Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Dünya / Ramiq Bayramov: “Atama dedim ki, pulum var, məni təhsil almağa apar” – FOTOLAR

Ramiq Bayramov: “Atama dedim ki, pulum var, məni təhsil almağa apar” – FOTOLAR

“Muğam televiziya müsabiqəsi–2013”-ün üçüncüsü, gənc xanəndə Ramiq Bayramov ”Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. 
Gənc olmasına baxmayaraq, bir çox nailiyyətlər əldə edən müsahibimlə söhbətə onun təqdimatı ilə başladıq:
– Ramiq Bayramov özünü oxuculara necə təqdim edər? 
– 1990-cı ildə avqustun 12-də Ağcabədi rayonunda anadan olmuşam. Ailədə 7 nəfərik, 5 qardaş, atam və anam. Bizim nəsildə gözəl səsli insanlar olsa da, peşəkar xanəndə olmayıb. Heç biri bu sənətin danınca getməyib. Ona görə də ailəm mənim oxumağıma tərəddüdlə yanaşırdı. Amma içimdə böyük həvəs vardı. Televiziyada korifey sənətkarlarımıza baxırdım, onların kasetlərini dinləyirdim. Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov, Zülfü Adgözəlov, Arif Babayev, indiki ustadım Mənsum İbrahimovu daim dinləyirdim. Məni heç kim buna məcbur etməyib, içimdən gələn o eşq vardı, o məni bu sahəyə yönləndirirdi.
– Adətən valideynlər övladının səsi olduğunu görür və onu musiqiyə yönləndirir. Sizin səsinizin olduğunu kim kəşf etdi?
– Mən səsim olduğunu bilmirdim. Sadəcə olaraq həvəsim vardı, ancaq oxumaq istəyirdim. Hər zaman eşitdiyim muğamları ifa edirdim. Atam mənim bu istəyimə tərəddüdlə yanaşırdı. Deyirdi ki, başqa sahəyə üz tut.
– Azərbaycanda valideynlər, əsasən, övladlarının həkim, mühəndis, müəllim olmasını istəyir. Onların  incəsənətə yönəlməsini arzulamırlar…
–  Bu fikirlə razıyam. Bizim ailədə incəsənətə böyük hörmət var, amma atam mənim peşəkar xanəndə olacağıma inanmırdı. Mən məktəbin tədbirlərində, el şənliklərində oxuyurdum. Qohum-qonşu atama deyirdi ki, Ağcabədi rayonunun mərkəzində Üzeyir Hacıbəyli adına musiqi məktəbi var, Ramiqi oraya Fazil müəllimin yanına apar. Atam yenə razılaşmırdı. Anam məni qonşu kənddə yerləşən musiqi məktəbinə apardı, orada bir müddət dərs aldım. O məktəbdə səs şöbəsi olmadığı üçün istədiyim formada dərs ala bilmirdim. Musiqi məktəbində oxuduğum müddətdə rayon tədbirlərində, hərbi hissələrdə çıxışlar etdim. O yerləri görəndən sonra hədəfim böyüdü, yaxşı təhsil almaq istədim. Allah rəhmət eləsin, mənim Təvəkkül Yanar adlı dil-ədəbiyyat müəllimim vardı, kitablar yazırdı. “Axtar Qarabağda, gəz Qarabağda” adlı qəzəli də məşhur idi. O atama bildirdi ki, Ramiqi mərkəzdəki məktəbə aparmalısan, peşəkarlardan dərs almalıdır. Atam yenə də ciddi yanaşmadı. Bir gün atama dedim ki, mənim pulum var, məni təhsil almağa apar. Atam məni başa saldı ki, aparmamağının səbəbi pul deyil, məni yenə də aparmadı. Mən isə istəyimdən dönmürdüm. Qismətimdə təhsil almaq vardı ki, bir gün atam özü məni yanına çağırıb, musiqi məktəbinə aparacağını dedi. Beləliklə, məktəbə getdik, müəllimlər səsimin olduğunu, hətta, təhsil almaq üçün gecikdiyimi dedilər. Musiqi təhsil almağa başladım. Təhsil aldığım iki-üç ay idi ki, İsmayıllı rayonunda keçirilən festivalda ikinci yerə layiq görüldüm. Ondan sonra Bakıya gəlməyə qərar verdim. 2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına, xalq artisti Mənsum İbrahimovun sinfinə qəbul oldum. Təhsil aldığım dövrdə müsabiqələrə qatılırdım, dövlət tədbirlərində çıxış edirdim. 2012-ci ildə də Konservatoriyanı bitirdim. Həmin il ulu öndərimiz Heydər Əliyevin 90 illiyinə həsr olunmuş, ali təhsil müəssisələri arasında keçirilən festivala sənədlərimi verdim, festivalda ikinci yerə layiq görüldüm.
– “Muğam televiziya müsabiqəsi-2013”-ə yolunuz necə düşdü?
– Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən müsabiqə mənim həyatımda böyük rol oynadı. Mənim ifalarım münsiflər heyətinin qəlbini oxşadı ki, 3-cü yerin qalibi oldum. Böyük sənətkarlarımız Arif Babayev, Əlibaba Məmmədov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Sərdar Fərəcov, Nadir Axundov münsiflər heyətində əyləşirdi.  Fəxr edirəm ki, müsabiqənin qaliblərindən biri olmuşam. Ondan sonra Azərbaycan televiziyasının efirinə çıxmağa başladım, dövlət tədirlərinə dəvət aldım.
– Müsabiqədə münsiflər sizə “Bala Yaqub” adını vermişdilər. Bu ad necə yarandı?
– Muğam müsabiqəsi təzə başlamışdı. Birinci həftədən münsiflərin diqqətini cəlb etmişdim. İkinci həftədə Ağaxan Abdullayev bildirdi ki, Ramiq bizə Şərqin böyük xanəndəsi Yaqub Məmmədovu xatırlatdı. Növbəti həftədə ritmik  muğam “Arazbarı”nı oxudum. Onda da dedi ki, Ramiq, bizə Şərqin böyük xanəndəsi Yaqub Məmmədovu xatırlatdığın üçün bu gündən sizə Ramiq deyil, “Bala Yaqub” deyəcəm. Bu ad çiyinlərimə məsuliyyət yükü qoydu. “Bala Yaqub” adına layiq olmağa çalışıram.
– Atanız uğurlarınızı gördükdən sonra nələr dedi?
– Uğur qazandıqca ailəmin mənə qarşı fikirləri dəyişdi. Istedadım, səsim olduğuna inandılar. Artıq mənə dəstək olurlar. Səsimi qorumağa çalışırlar, mənə zərər vuracaq qidalardan, içkilərdən uzaq tuturlar.
-Həmyaşıdıq, bizim uşaqlığımız şou-biznesin populyar olduğu dövrə təsadüf edib. Daim efirdə Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşovanı görürdük. Uşaqlar, adətən, estrada musiqisini sevirlər, muğama, saz havalarına maraq göstərmirlər. Sizin muğama maraq göstərməyinizin səbəbi nə idi?
– Hər kəsin bir zövqü var. Bizim rayonun sakinləri muğam sevirlər, gözümü açıb muğam eşitmişəm. Muğam mənim canımda, qanımdadır. Mənim o biri qardaşlarımın da gözəl səsi var. Məcbur etsəm də, oxumurlar. Bildirirlər ki, həvəsləri yoxdur. Mənim içimdəki muğam sevgisi Allah vergisidir. Allaha şükür edirəm ki, bu səsi mənə verib.  Vətənim, bayrağım, torpağım mənim üçün əvəzedilməzdir. Bu sevgi heç vaxt süni ola bilməz. Muğam da bizim keçmişimizdir. Bəlkə də, ona görə muğama bu qədər bağlıyam. Heç vaxt şouya maraq göstərməmişəm. Millini qoyub, şou dalınca qaça bilmərəm.
– Etiraf edək ki, tamaşaçıların maraq dairəsini hazırda şou-biznes əhatə edir. Bu, sizi narahat etmir?
– Mənim məqsədim məşhur olub, pul qazanmaq deyil. Muğam yaxşı günümdə, pis günümdə, əhvalımdan asılı olmayaraq zümzümə etdiyim musiqidir. Heç nədən almadığım eşqi, sevgini muğamdan alıram. Mənim ruhumun ən gözəl qidasıdır. Muğamımızı yaşatmaq istəyirəm. Uşaq yaşlarımda bu sahəyə gəlmək üçün çox əziyyət çəkmişəm. İndi heç vaxt şou sahəsinə yönəlmərəm. Milli-mənəvi dəyərlərimizi yaşatmaq, təbliğ etmək bir gənc kimi borcumdur. Qarşıma bunu məqsəd qoymuşam. Mənim üçün yaşatmaq, qorumaq, təbliğ etmək çox vacibdir. Janrımı dəyişmək fikrim yoxdur. Peşəkar xanəndə kimi fəaliyyət göstərmək yeganə istəyimdir.
– İstəklərinizə yavaş-yavaş çatırsınız. Gələcək hədəfləriniz nələrdir?
– Allahdan çox razıyam. Ona görə ki, Allah zəhmət çəkənin əziyyətini yerdə qoymur. Mənim əziyyətim də hədər olmadı. Allahın köməkliyi ilə nailiyyətlərimin davamı olacaq. Dekabrın 8-də Dövlət Filarmoniyasında ilk solo konsertimiz olacaq. Həmkarım Nigar Şabanova ilə səhnəni bölüşəcəyik. Həyatımda ilk solo konsertimdir. Həyəcandan daha çox, məsuliyyət hissi var. Repertuarımız hazırdır. Öncə ayrı-ayrı ifalarımız olacaq, sonda isə duet ifa edəcəyik.
 

 
– Bəs, səsinizi necə qoruyursunuz? 
– Səs sanki çox nazlı bir qızdır. Oğul istəyirəm ki, onun nazını çəksin.
– Siz çəkə bilirsiniz?
– Sevə-sevə nazını çəkirəm. O səs sənə şöhrət gətiribsə, vergidirsə, qorumaq borcundur. Gözəl səs hər adama nəsib olmur. Allah səsi tək mənə yox, xalqa verib. Səsim əmanətdir, əmanətə xəyanət olmaz. Soyuq, duzlu yeməklərdən uzaq oluram. Səs xarab oldusa, günlərlə düzəlmir. Işimiz elədir ki, hər an tədbirə, efirə çağıra bilərlər. Hər zaman formada olmağa məcburam.
 
– Bir az da şəxsi həyatınıza toxunaq. Uşaqlıqdan özünüzü sənətə həsr etmisiniz, uğurlar qazanmısınız. Şəxsi həyatınıza vaxt ayıra bilirsiniz?
– Şəxsi həyatım haqda açıq danışmağı sevmirəm. Hazırda subayam. Ailə qurandan sonra isə ailəm mənim üçün hər şeydən dəyərli olacaq və başda duracaq. Hər işin başında sağlam ailə durur.
– Adətən, analar övladlarını evlənməyə məcbur edirlər. Sizin ailədə vəziyyət necədir?
– Əlbəttə, hər valideyn övladının xoş gününü görmək istəyir. Hərdən anam “evlən” deyir. Məndən böyük və balaca qardaşlarım ailə qurublar, övladları var. Mən isə hələ istəmirəm. Düşünürəm ki, tezdir, 3-4 il gözləməliyəm. Özüm-özümə güvəndikdən sonra ailə quracağam.
– Sevib-seçdiyiniz xanım muğamı sevməsə, münasibətiniz ona necə olar?
– Hər halda öz zövqümə uyğun bir xanım seçərəm. Mən xanəndəyəmsə, xanımım muğamı sevməlidir. Hər şeyi zaman göstərəcək.

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …

Bir cavab yazın