Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Adil Əliyev Sarkisiyanın məsuliyyətsiz bəyanatını təhlil etdi: “…bunu deyənə dərhal Sarkisyanın açıqlamasını xatırladacağıq”

Adil Əliyev Sarkisiyanın məsuliyyətsiz bəyanatını təhlil etdi: “…bunu deyənə dərhal Sarkisyanın açıqlamasını xatırladacağıq”

Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi elan edib. İşğalçı dövlətin başçısı bu barədə sentyabrın 26-da, qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının iclasında bildirib.
“Ermənistan – mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam – planetin ən hərbiləşmiş ərazilərindən biridir”, – deyə, Ermənistan prezidenti bəyan edib.
Qeyd edək ki, bu bəyanatla Sarkisyan rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını etiraf etdi.
İndiyədək Ermənistanın rəsmi şəxsləri bildirirdilər ki, Dağlıq Qarabağ “regionun sakinlərinin iradəsi ilə Azərbaycandan ayrılıb və münaqişənin nizamlanması üzrə danışıqlarda müstəqil tərəf kimi çıxış etməlidir”.
Maraqlıdır ki, Sarkisyanın bu cür avantürist bəyanatından sonra dünyanın aparıcı dövlətlərinin heç bir reaksiyası müşahidə olunmayıb.
Millət vəkili Adil Əliyev açıqlamasında bildirdi ki, sərsəm bəyanatla bağlı reaksiyaların olmaması onu da ciddi narahat edir:

“Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağın Ermənistana məxsus olması” fikrindən sonra işğalçı ilə masa arxasında danışmağa mövzu qalmır. Çünki bu vaxta qədər deyirdilər ki, guya Dağlıq Qarabağ “müstəqil dövlətdir” və onlarla danışmaq və rəylərini nəzərə almaq lazımdır. Bəzən beynəlxalq vasitəçilər də bu sərsəm fikrə uyaraq danışıqlara Dağlıq Qarabağ separatçılarının liderlərini cəlb etməyi lazım bilirdilər. Elə o vaxt da vasitəçilərə deyirdik ki, torpaqlarımızı Dağlıq Qarabağın erməni əhalisi yox, Ermənistan işğal edib. İndi isə Ermənistan prezidenti açıq-aşkar deyir ki, Dağlıq Qarabağ “mənəm”. Bəlkə beynəlxalq vasitəçilər bu açıqlamadan sonra bizə inanalar. “Dağlıq Qarabağ Ermənistan ərazisidir” fikrini deyən işğalın məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürür. Əvvəllər gizləməyə çalışdıqlarını indi açıq etiraf edirlər. Azərbaycan Ordusunun işğalçını cəzalandıracağına zərrə qədər də şübhəm yoxdur. Ancaq ATƏT-in Minsk Qrupunun, böyük dövlətlərin başçılarının Sarkisyanın açıqlamasına susmasına təəccüb edirəm. Axı Sarkisyanın “Ermənistana birləşdirdiyi ərazini” dünya dövlətləri Azərbaycan ərazisi kimi tanıyır və qəbul edirlər. Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza da Serj Sarkisyanın son açıqlamasından təəccübünü gizlətmədiyini, bunun vəziyyəti daha da gərginləşdirəcəyini deyib. Bəs onda Brayzadan daha yüksək vəzifə tutanlar niyə susurlar? Özləri bilər. Onlar susmaqlarında olsunlar, biz isə düşmənə zərbələrimizi davam etdirməkdə olaq ki, işğalçı verdiyi itkilərdən özünə gələ bilməsin. Biz nəyin uğrunda vuruşub şəhidlik zirvəsinə hazır olduğumuzu bilirik, bəs Ermənistandan zorla işğal altındakı torpaqlara gətirilən gənc ermənilər nəyin uğrunda ölürlər?
Əslində, Sarkisyan bizim işimizi asanlaşdırdı. Sabah torpaqlarımızı azad edəndə kimsə bizə deyə bilməz ki, niyə Ermənistanla müharibə edirsiniz. Bunu deyənə dərhal Sarkisyanın açıqlamasını xatırladacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın