Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Bağçalı Evlər” MTK narazılıq yaradır – ŞİKAYƏT

“Bağçalı Evlər” MTK narazılıq yaradır – ŞİKAYƏT

Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”.
Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik.
Həccə getmək – nəfsinə sahib olmaq deməkdir. Hacı – haramdan uzaq olmalıdır. İnsanların haqqını yemək, ah – naləsini qazanmaq ən azı… Əgər xatırlayırsınızsa, Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Mən hacılar tanıyıram ki, nanayçılarla gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Bir “hacı”nı da tanıyırdım. Vaxtilə vəzifədə idi. Elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana belə yazığım gəlir.Bu yaxınlarda bir Hacı haqqında da eşitdim və onun adı ilə bağlı məkanda qanunsuzluqların şahidi oldum. Onun yaxşı, yaxud pis hacı olması haqqında bir söz demirəm. Yəqin ki, yazdıqlarımı oxuduqdan sonra oxucular onun haqqında özləri nəticə çıxaracaqlar. Haqqında söhbət açmaq istədiyim hacı “Əlincə” futbol klubunun təsisçisi Hacı Məhərrəm Novruzovdur.

Hacı Məhərrəm Novruzov kimdir?

Səmimi deyim ki, Hacı Məhərrəm Novruzovu şəxsən tanımıram. Onun haqqında mətbuatdan oxuduqlarımı bilirəm, bir də bir makler – qadın alverçisi olan birinin dilindən onun adını çox eşitmişəm. Kim bilir, bəlkə də, onun adından şeytanlıq edib yalandan istifadə edirlər, ya da onun baş verən hadisələrdən xəbəri belə yoxdur. Mətbuatdan öyrəndiyimə görə Hacı Məhərrəm Novruzov əslən Naxçıvanlıdır. Masazırda bina tikintisi ilə məşğul olur, futbola sərmayə yatırır, stadion, məktəb tikdirib. Bir vaxtlar mətbuata öz mətbuat rəhbərini işdən çıxarmaqla gəlib Hacı Məhərrəm, sonra Qurtuluş 93-də açdığı məktəbin direktoru olan qızı Səidə Kəlbalıyeva ilə.

Günxəbər.com saytından əldə etdiyim məlumata görə, Hacı Məhərrəmin qızı Bakıda yaşaya – yaşaya Naxçıvan Özəl İnstitutunun əyani şöbəsini bitirib. Sonra atasının açdığı məktəbə direktor təyin olunub. Hətta Hacı qızının məktəbdə dərslərin hərraca çıxma xəbərləri belə yayılsa da, nədənsə mən buna inanmaq istəmədim. Yox, Hacı qızı bunu etməz, çörəyinə haram qatmaz. Xalqının rifahı naminə çalışan Hacı Məhərrəm Novruzov da buna imkan verməz. Fikirləşdim ki, yəqin Hacı Məhərrəm Novruzovun düşməni çoxdur, odur ki, onun adını qadın alveri ilə məşğul olan makler də hallandırır, onu sevməyənlər də. Lakin canlı şahidi olduğum bir hadisədən sonra əmin oldum ki, Hacı Məhərrəm Novruzovun ayağının altını qazanlar elə onun inandığı adamlardır. Yəni, inanıb, isti ofisində yer edib oturtduqları elə Hacı Məhərrəm Novruzova əsl düşməndirlər.
“Bağçalı evlər” MTK-məhkəmə qanunlarını saymır.
Bu yaxınlarda “Bağçalı evlər” MMc-də baş verən qanunsuzluq bir daha sübut etdi ki, Hacı Məhərrəm Novruzovu qaralamaq istəyənlər elə onun özünün çörək verdiyi şəxslərdir. Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 2” yaşayış massivi ev 7b, mənzil 17 ətrafında baş verən hadisələrdən belə məlum oldu ki, “Bağçalı evlər” ofisinin əməkdaşları üçün məhkəmə qərarları və Qərardadları heç nədir. Belə ki, Əliyeva Aytac Rasim qızı Əliyev Əjdər İlqar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 2 yaşayış massivində yerləşən ev 7b, mənzil 17-yə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əliyeva Aytacın vəkili Gürsel Atakişiyev ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq Abşeron rayonu, “Bağçalı Evlər” MTK-ya məxsus yaşayış kompleksində yerləşən 7b saylı binanın 17 saylı 1 otaqlı mənzil müqaviləsinin başqa şəxslərin adına dəyişdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Abşeron rayonu 08 dekabr 2015-ci il qərardadına əsasən göstərilən ünvandakı müqaviləsinin başqa şəxslərin adına dəyişdirilməsi qadağan edilmişdir. Qərardadda yazılır:
Qərara aldı:
Cavabdeh Əliyev Əjdər İlqar oğluna məxsus olan Abşeron rayonu, “Bağçalı Evlər” MTK-ya məxsus yaşayış kompleksində yerləşən 7b saylı binanın birinci blokunda 4-cü mərtəbəsində 1 otaqlı, sahəsi 50,8 kv.m olan 17 saylı mənzilə dair müqavilənin başqa şəxslərin adlarına dəyişdirilməsi mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehə və başqa şəxslərə qadağan edilsin. Qərardadın icrası Abşeron Rayon İcra Şöbəsinə və “Bağçalı Evlər” MTK-ya həvalə edilsin. Qərardad dərhal icra edilsin.”
Qeyd edək ki, Qərardad “Bağçalı Evlər” MTK-ya icra üçün təqdim edilmiş, onlar da Qərardadı aldıqlarını öz imzaları ilə təsdiq etmişdilər. Sözsüz ki, həmin sənədlər məhkəmədə qalır. Lakin nədənsə və ya hansısa şəxslərin nəfsinin çoxluğundan həmin sənədlər ” Bağçalı Evlər”MMC-nin ofisində yoxa çıxır.
Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il Qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 mart 2016-cı il Qətnaməsi qət etmişdir ki, Əliyeva Aytac Rasim qızı azyaşlı övladı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 2” yaşayış massivi, ev 7B ünvanında yerləşən 17 saylı mənzilə köçürülsün.
26 avqust 2016-cı il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi Abşeron Rayon Məhəmə icrası şöbəsinin icra məmuru Murtuzov Fəqan Əfqan oğlu, icra məmuru Şirinov Vüsal Rəfail oğlu, polis mayoru Hüseynov Samir Aydın oğlu, polis – serjantı Məmmədov Seymur Əliəşrəf oğlunun iştirakı ilə icra olunmuş və Əliyeva Aytac Rasim qızı övladı ilə yuxarıda qeyd olunan mənzilə köçürülmüşdür.
Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
“Bağçalı Evlər” MTK-nın hüquqşünası hara baxır?
Hazırda Abşeron Rayon Məhkəməsində “Qurtuluş 2” yaşayış massivi, ev 7b, mənzil 17 ətrafında məhkəmə prosesləri davam edir. Məhkəmə Qərardadına görə həmin mənzilə dair müqavilənin başqa şəxslərin adına dəyişdirilməsi mübahisəyə mahiyyəti üzrə baxıb qurtaranadək Əliyev Əjdərə və başqa şəxslərə qadağan edilmişdir. Lakin əfsuslar olsun ki, məhkəmənin Qərardadının icrası üçün “Bağçalı Evlər” MTK-sında imza atılsa da, Hacı Faiq Süleymanov, oranın hüquqşünası və ofisin bir çox məsul işçiləri bu Qərardadı və Azərbaycan qanunlarını saymamış, mübahisəli mənzilin müqaviləsini dəyişərək Əliyev Əjdər İlqar oğlunun adından Əliyeva Rasimə Qarakişi qızının adına keçirmişlər. Bu azmış kimi, məhkəmə tərəfindən onlara bu evlə bağlı göndərilmiş bütün qərar və Qərardadları müəmmalı şəkildə guya itirmişlər. Həmçinin Əliyev Əjdər atası Əliyev İlqarla əlbir olaraq yenidən evin qapısının açarını dəyişmiş, Əliyeva Aytacı övladı ilə birlikdə hüquqlarını pozmuş, məhkəmə qanunlarını heçə saymışdır.
Hazırda Əliyev Əjdər İlqar oğlu, atası Əliyev İlqar Əjdər oğlu, anası Əliyeva Rasimə Qarakişi qızının məhkəmə qanunlarını pozduqları ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edilmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsində “Bağçalı Evlər” MTK-nın məhkəmə Qərardadını pozması ilə bağlı da iddia qaldırılıb.
“Bağçalı Evlər” MTK-nın nümayəndələri ilə söhbət zamanı məlum oldu ki, Əliyev Əjdər onlara subay olması ilə bağlı sənəd təqdim etdiyi üçün, evi öz anasının adına sənədləşdiriblər. Deməli, Əliyev Əjdər İlqar oğlu , atası Əliyev İlqar Əjdər oğlu və anası Əliyeva Rasimə Qarakişi qızı dələduzluq edərək “Bağçalı Evlər” MTK-nı qrup .əklində aldatmış, istəklərinə nail olmuşlar. Həmçinin sözsüz ki, adı çəkilən MTK-da kimlərsə maddi maraq güdmüşlər ki, məhkəmə qərar və Qərardadlarını qəsdən itirmiş, bu dələduzlarla əlbir olmuşlar.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, sənədlərin saxtakarlıqla dəyişdirilməsi dələduzluqdur. Bu dələduzluğun bir neçə şəxs tərəfindən həyata keçirilməsi isə qrup şəklində dələduzluqdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1- yəni, Dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, 178.2- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 178.2.4- xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək həbs oluna bilərlər. Deməli başda Əjdər Əliyev və onun ailəsini dələduzluğa görə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Məni düşündürən isə başqa məqamdır. Əcəba “Bağçalı Evlər” MTK-da bu qanunsuzluqları edərək, məhkəmə qanunlarına, Azərbaycan qanunlarına hörmətsizlik edənlərdən kim Hacı Məhərrəm Novruzovun ayağının altını qazıyır ki, onun sahib olduğu ofisdə bu cür qanunsuzluqlar edir? Kimlər Hacı Məhərrəmin çörəyini yeyib, arxadan ona daş atır?
Əliyevlər ailəsi Hacı Məhərrəmlə yaxın münasibətdə olduqlarını deyirlər. Sonra da iddia edia edirlər ki, guya o dələduzluğu həyata keçirmək üçün 5 min manat rüşvət ödəyiblər. Bizlər isə buna inanmaq istəmirik. Bildiyimiz budur Hacı Faiq ” Bağçalı Evlər” MMC-yə bir neçə aydır ki, rəhbərlik edir. Lakin oranın hüquqşünası var. Əcəba nədən o həmin qanunsuzluqları etməyə göz yumub? Bundan əlavə, Əliyeva Aytacın səlahiyyətli nümayəndəsi oranın hüquqşünasına məhkəmə sənədlərini təqdim etsə də, nədənsə hüquqşünas bu sənədləri Hacı Faiqə təqdim etməyib. Görəsən nədən və niyə?
Son söz əvəzi…
Çox qəribədir ki, son zamanlar bir çox pullular, iş adamları obyekt açıb onu öz şilləvuranlarına işlədirlər. Bu gün artıq nanayçıların da şillə vuranı var, dələduzların da, vəzifə sahiblərinin də. Şilləvuranlar dəstəsi yaratmaq artıq dəbə minib. Elə bir məqam yetişib ki, artıq itlər adamları dişləmir, şilləvuranlar itləri dişləyir. Sonra itlər veterinarlara gedirlər ki, görsünlər onları dişləyən şilləvuranlar quduz imiş, yoxsa yox? İtlər də anlayırlar ki, əgər onları şilləvuranlar dişləsə, quduzlaşa bilərlər. Əgər şilləvuranlar quduz olmasa, onu yanında heç kim saxlamaz.
Hacı Məhərrəm Novruzovun “Baxçalı Evlər” MTK-sında şilləvuranların olub-olmaması haqqında məlumat verə bilmərik. Amma bildiyimiz budur ki, orada Azərbaycan qanunlarını təhqir edib, heçə sayan, dələduzlarla əlbir olub saxta sənədlərə imza atanlar var. Azərbaycanda qanun Şahdır. Azərbaycan qanunlarına qarşı dələduzluq edənlər, onu hərraca çıxaranlar isə sözsüz ki, cəzasız qalmayacaqdır. Çünki, qanun qapazı elə ağırdır ki, heç kəs bu ağırlıqdan ayağa qalxa bilmir.
Çinarə VÜQAR
“Gündəmxəbər” qəzeti

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın