Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Bizim “Fidel”

Bizim “Fidel”

“Köhnə uşaqlar”la hərdən görüşüb dərdləşirik. Hər dəfə söhbət ölkəmizin bugünkü vəziyyətindən düşəndə, qeyri-iradi olaraq, mənim beynimin “qurdu” oyanır. Dostlarımın dediyinə görə, hər dəfə bu andıra qalmış qurd məni köhnə palan eşməyə məcbur edir.
Bu gün də çayxana söhbətlərimdə köhnə palan eşməyə başladım. Yenə məmur özbaşınalıqlarından, monopoliyaların insan və cəmiyyət qarşısında yaratdığı əngəllərdən və bunun inkişafımıza vurduğu zərərdən danışarkən, söhbət əsnasında bostanına daş atdığım bir məmurun adını çəkdim. Dərhal da dostlardan birinin sərt təpkisi ilə qarşılaşdım:
-Bəy, elə danışma. Adını çəkidiyin adam hətta “Fidel Kastro”nu belə gömrük polkovniki etdi. O, insana həmişə qiymət verib və tanıdığı, bildiyi, qabiliyyətinə bələd olduğu hər kəsi hətta layiq olmadığı mərtəbəyə yüksəldib.
Dostumdan hazırda gömrük polkovniki olduğunu öyrəndiyim həmin “Fidel Kastro”nu yaxşı xatırlayıram. Adını, yəqin ki, mənim kimi heç kəsin bilmədiyi həmin “Fidel” Naxçıvanda xeyli məşhur adamıydı. Onu məşhurlaşdıran cəhəti isə, ayamasını aldığı Kuba diktatoru Fidel Kastroya bənzəməsiydi. Önə çıxaracağı başqa heç bir özəlliyi olmadığından “Fidel” öz bənzəri kimi hərbi forma geyinib küçələri gəzirdi. İndi bu adam yenə də yeganə özəlləyinin hesabına gömrük polkovniki olub, çörək pulunu çıxarır.
Açığı, “Fidel Kastro” nəinki polkovnik, hətta general olsa belə, buna heç bir etirazım ola bilməz. Gündə təkcə MTN-dən onlarla general qovulur. Amma hələ də bu orqanda general əlindən tərpənmək olmur. Yəqin ki, digər güc strukturları da belə generallardan xali deyil. Guya bizim “Fidel”in onlardan nəyi əskikdir? Yenə heç olmasa, “Fidel” Fidelə oxşayır. Əyninə hərbi forma da yaxşı oturur. Bu birilərin isə “licim”ləri belə generallığa yaddır.
Məni təəccübləndirən dostlarımın məntiqi idi. Onların fikrindən belə çıxırdı ki, Zəlimxan Yaquba oxşamadığı üçün 15 il diş texnikliyinə məhkum olunan Heydər Oğuz Fidel Kastroya bənzədiyinə üçün polkovnik rütbəsinə layiq görülən “Fidel”i qiymətləndirdiyinə görə kimlərəsə minnətdarlıq duymalıdır.
Nə gizlədim, dostlarımın iradlarını dinlədikcə, ürəyimdən başbilənlərimizə həqiqətən də minnətdarlıq hissi keçdi. Bu qədər qəribə məntiqlə düşünən bir toplum bundan daha betər idarə olunmayıbsa, Allahına şükür etməlidir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın