Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ölüm hökmünün bərpası rəhmsizlik deyil! – Şəmsəddin Əliyev

Ölüm hökmünün bərpası rəhmsizlik deyil! – Şəmsəddin Əliyev

“ Qisasda sizin üçün həyat var”
Rəbb kəlamı

Azərbaycan dövləti müstəqilliyini təkrar əldə etdikdən bir qədər sonra ölüm hökmünə müvəqqəti qadağa qoyuldu. Amma ləğv olunmadı. Bu, humanist addımı atmağa vadar edən 15 dekabr 1989-cu ildə BMT-nin “Vətəndaş və siyasi hüquqlar haqqında” beynəlxalq pakta dair ölüm cəzasının – müstəsna cəzanın ləğvinə yönəldilmiş II fakültətiv protokolun qəbulu və Beynəlxalq Hüququn subyekti olan dövlətlərin həmin protokolu tanımasıdır.
Lakin, Azərbaycan Respublikası Konstitusiyanın 27-ci maddəsində müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək hər kəsin yaşamaq hüququna xitam verməsinin əsasları ehtiva edilir. Belə ki, müstəsna cəza tədbiri dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
Qənaətimə görə bu cəzanın əleyhinə olanların az bir qismi adi səbəb göstərirlərsə, digər qismi “yox” deyirlər ona görə ki, onların yaxınları – doğmaları xüsusilə ağır cinayətlərə məruz qalmamışlar. Nə qədər ki, belə hallar yoxdur (inşaallah heç olmasın) bu qrupdan olanlar ölüm hökmünün tətbiqinə “hə” deməzlər. Əleyhinə olanların ciddi arqumentləri olmasa da və çoxluq təşkil etsələr də, çoxluğun qərarı həmişə ədalətlilik amili sayılmır, ədalət və həqiqət bəzən və daha çox azlıqda olur.
Mən, bu cəzanın yalnız məhdud cinayətlər üzrə, xüsusilə ağır cinayətlərin subyektlərinə tətbiqinin tərəfdarıyam. Həqiqət budur ki, niyə qatilin Allahın yaratdığı bəndəsini, dövlətin vətəndaşını, cəmiyyətin üzvünü öldürmək “hüququ” olur, amma dövlətin öz vətəndaşına, qatilə ölüm cəzasını tətbiq etmək hüququ olmasın? Cinayət hüquq nəzəriyyəsində cəza törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə cinayətin subyekti barədə (dövləti adından) tətbiq edilən qisasdır. Bu, dövlətin cəzalandırmaq hüququnu etiraf edən mütləq nəzəriyyədir və şərtsiz qəbul edilməlidir. Bir növ yamanlığa qarşı yamanlıqla cavab vermək və cəzanın tətbiqinin görünməyən məqsədinə – günahı “yumağa”nail olmaqdır.
Bir az da, hamı üçün aydın olan bir mənada ifadə etsəm, kim başqasına qarşı yamanlıq edirsə, onlara qarşı zidd davranırsa, eyni vaxtda bu pisliyi, yamanlığı, təhlükəli əməli öz barəsində etmiş olur. Başqasını öldürməklə, soymaqla, təhqir etməklə özünü öldürmüş, soymuş və təhqir etmiş olur. Cəzanın fəlsəfəsi budur!
Zənnimcə cinayətlərin alçaq niyyətlə – mənsəbpərəstlik, qatı xuliqanlıq və əxlaqa zidd hisslərin təsiri altında törədilməsi ağır hal kimi qiymətləndirildiyindən müstəsna cəzanın tətbiqini reallaşdırır.
Və yaxud, dövlət vətəndaşını həyatdan məhrum edən digər vətəndaşına ölüm hökmünün tətbiqindən niyə məhrum olmalıdır?! Bərabərlik hüququnun dəfn edilməsinin vaxtı bəlkə çatıb?!
Belə bir fikir də səslənir ki, guya ölüm cəzasına məhkum olunmuşlar cəzanın icra gününə qədər ağır psixoloji gərginliklər keçirirlər, bu qədər daxili əzab çəkmək humanizmə ziddir. Bəs, zərərçəkmişlərin daxili iztirabları, hər gün üzüntülü anları yaşaması humanizmə və humanist baxışlı insanların düşüncələrinə necə uyğundur? Zənnimcə cəzanın ləğvi üçün cəmiyyətdaxili münasibətlər hələ yetərincə deyil.
İnsan dünyaya gələrkən nə dövlətlə, nə də cəmiyyətlə öz həyatını itirəcəyi barədə öncədən heç kimlə bir müqavilə bağlamır. Qatil və yaxud hər hansı bir cinayəti törədənlər də, ictimai münasibətlərə zidd davranmayacağı barədə iltizam vermirlər. Deməli, dövlət öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludursa, bu borcun ziddinə gedən tərəf də mövcud qaydaları pozmamağa borcludur. Dövlətə mənsubluq, dövlətlə siyasi və hüquqi bağlılıq faktoru bu borcu vəzifə kimi imperativləşdirir.
Bəzən cinayətin (əməlin ictimai təhlükəlilik dərəcəsi) ağırlığı ilə cəzanın həddi əksər hallarda mütənasiblik təşkil etmir. Zərərçəkmiş tam əmin olmalıdır ki, dövlət ona qəsd etmiş (əmlakını məhv etmiş, sağlamlığına, həyatına zərər vurmuş və s.) şəxsə ədalətli cəza tətbiq etməklə onun yerinə qisas almışdır. Sosial ədalətin bərpası cəzanın əsas məqsədi kimi məhz bu cür xarakterizə olunur. Vətəndaşın mənsub olduğu dövlətə etibarı, güvənməyi də belə yaranır. Xüsusilə ağır, amansızlığı ilə seçilən, quldurluğa, qadınlara təcavüz hallarına, konstitusion quruluşu devirməyə cəhd hallarına görə ölüm cəzasının tətbiqi ədalətli əvəz çıxmağın əsas şərtidir.
İstənilən ictimai münasibətlərə zidd əməli törədənlər adekvat olaraq (özü barəsində) kriminal davranışına layiq labüd cəzanın tətbiqini müəyyən edir. Tətbiq edilən cəza təqsirkara cinayət yolu ilə qazandığı faydadan daha çox ziyan yetirməlidir.
Beləliklə tətbiq edilən cəzanın vahiməsi o dərəcədə olmalıdır ki, məhkum yeni cinayət etməkdən çəkinməli, şəxsiyyəti dəyişməlidir. Məhkum anlamalıdır ki, təkrar cinayət törədəcəyi təqdirdə onun üçün daha arzuolunmaz nəticələr yaranacaq!
Vahimə məhkum üçün yenidən cəzalanmaq, tənbehə məruz qalmaq qorxusudur, onu yenidən cinayət törətməkdən çəkindirir. Bu mənada penitensiar xidmət sahələrində məhkumun qaldığı yerlər 3 və 5 ulduzlu otellər səviyyəsində olacaqsa, cəzanın təsirindən, vahiməsindən və xofundan danışmağa dəyməz. Hər halda cəza çəkmə müəssisələrindəki vəziyyət keçmişdə “vaqon evlərdə” yaşayan qaçqınların vəziyyətindən aşağı olmalıdır.
Ölüm cəzasının tərəfdarıyam ona görə ki, bu cəza saxlayıcı faktor kimi cəmiyyət əleyhinə, vətəndaşların həyat və sağlamlığı əleyhinə, dövlətə qarşı qiyama və digər məhdud sayda qəsdən törədilən cinayətləri törətmək istəyən şəxsləri zidd davranışlardan çəkindirməklə, cəzanın çəkindirici radiusu və vahiməsi cəmiyyətə sərf edəcək. Cərrahın da əməliyyat zamanı səhvləri ucbatından ölüm halları baş verir, lakin bu səhvlər sonrakı əməliyyatlara qadağa qoymaq üçün əsas sayıla bilməz.
“Cəllada” nifrət edirik, amma cəlladın kimin başını, nəyə görə bədəndən üzməsinin fərqində olmuruq. Düşünməyə əsas var. Bu gün terrorçuların köməksiz vəziyyətdə olanların, uşaqların, günahsızların başını kəsmək adi hala çevrilib, elektron saytlarda “tragedik tamaşalar” kimi yayılır.
Humanizm prinsipi hər bir cəmiyyətin sərvəti sayılmalıdır. Amma onu birtərəfli izah etmək qəbahətdir. Bu prinsip, daha çox həyatını itirən, qəsdə məruz qalan tərəfə tətbiq edilməlidir. Axı, nə etdiyini anlayan, əməlinin nəticəsini arzulayan, cəmiyyətə zidd davranışlardan çəkinməyən, ondan həzz alan şəxslərə hansı humanistlikdən pay vermək olar? Hər bir anlaqlı şəxs öz hərəkətlərinin digərinin hüquqlarına ziyan gətirə biləcək həddində dondurmağı bacarmalıdır. Hüquq və azadlıqlar mütləq deyil, nisbidir. Bu mənada hüquqların realizəsi, başqalarının hüquqlarının pozulması üzərində həyata keçirilə bilməz!
Cinayətkara qarşı humanistlik göstərməyin, rəhmdilliyin, xeyirxahlığın və yumşaqlığın əleyhinə deyiləm amma, baxır kimə?… Unutmayaq ki, əgər hökm oxunan şəxs həyatdan məhrum etdiyinə, liftdə təcavüzə məruz qalan köməksiz insana qarşı mərhəmət göstərmirsə, amansız davranmışsa ona hansı humanistlikdən pay düşə bilər? Hər şeyi öz adı ilə çağırmaq lazımdır, ölüm varsa “ölüm” olmalıdır!
Dövlətə qarşı xəyanət, Allahın yaratdığına, yer üzünün əşrəfinə qarşı qətl varsa, insan həyatına və sağlamlığına ağır və xüsusilə ağır cinayətlər törədilibsə və törədilirsə “ölüm cəzası” olmalıdır. Bunun əleyhinə olanlar eyni vaxtda həm əkmək, həm də biçmək istəyənlərdir. Bu da mümkün deyil. Yaxşı məhsul götürmək üçün hər şeydən əvvəl torpağı hazırlamaq, alaq otlarından, həşəratlardan təmizləmək lazımdır… Cəmiyyət də barli bir tarlaya bənzər…
Millət vəkili Elmira xanımın, ondan əvvəl Fazil bəyin bu barədəki mülahizələri gecikmiş təklif olsa da, müasir zamanın tələbidir.

Şəmsəddin Əliyev
Hüquqşünas

P.S. Məqalədəki fikirlər müəllifə məxsusdur, Azinforum.az-ın mövqeyilə üst-üstə düşməyə bilər.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın