Bazar ertəsi , May 20 2019
Ana səhifə / Cəmiyyət / Suriyada iki beynəlxalq koalisiya üz-üzə…

Suriyada iki beynəlxalq koalisiya üz-üzə…

“Rusiya bu yolla İsrailə və hətta Türkiyəyə də təsir imkanlarını öz əlində saxlayır”

Arzu Nağıyev: “Bu da İsrailin haqlı narazılığına səbəb olacaq”
İraq, İran, Rusiya və Suriya terrora qarşı birgə mübarizə aparacaq. Bu barədə İraq rəhbərliyi açıqlama verib. Sözügedən ölkələr Bağdad şəhərində kəşfiyyat və təhlükəsizlik xidməti nümayəndələri ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. Bu məqsədlə Bağdadda birgə informasiya mərkəzi yaradılıb. Əsas hədəf isə İŞİD qruplaşmasıdır. İŞİD qruplaşması əsasən İraq və Suriyada geniş ərazini nəzarətdə saxlayır. Əksər ölkələr, o cümlədən, Rusiya İŞİD-i terrorçu qruplaşma kimi tanıyır.
Suriyada vətəndaş müharibəsi başlayandan Əsədin ən böyük dəstəkçisi Putindir.
İŞİD-ə qarşı mübarizədə yer alan Fransanın xarici işlər naziri Loran Fabiüs Suriyada baş verən zorakılıqların təkcə bu qruplaşma tərəfindən deyil, eyni zamanda, prezident Bəşər Əsəd tərəfindən törədildiyini bildirib.
“Suriyalılara gələcək taleyinizin həllində Bəşər Əsədin də olacağını desək, bu, uğursuzluq olar. Ona görə də Cenevrə sazişi əsasında bu ölkədə hökumətin keçid dövrünü sürətləndirmək üçün cəhdlərimizi artırmalıyıq. Keçid hökuməti tərkibində hazırkı rejim nümayəndələrinin də olması vacibdir. Bu, Suriyada dövlətçiliyin sütununu qorumaq üçündür”. Nazir hazırda Avropada müşahidə olunan mühacir böhranına görə Əsədi təqsirləndirib.
İŞİD-lə mübarizədə Qərb ölkələrinin də koalisiyası var. Amma İŞİD yenə öz işindədir. Yeni anti-İŞİD koalisiyası Yaxın Şərq üçün nə vəd edir? Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev açıqlamasında bildirdi ki, bu koalisiya Əsəd rejimini çətin xilas edə bilər, çünki dünya Əsədlə razılaşmır:

“Son 60 ildə ilk dəfədir Rusiya Suriyada hərbi konfliktə qoşulur və bunu elan edir. Bu da maraqlı faktdır. KİV-də elə yazılır ki, guya Rusiya oraya diviziya ilə daxil olur, əsla yox, orada bir neçə yüz dəniz piyadası, təyyarə və helikopterlər, mütəxəssislər və s. ola bilər. Çox maraqlı və qorxulu haldan biri də odur ki, Rusiya tək İran və İraqla deyil, eyni zamanda, avtomatik olaraq həm də Əsəd rejimi tərəfində vuruşan “Hizbullah”la da koalisiyaya gedəcək. Bu da İsrailin haqlı narazılığına səbəb olacaq.
Hansı koalisiya yaranmasından asılı olmayaraq, əsəs məqsəd Rusiyanın bu regiona hərbi nəzarətidir. Məlumdur ki, Rusiya prezidenti də bu haqda bildirib ki, Əsəd rejimi ilə tərəfdaşlıq edəcək və bu rejimə qarşı olan bütün silahlı birləşmələrlə müharibə aparacaq. Bundan başqa, İraqda da özəl maraqları olan Rusiya bu yolla həmin dövlətin neft və ya qaz hasilatına təsir edə bilər, təbii ki, bundan öz gəlirini də götürəcək. İranla da əzəldən hərbi tərəfdaş olan Rusiya bu yolla İsrailə və hətta Türkiyəyə də təsir imkanlarını öz əlində saxlayır. Bütün bu addımları diqqətlə seyr edən ABŞ Rusiyaya məhz İŞİD-lə mübarizədə tərəfdaş olması təklifini verir. Yəni ABŞ başa düşür ki, burada tək İŞİD məsələsi deyil, Rusiyanın özəl maraqları da var”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …

Bir cavab yazın