Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Şəmkirdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə görüş keçirildi

Şəmkirdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə görüş keçirildi

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı Sosial Reabilitasiya Mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində aprel ayından bir sıra fəaliyyətlərə başlamışdır.

Azinforum.az-ın məlumatına görə, Təşkilat 30 aprel 2015-ci il tarixində sağlamlıq imkanları məhdud uşaqlar, onların ailələri, regional QHT və dövlət nümayəndələrinin iştirakı ilə layihənin təqdimat mərasimini keçirib. Tədbir zamanı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası, yaxud inteqrasiyasının dəstəklənməsində icmanın rolunun artırılmasının, xüsusilə valideynlərin və təhsil işçilərinin bu sahədə rolunun artırılmasının əhəmiyyəti vurğulanıb. Sağlamlıq imkanlarından asılı olmadan hər bir uşağın cəmiyyətin bir parçası olub, hər kəsin bərabər yaşama hüquqlu olduğu fikrinin geniş əhaliyə çatdırılmasının və həmin uşaqlarda motivasiyanı artıraraq cəmiyyətə yararlı vətəndaş qazandırmağın mümkün olduğu qeyd edilib. May ayından etibarən icraçı təşkilat digər tədbirlər planının icrasına başlayıb. Belə ki, sağlamlıq imkanları məhdud uşaqların qeydiyyatı, onların valideynləri ilə bir sıra məlumatlandırıcı sosial-psixoloji tədbirlərin, uşaqların ehtiyacları öyrənilərək, müvafiq kursların təşkili işinə start verilib.

Şəmkir Heydər Əliyev Mərkəzində Beynəlxalq Uşaq Günü münasibətilə təşkil edilmiş bayram şənliyində uşaqlara hədiyyələr paylanıb. İyul ayından etibarən reabilitasiya proqramının dəstəklənməsi məqsədilə uşaqlara fərdi sessiyalar şəklində loqoped xidməti göstərilir. Kursların həftədə iki dəfə peşəkar mütəxəssis tərəfindən təşkili Şəmkir bölgəsində qeydiyyatda olan bütün sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulur. Loqoped kurslarından bu günədək ümumən 40 uşaq faydalanıb. Uşaqların kursa başladığı vaxtdan etibarən nitq problemlərinin azalması faktı artıq valideynləri tərəfindən də müşahidə olunmaqdadır.

Sentyabr ayından etibarən isə sağlamlıq imkanları məhdud uşaqlar üçün kompüter kursları fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, İT anlayışı olmayan uşaqlar hazırda kompüterdə işləmək üçün ilkin bacarıqları əldə ediblər.

Layihənin effektivliyinin artırılması məqsədilə Şəmkir Heydər Əliyev Mərkəzində layihə heyəti və Şəmkir Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi tərəfindən valideynlərlə görüş təşkil edilərək, onların təklifləri dinlənilib, ehtiyacları öyrənilib. Problemlərin aradan qaldırılması üçün birgə müzakirələr və təkliflər səsləndirilib.

Layihənin icrası ilin sonunadək davam edərək, başlanmış işlərin davamı və reabilitasiya xarakterli bir sıra digər tədbirlərin icrasını nəzərdə tutur.

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi, “Şəmkir şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı Sosial Reabilitasiya Mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsinin icrasını Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi və Şəmkir Heydər Əliyev Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın