Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Gündəm / ANIMASIYA: uşaqları tərbiyə metodlarından biri, yoxsa aqressivliyin təlqini?

ANIMASIYA: uşaqları tərbiyə metodlarından biri, yoxsa aqressivliyin təlqini?

Milli cizgi filmlərimiz kəmiyyət və keyfiyyət baxımından ciddi böhran yaşayır

Animasiya filmlərinin uşaqların formalaşmasında oynadığı rol bəzən valideyn, tərbiyəçi və ya məktəb təsirindən də artıq olur. Yəni, düzgün istiqamət seçilsə, bu filmlər vasitəsilə uşaqları daha effektli tərbiyə etmək mümkündür. Çünki uşaq lap körpə vaxtından gözünü televizor ekranına zilləyir, oradakı hər hərəkət, hər rəng onun diqqətini çəkir. Cizgi filmindəki personajlar nümunə, ibrət götürüləsi obyekt olur və uşaq onlara bənzəmək istəyir.
Təəssüflər olsun ki, Azərbaycan animasiya filmlərinin istehsalı sahəsində xeyli geridə qalır. Bunu mütəxəssislər də təsdiqləyirlər. Animasiya (cizgi filmi) kino sənətinin əsas növlərindən sayılır. Animasiya kinosu, yəni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Burada fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayırlar. Artıq bu sahədə yeni texnologiyalar, kibernetik maşınlar da geniş tətbiq edilir. Yeni texnologiyalara əsaslanan animasiya filmləri kompüter animasiyası adlanır. Bu cür filmlər hazırda dünyada çox geniş yayılıb və sürətlə inkişaf etməkdədir. Bədii xüsusiyyətləri ilə yanaşı, yüksək texniki inkişafı da özündə əks etdirən cizgi filmləri dünya kino bazarında həm də kifayət qədər gəlir gətirən sahədir.

“Abbasın bədbəxtliyi” ilə başlayan tarix

Azərbaycan isə bu sahədən demək olar ki, heç bir gəlir götürmür. Çünki hələlik ölkədə cizgi filmləri bazarı yoxdur. Bununla belə, Azərbaycan cizgi filmlərinin öz tarixi var. Hələ 1933-cü ildə “Azərbaycanfilm” studiyası tərəfindən kinonun bu növünün inkişafı üçün Moskvadan lazımi materiallar alınmışdır. Onlar həmin il “Lökbatan” və “Neft simfoniyası” adlı sənədli filmləri çəkərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film 1938-ci ilə qədər ümumittifaq ekranlarında nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı.
Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Popov yazdı. Nəticədə 1935-ci ildə “Abbasın bədbəxtliyi” adlı cizgi filmi ərsəyə gəldi. Bu tarix həm də Azərbaycanda animasiya filmlərinin yaranma tarixi hesab edilir. Sonra Böyük Vətən müharibəsi ilə əlaqədar bu sahədə bir durğunluq yaşandı. 1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olunanda onun istifadəyə verilməsinə və animasiya üzrə kadrların hazırlanmasına, eyni zamanda, bu filmlərin istehsalı prosesinə razılıq verildi. Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalı başa çatdırıldı. Film uzun müddət kinoteatrların proqramından düşmədi. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.
Sonrakı dövrdə onlarla cizgi filmi istehsal olundu. Bunlara “Ayı və siçan”, “Şir və öküz”, “Fitnə”, “Cücələrim”, “Tülkü həccə gedir”, “Toplan və kölgəsi”, “Sonrakı peşmançılıq”, “Sehrlənmiş küpə”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Balaca çoban”, “Cırtdan və div” və digər animasiya filmlərini aid etmək olar. XX əsrin 90-cı illərində isə “Azanfilm” tərəfindən 19 cizgi filmi çəkildi. Bunların arasında “İthaf”, “Oda”, “Sərkəyin dastanı”, “Göyçək Fatma” və s. filmlər maraqlı ekran əsərləri hesab olunur.
Bu sadalanan animasiyalar artıq tarixə çevrilib. Bəziləri ya mövzu, yaxud da qrafika baxımından arxivləşib. Artıq yerli televiziya kanalları da bəzi istisnalarla köhnə cizgi filmlərinə yer ayırmırlar. Əvəzində əcnəbi ölkələrin çəkdiyi animasiya filmləri dublyaj edilərək yayımlanır. Ən yaxşı halda isə televiziya ekranlarında heç bir cizgi filmini görə bilmirik.
Nəticədə uşaqlı evlərdəki ekranlar xarici kanallara köklənir. Bunun isə mənfi, eyni zamanda təhlükəli nəticələri də olur. Bu barədə mütəxəssislər danışacaq. Onlar həmçinin bu sahədəki problemlər, əngəllər, eyni zamanda çıxış yollarını göstərməklə yanaşı, cizgi filmlərinin uşaqların həyatındakı rolundan da bəhs edəcəklər.

Körpələrimiz kütləvi surətdə yad təsirlərə məruz qalır

“Azanfilm” animasiya filmləri çəkən yeganə dövlət hesablı studiyadır. “Azanfilm”in direktoru vəzifəsini icra edən Müşfiq Hətəmov qeyd etdi ki, uşaqlara məhz yaş dövrünə uyğun informasiya verilməsi artıq bütün dünyada gündəmdə olan müzakirə mövzusudur: “İnkişaf dövründə metodik qaydalara əsasən uşaqların zövqünün formalaşmasında, onlara informasiyanın verilməsində uşaq teatrları və cizgi filmlərinin rolu əvəzsizdir. Sərhədlərin açıldığı, sərbəst informasiya axınının olduğu bir dövrdə mənfi informasiyaları neytrallaşdırmaq və uşaqların tərbiyəsini formalaşdırmaq üçün hazırda bizim cizgi filmlərinə böyük ehtiyacımız var. Sovetlər biriliyi vaxtı Çexoslovakiyada 2500-ə yaxın kukla teatrı vardı. Onlardan 10-15-i dövlət teatrı olub, qalanı məktəblərdə fəaliyyət göstərib. Yəni artıq başa düşülürdü ki, cizgilərin dili ilə verilən tərbiyə uşaqların formalaşmasında daha çox effekt verir, nəinki valideynlərin, yaxud müəllimlərin söylədiyi sözlər. Əfsuslar olsun ki, sovetlər birliyi dağıldıqdan sonra bu sahə təkcə bizdə yox, bütün MDB ölkələrində özünün tənəzzül dövrünü yaşadı”.
M.Hətəmov qeyd etdi ki, studiyada dövlət tərəfindən ildə 5-10 dəqiqəlik bir film çəkilir. Bu filmin hər bir saniyəsi həddən artıq vəsaitlə yanaşı, yüksək texnoloji imkan və bilikli kadr tələb edir. Bunlar isə bizdə kifayət qədər yoxdur: “Bu vəzifə artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarşımıza qoyulub. Çünki biz öz filmlərimizi çəkməliyik, uşaqlarımıza öz tərbiyəmizi verməliyik. Əcnəbi ölkələrdə cizgi filmlərinin bazarı var. Ona görə istehsal da böyükdür. Biz də çalışırıq ki, bu sahədə ilk addımlarımızı ataq”.
Televiziya kanallarının studiyalarla əməkdaşlığına, hər hansı bir cizgi filminin sifariş olunub-olunmadığına gəldikdə isə M.Hətəmov vurğuladı ki, nədənsə televiziyaların kino deportamentinin müdirləri işlərinə məsuliyyətlə yanaşmırlar. Onun sözlərinə görə, təkcə yerli deyil, xarici filmləri göstərəndə də peşəkarlıq lazımdır. Əfsuslar olsun ki, bu kimi səbəblərdən bizim televiziyalarla əlaqələrimizdə problemlər yaranır. Bizə bəzən müraciətlər olur, amma onlar peşəkar olmadıqları üçün nə istədiklərini bilmirlər”.
Animasiya filmləri üzrə mütəxəssis Elçin Hami Axundovun sözlərinə görə isə son dövrlər uşaqların zövqünü oxşayan heç bir bədii və animasiya filmi çəkilməyib. Nəticədə uşaqlar xarici animasiya filmlərinə baxmağa məcbur olurlar. Bu da onların psixologiyasında, milli ruhda böyüməsində əngəllər yaradır. Sovet dövründə bütün animasiya studiyaları kurs açırdı. O kurslara 20-30 nəfər gənc rəssam qəbul edirdilər. Kursu bitirənlərdən 3-4 nəfəri animatorçu olurdu, yerdə qalanı isə animasiya filmləri sahəsində işləyirdi.
E.Axundov bildirdi ki, əcnəbi filmlər uşaqların adət-ənənələrimizdən uzaqlaşmasına səbəb olur: “Filmi yaratmaq üçün kadr lazımdır və o kadr da bizdə yoxdur. Animatorla bərabər, burada rəngkar rəssam, cizgiçi rəssam, fon rəssamı, antraj rəssamı lazımdır. Yaxşı rəssamlarımız var, ancaq onlar da animasiyanın nə olduğunu bilmirlər. Rusiyada da filmlər çox zəif idi. Kinonu inkişaf etdirmək üçün varlı insanların gəlir vergisi bir şərtlə ləğv edildi ki, onlar filmlərin çəkilişini maliyyələşdirsinlər. Beləliklə, Rusiyada film sənayesi inkişaf etdi. Bununla bərabər, animasiya filmləri də dirçəldi. Ancaq bizdə zəngin insanlar bu sahəyə pul verməyə ürək etmirlər, çünki maliyyə investisiyasının batmaq ehtimalı var”.
“Birlik” studiyasının direktoru, əməkdar incəsənət xadimi Firəngiz Qurbanova isə bildirdi ki, bu gün animasiya sahəsində nəinki rəssamlıq, ümumiyyətlə bütün işlər çox pis təşkil olunur. Nə məktəb var, nə də bir məşğələ. Bu sahəylə bağlı bir fakültə açılmalıdır ki, orada gənclər rəssamlığı, qrafikanı, animasiyanın sirlərini öyrənsinlər. Məsələ ciddi nəzarətə götürülməlidir: “Bu sahədə mütəxəssislər qalmayıb. Animasiyanı yenidən dirçəltmək üçün peşəkar kadrlar lazımdır, gənclər yetişdirilməlidir. İstedadlı gənclər çoxdur. Onları tapıb bir araya toplamaq lazımdır. Bizə imkan yaradılsa, gözəl animasiyalar çəkərik, eyni zamanda, bunu xaricdə təqdim edərik. Lakin hazırda elə münasibət bəslənilir ki…”.
Firəngiz xanım dedi ki, studiya tərəfindən indiyədək 20-ə yaxın film çəkilib. Onların hər biri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilib. Hamısı da xarici festivallar üçün nəzərdə tutulub: “Bu elə bir sahədir ki, bir ilə 10 dəqiqəlik film ancaq çəkilir. Sifariş olsa, ildə iki film də çəkmək olar. Teleşirkətlərlə də hər hansı bir işbirliyimiz yoxdur. Bizdə prodüser olsaydı, işimiz daha təkmil qurulardı. Bu məsələni tənzimləyən, animasiya menecmentliyini bilən mütəxəssis yoxdur. Ancaq nazirlikdən sifariş gözləyirik. Sifariş olmayanda işləmirik. Çünki animasiya filminin bir dəqiqəsi 10 min manata başa gəlir. Bu xərcləri adi bir studiya qarşılaya bilməz”.

Psixoloqlar həyəcan təbili çalır

Xarici cizgi filmlərinin uşaqların psixi inkişafına, əqli düşüncəsinə təsirini nəzərə alıb psixoloqa da müraciət etdik. Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva təsdiqlədi ki, bu gün xaricdən gələn bəzi cizgi filmləri Azərbaycan uşaqlarına stress, qəddarlıq və aqressiyadan başqa heç nə vermir: “Uşaqlar var ki, televizorda gördükləri real olmayan səhnələri həyatda tətbiq etməyə çalışırlar, yaxud filmdə səslənən ifadələri öz nitqlərində işlədirlər. Fikrimcə, kinematoqraflar, psixoloqlar, yazıçılar və digər mütəxəssislər yığışıb özümüzün milli etno-psixologiyamıza əsaslanan cizgi filmləri hazırlamalıyıq. Digər tərəfdən, həmin əcnəbi filmlər uşaqları bizim ənənələrə yox, yad dəyərlərə kökləyir. Biri mənim nəvəm, bir də görürsən elə hərəkətlər edir, elə sözlər danışır ki, mən dəhşətə gəlirəm. Axı bu uşaq bu sözü haradan bilir, bizim dilimizin lüğət tərkibində belə sözlər yoxdur… Sonra məlum olur ki, hansısa cizgi filmindən öyrənib. Yabançı filmlərin hamısı bizim uşaqlara tamamilə yad ünsürləri aşılayır. İstənilən halda uşaq valideyn nəzarətindən kənar televizorun qarşısında oturmamalıdır. Əgər uşağının əlavə asudə vaxtı varsa, valideyn onu idmana, yaxud musiqiyə yönəltsin”.
Psixoloq əlavə etdi ki, davamlı şəkildə milli ruhdan uzaq olan cizgi filmlərinə baxan uşaqlarda tamamilə yadlaşma prosesi gedir. Bundan başqa, həmin filmlər onların səhhətinə, psixi inkişafına həddindən artıq ziyandır. Həmçinin uşaqlar oturaq vəziyyətdə çox qaldıqlarından fiziki inkişaf da mənfiyə doğru gedir.
Uşaq psixologiyası üzrə mütəxəssis Fidan Azərqızı da hesab edir ki, körpələr ən güclü tərbiyə mənbəyinə çevrilən televiziyaların birbaşa təsiri altındadırlar. Onlar televiziyadan həm müsbət, həm də mənfi yönümdə xüsusiyyətlər əxs edir və formalaşma prosesində yanlış istiqamətə meyillənə bilirlər: “Uşaqlar televiziya vasitəsilə ən çox məhz animasiyalarla ünsiyyətdə olurlar. Əhəmiyyətli olan televiziyanın doğru və şüurlu formada istifadə edilməsidir. Bu mövzuda valideynlərə əhəmiyyətli vəzifələr düşməkdədir. Öncə onlar övladlarının hansı yaş döründə televiziya izləmələrinə şərait yaratdıqlarına diqqət etməlidir. Çünki ən böyük səhvlərdən biri də yaş dövrünə əhəmiyyət vermədən uşaqları erkən vaxtdan cizgi filmləri izləməyə vadar etməkdir. Bunun nəticəsində isə uşaqlarda diqqət əskikliyinin təməli qoyulur və qavrama problemləri yaranır. Uşaqlar 18 aylarından etibarən televiziyadan gələn stimulları qısa zamanlı da olsa anlayırlar, 2 yaşlarından sonra isə fəal “tamaşaçıya” çevrilirlər. Xüsusən, bu yaşdan etibarən valideynlər uşaqların cizgi filmlərini izləmə vaxtını tənzimləməlidir. Məsələn, 2-3 yaş arası uşaqlar üçün bu müddət gün ərzində maksimum 20 dəqiqə olmalıdır. Həmçinin bu cizgi filmlərinin süjet xətti 3-5 dəqiqə təşkil etməlidir. Əks halda, uzun sujetli cizgi filmlərini sona qədər izləyə bilmədiklərindən uşaqların düşüncələrində hadisələr tamamlanmır və bu da uşaqların davranışında aqressiyanın yaranmasına gətirib çıxarır”.
Digər ölkələrin bizə yad olan dəyərlərinin təbliğ olunduğu cizgi filmlərinin nəzarət olunmadan uşaqların ixtiyarına verilməsini qüsurlu sayan psixoloq Fidan Azərqızı bununla belə, hesab edir ki, körpələr izlədikləri çizgi filmləri ilə həm də onlar üçün çox uzaq sayılan məkanlar, maraqlı proseslər haqda, ümumiyyətlə dünya barədə ilkin məlumatlar alırlar: “Bu, onlarda maraq duyğusunu və xəyal etmə gücünü artırır. Kiçik yaş qrupundakı uşaqlar digər xalqların harada yaşadıqlarını, bəzilərinin fərqli rəngdə olduqlarını, geyim tərzlərinin və s. özləri kimi olmadığını öyrənirlər. Məsələn, Türkiyə istehsalı olan animasiya qəhrəmanı Pepenin ailə üzvləri ilə düzgün münasibətləri, dünyaya baxışı, kiçik qardaşıyla daim maraqlanması, nənə və babasına qarşı hörmətli olması və bu kimi digər müsbət xüsusiyyətlər aşılaması bu mövzuda bir örnəkdir. Amma davamlı şiddət göstərən, ətrafa ziyan vuran, yersiz dəcəllik edən animasiya qəhrəmanları birmənalı olaraq xarici ölkələrin istehsalıdır ki, bu filmlər də uşaqlara zərərli nümunə olur. Belə cizgi filmlərinə baxaraq, ondan “ilhamlanaraq” ətrafına zərər yetirən, valideynlərinə, özündən kiçiklərə qarşı kobudluq göstərən uşaqlar barədə faktlar yetərincədir. Ən acınacaqlı odur ki, bəzən hətta bu “qəhrəmanlar” kimi sərt fiziki hərəkətlər edərək sağlamlığına ciddi xəsarət yetirən, yaxud da filmlərdə olduğu kimi, ağır əşyalarla özündən kiçiklərə zərbə vuran və bunun faciə ilə nəticələnəcəyini düşünməyən uşaqlar da az deyil”.
Şiddət məzmunlu çizgi filmi izləyən uşaqların daha gərgin və aqressiv olduğunu söyləyən psixoloq məsləhət görür ki, valideynlər də uşaqlarla birlikdə animasiya izləməli və orada baş verənləri onlarla müzakirə etməlidirlər: “Bu, körpələrin zehni inkişafına da böyük töhfə olar. Digər mənfi nüans ondan ibarətdir ki, valideynlər çox zaman dil biliklərinin inkişaf edəcəyini düşünərək uşaqların müxtəlif dillərdə cizgi filmlərini izləmələrini istəyir. Uşaqlar da sevdikləri personajların hərəkətlərini, ən çox işlətdiyi sözləri təkrarlamağa çalışırlar və nəticədə onlarda ciddi nitq qüsurları kimi probemlər yaranır”.

Əsas problem maliyyə və peşəkar kadrların olmamasıdır

Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov sorğumuza cavab olaraq animasiya filmləri sahəsindəki mövcud problemlərdən bəhs etdi. Onun sözlərinə görə, əsas problem peşəkar kadr çatışmazlığı (rejissor, rəssam, animator və s.) ilə bağlıdır: “Cizgi kinosunun xüsusiyyətlərini bilən rejissor və rəssamlardan söhbət gedir. Bu gün onlardan həm də xüsusi kompüter proqramlarından istifadə etmək qabiliyyəti tələb olunur. Maraqlı ssenarilər çatışmır. Müxtəlif yaş kateqoriyalarına aid uşaqlar üçün maraqlı olan ssenarilər azdır”.
Nazirlik əməkdaşı “bu istiqamətdə kadr hazırlığı varmı, buna nəzarət necədir” sualına belə cavab verdi: “Cizgi kinosunun sirlərinə yiyələnmək prosesi illər boyu bu sexin daxilində təcrübəli peşəkarlar tərəfindən gənclərə biliklərin ötürülməsi nəticəsində baş verib. Hansısa mərhələdə nəsillər arasında ardıcıllıq tam kəsilməsə də, mexanizmin işi müxtəlif səbəblər üzündən vaxtaşırı pozulurdu, buna görə haqqında danışdığımız boşluq əmələ gəldi. Son zamanlar animasiya kinosuna gənclərin maraq göstərməsi, bu sahəyə can atması müşahidə olunur. Kompüter proqramlarını mənimsəyib kiçik süjetlər çəkməyi bacaran gənclər var. Bunun özü ürəkaçan haldır. Lakin kompüter texnologiyalarına yiyələnməklə iş bitmir. Digər tərəfdən, bu işlə məşğul olmaq istəyən bacarıqlı rəssamlar, rejissorlar var ki, onlarda xüsusi bilik çatışmır. Bu məqsədlə kurs təşkil etmək nəzərdə tutulub. Kursda təhsil alacaq gənclər üçün xüsusi kompüter avadanlığı artıq alınıb quraşdırılıb. Bu sahəyə kütləvi şəkildə mütəxəssis hazırlanmasına ehtiyac olmadığı üçün ali məktəblərimizdə ixtisaşlaşdırılmış şöbələr olmayıb, indi də yoxdur. Görünür, bir neçə ildən bir Mədəniyyət və İncəsənət Universitetində qəbul elan edib, bacarıqlı uşaqlardan istifadə etməyə dəyər”.
Y.Şeyxov onu da əlavə etdi ki, nazirliyin sifarişi əsasında yeni filmlər çəkildikcə, onlar televiziya kanallarının hamısına təqdim olunur. Bu filmlərin televiziya proqramına daxil edilməsi isə teleşirkətlərdən asılıdır.
Araşdırmanı hazırlayarkən bir neçə televiziya şirkətinin gündəlik efir proqramları ilə tanış olduq. Bir çoxunda gün ərzində bir, yaxud iki dəfə cizgi filmi yayımlanır ki, onlar da uşaqlar üçün uyğun olmayan saatlara təsadüf edir. Digər tərəfdən, bu filmlər əsasən xarici ölkə istehsalı olur. Uşaqlar üçün daha uyğun saatlarda cizgi filmləri əsasən Azərbaycan Dövlət Televiziyasında yayımlanır. Televiziyanın mətbuat xidmətindən bildirdilər ki, saat 11:20-dən başlayaraq çizgi filmləri gün ərzində bir neçə dəfə efirdə nümayiş olunur: “Azərbaycan Televiziyasının yayımladığı çizgi filmlərində maarifçilik və əyləncə xətti, eləcə də yaş kateqoriyalarına uyğunluq əsas götürülür. Ona görə də animasiya filmlərinin ssenarisinə və keyfiyyət görüntüsünə böyük əhəmiyyət verilir”.
Özəl telekanallar isə bu sorğumuza cavab verməkdən imtina etdilər…
Bu gün Azərbaycan uşaqları təəssüf ki, “Betmen”, “Supermen”, “Spaydermen”, “Maşa”, “Tom”, “Cerri”, “Avatar” və digər personajları özlərinə nümunə götürürlər. Bizim animasiyanın da əsas amalı milli personajlarla örnəklər yaratmaq və onların vasitəsilə uşaqların formalaşması prosesinə töhfə verməkdir. Təəssüf ki, bu sahədə hökm sürən durğunluğu aradan qaldırmaq üçün hələ ki heç bir cəhd yoxdur…
Elgün MƏNSİMOV,
“Azərbaycan”

Həmçinin oxuyun

“Füzuli Məmmədov Ramil Səfərovun müdafiəsinə 2 milyon dollar ayıracağını vəd etdi, amma…”

Ramil Səfərovun müdafiəsi ilə bağlı proseslərdə indiyə qədər yayılmayan informasiyaları sosial şəbəkə istifadəçiləri ilə paylaşan …

Bir cavab yazın