseynov belə deyir.

Onun sözlərinə görə, Tural həkimə çətinliklə də olsa, vəziyyətin kritikliyini izah edə biliblər. Həkim də onları yenidən analiz üçün müxtəlif xəstəxanalara göndərib:

“Bakıda elə bir məşhur xəstəxana qalmadı ki, müraciət etməyək. Bir neçə tibb  müəssisəsində qardaşımın boynunu komputer tomoqrafiyasından keçirtdik. Hamısının cavabı “əməliyyat düzgün aparılmayıb” oldu. Tural Rəhimli isə sanki özünü təmizə çıxarmağı arzulayırmış kimi, bizi xəstəxana-xəstəxana gəzdirdi. Getdiyimiz hər yerdə də xeyli pulumuz getdi. Ən nəhayət, Mərkəzi Klinikada komputer tomoqrafiyasında ağrıların əsl səbəbi aydın şəkildə göstərildi. Sən demə, “implant” çox sıxılıb, sinir toxumalarını əzirmiş”.

Mərkəzi Klinikada bir nevrocərrahla danışan Hüseynovlar ailəsinə xəstənin yenidən əməliyyat olunması gərəkdiyi bildirilib və bunun üçün də onlardan 20 min manat ödəniş tələb olunub. “İlan vuran ala çatıdan qorxan” kimi, Hüseynovlar ailəsi də Azərbaycan tibbinin ilk töhfəsini daddığından bu təkliflə razılaşmayıblar. Yenidən Tural həkimin yanına qayıdıb səhvini düzəltməsini tələb ediblər. Tural həkim isə bu dəfə də onları “Medikal Plaza”ya bir başqa həmkarının yanına göndərib ki, hansı toxumaların əzildiyini müəyyənləşdirsin:

“Nə başınızı ağrıdım, gördük ki, həkim bizi başından edir, xəstənin dərdinə çarə tapmaq haqqında isə heç düşünmür. Biz də məcbur qalıb xəstənin bütün analizlərini Türkiyədəki bir xəstəxanaya göndərdik”.

Türkiyədən gələn cavab Hüseynovlar ailəsini əməlli-başlı qorxudub. Cavabda bildirilib ki, xəstə yenidən təcili əməliyyata girməsə, nəticəsi xeyli ağır ola bilər. Bu bəd xəbəri alar-almaz Hüseynovlar yenidən DTX-nin qospitalına üz tutublar. Amma “uzman” həkimi tapa bilməyiblər. Məcburən şikayətlərini xəstəxana rəhbərliyinə çatdırıblar. Rəhbərlik isə bütün mütəxəssisləri toplayıb, onlardan analizlərin cavablarını incələməyi tələb edib:

“Həkimlər tomoqarfiyalara, analizlərə baxdıqca bir-biriləriylə xəlvəti danışır, bəzən başlarını yırğalayırdılar. Hiss edirdik ki, onlar da əməliyyatın düzgün aparılmadığından heyrətləniblər. Amma bizimlə danışıqlarında istər-istəməz öz həmkarlarını müdafiə etməyə çalışırdılar. Müdafiə ediləcək isə heç nə yox idi. Qardaşım 9 ay idi ki, özünə gələ bilmir, dözülməz ağrılar bütün bədəninə yayılırdı”.

Tahir bəyin təbirincə desək, “cəhənnəm əzabını bu dünyada yaşayan” Mahiri ağrılardan xilas etmək üçün Türkiyənin “İstinye” xəstəxanasına aparan Hüseynovlar ikinci əməliyyat üçün 20 min dollar pul xərcləyiblər. Əməliyyat zamanı türkiyəli həkimlər Tural Rəhimlini də tanıyıblar:

“Dediklərinə görə, Tural həkim həqiqətən də onların yanında təcrübəyə gəlibmiş. 3-4 ay Türkiyədə qalmasına baxmayaraq, təcrübələrə, təlim məşğələlərinə düz-əməlli qatılmayıb və kursu tamamlamamış Azərbaycana qayıdıb. Sonra isə onun mötəbər bir xəstəxanada qapısının üzərinə “uzman həkim” yazaraq işlədiyini eşidib təəccübləniblər”.

İyul ayında ikinci dəfə Türkiyədə əməliyyat olunan Mahirin indi vəziyyəti qismən yaxşılaşıb. Ağrıları kəssə də, əllərini tərpədə bilmir, əli-ayağı əsir. Həkimlər onda ilk əməliyyatdan sonra Parkinson xəstəliyinin əlamətlərinin yarandığını müəyyənləşdiriblər.

Hüseynovlar ailəsi faktiki olaraq sağlam doğmalarını əlilə çevirən Tural həkimdən heç olmasa müalicələrə və əməliyyatlara çəkdikləri xərci tələb edirlər. Tahir bəyin dediyinə görə, həkimin təcrübəsizliyi üzündən xeyli ziyana düşüblər: “25 min manat burda, 20 min dollar isə Türkiyədə xərcimiz çıxdı. Tural Rəhimli isə vurduğu zərəri ödəmək əvəzinə, bizə hüquq dərsi keçir. “Buyurun, məhkəməyə müraciət edin, təzminat davası açın, qazansanız, ödəyərəm”-deyir”.

Həkimin bu qədər özünə arxayınlığının hardan qaynaqlandığını anlamayan Hüseynovlar Azərbaycan Səhiyyə Nazirliyini məsələni araşdırmağa dəvət edir:

“Çünki Azərbaycanın ən məşhur saytlarında özünü reklam edən, ən riskli beyin əməliyyatları keçirməklə qürrələnən bu adamın başqalarının sağlamlığına da ciddi zərərləri ola bilər. Adi boyun yırtığı əməliyyatı edə bilməyən bir həkimin qarşısı indi alınmasa, daha çox vətəndaşlarımızı bizim günümüz gözləyir”.

Maraqlıdır ki, DTX-nin qospitalında əməliyyat keçirən Mahir Hüseynovun bu dövlət qurumuna heç bir aidiyyatı yoxdur. O, AZAL-da inspektor işləyir: “Artıq bir ilə yaxındır ki, işləmək qabiliyyətini itirən qardaşımın 3 övladı var. Bu uşaqların taleyi də bizi xeyli narahat edir. Dövlət qurumlarımızdan xahiş edirik ki, qardaşımın sosial vəziyyətini yaxşılaşdırmaq üçün konkret addımlar atsın”.

Heydər Oğuz

Ovqat.com

P.S. Yazıda ittiham obyektinə çevrilən Tural Rəhimli həkimin mövqeyini işıqıandırmaq üçün reklam səhifələrindən tapdığımız telefon nömrələrinə zəng etdik. Telefonlardan biri ümumiyyətlə işləmir, digərini isə özü söndürdü. Düşündük ki, həkim, yəqin, əməliyyatdadır, bir daha narahat etmək istəmədik. Mövqeyini açıqlamaq istəsə, onun fikirlərini oxuculara təqdim edə bilərik.

      

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın