Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Rövnəq Abdullayevlə qalstuksuz görüş

Rövnəq Abdullayevlə qalstuksuz görüş

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev 2 fevral Gənclər günü ilə bağlı Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə qeyri-rəsmi və səmimi ortamda görüş keçirib.

Ali Məktəbin mətbuat xidmətindən  daxil olan xəbərə görə, “Qalstuksuz görüş” formatında keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tələbələri maraqlandıran bütün sualları cavablandırıb, görüş zamanı maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb. Görüşdə SOCAR-ın prezidenti tələbələri qarşıdan gələn Gənclər günü münasibətilə təbrik edib, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradaraq verilən sualların hamısını ətraflı cavablandırıb.

Tələbələr SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR-ın prezidentinin mövqeyi ilə tanış olublar. Rövnəq Abdullayev BANM-in tikintisi yekunlaşmaqda olan yeni kampusu, SOCAR-ın xaricdə təhsil proqramı, SOCAR haqqında media orqanlarında yazılan müxtəlif məsələlər haqqında, o cümlədən keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı “Neft Daşları”nda və “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza zamanı həlak olan nefçilərlə bağlı, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə münasibətini bildirib.

SOCAR-ın prezidenti tələbələrin şəxsi mövzuda verdiyi sualları da cavablandıraraq, onlara keçdiyi həyat yolu, peşəsində atdığı ilk addımları, həyatında rast gəldiyi çətinliklər və karyerasında əldə etdiyi uğurlarından da söz açıb. Neftçi peşəsinin çətin və məsuliyyətli, lakin şərəfli və vacib bir peşə olduğunu vurğulayan R.Abdullayev BANM-in tələbələrinin yüksək ixtisaslı, peşəkar mühəndislər kimi yetişməsi üçün Ali Məktəbdə yüksək səviyyədə tədrisin qurulduğunu, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığın olduğunu qeyd etdi, onların ingilis dilli mütəxəssislər kimi həm SOCAR-da, həm də dünyadakı beynəlxalq neft və qaz şirkətlərində gələcəkdə öz yerini tutacaqlarına əminliyini ifadə edib.

Rövnəq Abdullayev BANM-in “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Xanım Cəfərovaya “Fəxri diplom” təqdim etdi və ona uğurlar arzulayıb. Eyni zamanda, SOCAR-ın prezidenti “Ən yaxşı sual” üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini elan edib və ona hədiyyə təqdim edib.

SOCAR-ın prezidenti tələbələrlə canlı dialoq şəklində qurulan görüşün əhəmiyyətini vurğulayaraq belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini bildirib.

 

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …

Bir cavab yazın