Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Qara Qarayev”də ikimərtəbəli binaları söküb, 16 mərtəbəli binalar tikirlər – REPORTAJ, FOTOLAR

“Qara Qarayev”də ikimərtəbəli binaları söküb, 16 mərtəbəli binalar tikirlər – REPORTAJ, FOTOLAR

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən ikimərtəbəli binaların söküntüsünə başlanılıb.  
Musavat.com-un məlumatına görə, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 34 ünvanında yerləşən tikililərdən ikisi tam, digər biri isə yarımçıq formada sökülüb və hazırda orada da söküntü işləri davam etdirilir. Söküntü aparılan binalarda  yaşayan sakinlərin isə demək olar ki, hamısı köçürülüb. Yalnız tam sökülməyən bir binada köçürülməyən bir-iki ailə qalıb ki, onların da yaxın günlərdə köçürüləcəyi bildirilir.
Əldə etdiyimiz məlumata görə, ərazidə sökülən tikililərin yerində 16 mərtəbəli bina tikiləcək. İkimərtəbəli tikililərdə yaşayan sakinlərə də həmin binadan mənzillər veriləcək. Hazırda isə sakinlərə şəhərin digər yerlərində qalmaları üçün kirayə haqqı verilib. Ərazidə söküntü işləri davam etdirilir.
Onu da qeyd edək ki, sökülən binaların birində “Beynəlxalq Əlillər Cəmiyyəti”nin ofisi də yerləşir. Hələlik onların köçürülməsi ilə bağlı cəmiyyətin rəhbərliyi ilə danışıqlar aparılır.
Ərazidə tikinti işlərini “Vesta Construction” şirkəti aparır. Şirkətin əməkdaşından aldığımız məlumata görə, sökülən ikimərtəbəli binada yaşayan sakinlərin hər birinə yeni bina tikilənə qədər yaşamaları üçün şirkət tərəfindən kirayə haqqı verilib.
Kirayə haqqının məbləği sakinin sökülən köhnə mənzilinin ərazisinə uyğun təyin edilib. Yəni misal üçün 2 otaqlıda yaşayana 2 otaqlının, mənzili 3 otaqlı olana isə 3 otaqlının kirayə haqqı ödənilib. Şirkətin əməkdaşının sözlərinə görə, sakinlər verilən məbləğlə razılışıblar. Ərazidə daha bir binanın (yataqxananın) sökülməsi də layihəyə daxil edilib. Lakin hələ ki, yataqxananın söküntüsünə başlanılmayıb.
Yeni binanın nə zaman tikilib, başa çatacağı isə dəqiq məlum deyil. Hələ ki, tikinti işlərinə başlanılmayıb. Bina tam hazır olduqdan sonra sakinlərə paylanan mənzillər xaricində, digərləri satışa çıxarılacaq.
Onu da qeyd edək ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan ikimərtəbəlilərin yaxın beş il ərzində tam sökülməsi nəzərdə tutulub.
Xatırladaq ki, tikinti işləri ilə bərabər, Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişməsində ötən aydan etibarən sürətli təmir işləri də aparılır. Artıq söylədiyimiz küçələrin 600 metrlik hissəsi yüksək keyfiyyətlə təmir edilərək, vətəndaşların istifadəsinə verilib.
Sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraraq, asfaltlanıb, səkilərin və yolayrıcının kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yolayrıcı da inşa olunub.












Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın