Cümə , İyul 19 2019
Ana səhifə / Gündəm / Avropanın Suriya qaçqınları naminə təhlükəli Türkiyə planları

Avropanın Suriya qaçqınları naminə təhlükəli Türkiyə planları

Aqşin Əliyev: “Ərdoğanın irəli sürdüyü şərtlərin qəbul olunması Türkiyəni gələcək faciələrdən sığortalaya bilər”

“Həmin qaçqınların Türkiyəni tərk edəcəyi sual altındadır”

Hazırda Türkiyədə 2 milyon 27 min 981 nəfər suriyalı qaçqın yaşayır. Türk mətbuatının verdiyi məlumata görə, Türkiyənin 10 müxtəlif vilayətində qurulan 25 konteyner və çadır şəhərciyində 60 min konteyner və çadırda 260 min qaçqın yaşayır.
Müvəqqəti məskunlaşma yerlərində 80 min şagirdə təhsil verilir, təxminən 60 min gənc üçün müxtəlif sahələr üzrə kurslar keçirilir.
Suriyalı qaçqınlara BMT-dən 304 milyon dollar, Avropa İttifaqının tərkibində yer alan ölkələrdən isə bütövlükdə 1,5 milyon dollarlıq yardım edilir.
Son zamanlar isə həmin miqrantların bir hissəsi Avropaya üz tutub. Lakin belə görünür, Avropa onları artıq qəbul etməkdən boyun qaçırır. Belə ki, bir sıra Avropa dövlətləri, iqtisadi çətinlikləri bəhanə gətirərək, həmin mühacirləri qəbul edə bilməyəcəklərini bəyan edir. Bu fonda görünür ki, müharibə dəhşətlərindən qaçan suriyalılar yenə də əsas sığınacaq yeri olaraq Türkiyəni seçəcək. Çünki Avropa Birliyi qaçqınları Türkiyədə yerləşdirməklə bağlı niyyətini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə miqrant böhranı ilə bağlı Avropa İttifaqının rəsmiləri ilə danışıqlar aparacaq. Türkiyə rəsmiləri bəyan edir ki, qaçqınları müəyyən şərtlərə əməl olunması müqabilində ərazilərində yerləşdirə bilərlər.
Müzakirələr zamanı Avropa İttifaqı rəsmilərinin Türkiyədə düşərgələr üçün daha çox maliyyə yardımı təklif edəcəyi gözlənir. Ərdoğanın isə Suriyada müharibənin dayandırılması üçün Aİ-nin daha geniş iştirakında təkid edəcəyi bildirilir. Türkiyə KİV-nin verdiyi məlumata görə, Avropa İttifaqı rəsmiləri düşərgələrin daha yaxşı olacağı və qaçqınların səhiyyə xidmətinin, iş yerlərinin olması halında sığınacaq axtaranların Türkiyədə qala biləcəyinə ümid edir.
Avropa İttifaqınin, həmçinin, qaçaqmalçılarla mübarizə aparmaq üçün sahil boyu Türkiyənin patrul xidmətinə kömək etmək hüququ tələb edəcəyi də gözlənir. Avropa İttifaqı, maliyyə yardımı ilə yanaşı, türkiyəli yolçular üçün viza məhdudiyyətlərinin aradan qaldırılması prosesini sürətləndirmək və daha çox suriyalının Avropaya köçürülməsi barədə təkliflər də edə bilər.
Ərdoğan Fransanın Strasburq şəhərində Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdən sonra jurnalistlərə, həmçinin, Avropa İttifaqına üzvlükdən danışıb.
“Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəddir. Biz regional məsələlər ətrafında müzakirələr aparmalıyıq. Avropa İttifaqının gələcəyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Mən Tuskla görüşdə bir daha qeyd etdim ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü bizim strateji seçimimizdir. Xüsusi diqqət isə viza rejiminin ləğvinə yönəldilməlidir”, – deyə Ərdoğan bildirib.
Suriya böhranının perspektivdə coğrafi anlamda daha böyük ərazilərə yayıla biləcəyi ehtimalı da istisna deyil. Avropa bəyan etdi ki, Suriyadan 2 milyona qədər qaçqını qəbul etmək iqtidarındadır. Amma sonradan Avropa ölkələri, bunun yarada biləcəyi problemləri nəzərə alaraq, öz vədlərindən geri çəkildilər.
ABŞ da ilk əvvəl qaçqın suriyalılara 8 milyard dollar məbləğində yardım edəcəklərini bəyan etsə də, hələlik bu istiqamətdə real addım atılmayıb. Türkiyənin Suriya ilə həm sərhəd oldması və Rusiyanın İŞİD-lə mübarizə adı altında həmin sərhəd əraziləri də bombalamağa başlaması bu ölkədəki böhranı daha da ağırlaşdırıb. İndi əsas kontekstdə olan məsələ Suriya böhranının Türkiyə üçün doğura biləcəyi problemlərdir. Türkiyə gözəl başa düşür ki, Avropa Birliyi Suriya məsələsində götürdüyü öhdəliklərdən bilavasitə kənara çəkiləcəksə, bu böhran bütün ağırlığı ilə Türkiyə dövlətinin üzərinə düşə bilər. Ona görə də Türkiyə Avropaya Rusiya ilə danışıqlara getməyin vacib olduğunu bəyan edib. Eyni zamanda, Türkiyə Əsəd rejiminin hakimiyyətdən getməsini istəyir.
Sadalanan şərtlər yerinə yetirilmədən suriyalı qaçqınların Türkiyədə yerləşdirilməsi həmin ölkə üçün nə vəd edə bilər?
Miqrasiya üzrə ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyədə onsuz da 2 milyondan artıq qaçqın məskunlaşəb: “Suriya böhranının perspektivdə coğrafi anlamda daha böyük ərazilərə yayıla biləcəyi ehtimalı da istisna deyil. Avropa bəyan etdi ki, Suriyadan 2 milyona qədər qaçqını qəbul etmək iqtidarındadır. Amma sonradan Avropa ölkələri bunun yarada biləcəyi problemləri nəzərə alaraq öz vədlərindən geri çəkildilər.
ABŞ-da ilk əvvəl qaçqın suriyalılara 8 milyard dollar məbləğində yardım edəcəklərini bəyan etsə də, hələlik bu istiqamətdə real addım atılmayıb. Türkiyə gözəl başa düşür ki, Avropa Birliyi Suriya məsələsində götürdüyü öhdəliklərdən bilavasitə kənara çəkiləcəksə, bu böhran bütün ağırlığı ilə Türkiyə dövlətinin üzərinə düşə bilər. Ona görə də Türkiyə Avropaya Rusiya ilə danışıqlara getməyin vacib olduğunu bəyan edib. Eyni zamanda, Moskvadan xahiş edir ki, Türkiyə ərazisindən Suriyadakı qüvvələrə hava zərbələri endirməsinin qarşısını alsın. Bütün bunları etmədən Türkiyə növbəti qaçqın dalğasını qəbul etməkdə çətinlik çəkir.
Avropa həmin qaçqınları ona görə Türkiyədə yerləşdirmək istəyir ki, onlara nəzarət edə bilsin. Fikirləri əsasən bundan ibarətdir ki, həmsərhəd ərazidə yerləşdirilən qaçqınların sonradan öz yerlərinə qaytarılması asan olar. Ancaq bu dəqiq proqnoz deyil. Dünyada ömrü 50-100 il qədər uzanan münaqişə ocaqları var. Yəni həmin qaçqınların Türkiyəni tərk edəcəyi sual altındadır. Rəqəm də az deyil. Bir neçə milyon adamın problemini ödəmək, onları nəzarətdə saxlamaq heç də asan olmayacaq. Bu baxımdan da, Ərdoğanın irəli sürdüyü şərtlərin qəbul olunması Türkiyəni gələcək faciələrdən sığortalaya bilər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın