Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Ramiz Tağıyev: “Belə siyasət nə Dəmirtaşa, nə də Rusiyaya başucalığı gətirən deyil”

Ramiz Tağıyev: “Belə siyasət nə Dəmirtaşa, nə də Rusiyaya başucalığı gətirən deyil”

Türkiyədə fəaliyyət göstərən Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvadadır.
Rusiyanın paytaxtı Moskvaya gələn Dəmirtaş burada ilk olaraq xarici işlər naziri Sergey Lavrovla görüşüb.
PKK terror təşkilatının siyasi qolu HDP-nin həmsədrinin Türkiyə – Rusiya böhranının yaşandığı bu günlərdə Rusiyaya getməsi Türkiyə ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb və onun bu hərəkəti qınaq obyektinə çevrilib.
Dəmirtaş ictimai qınaq və tənqidlərə məhəl qoymadan Lavrovla görüşmək qərarına gəlmişdi və gözlənilən görüş dünən Moskvada baş tutub.
Görüş əsnasında çəkilən fotoşəkillərdə isə Türkiyədə hər kəsə özünü hegemon kimi göstərmək istəyən Dəmirtaşın Lavrovun qarşısında necə əyildiyi əks olunur.
Qeyd edək ki, Rusiya bu üsulla Türkiyəyə təzyiq göstərməyi planlaşdırır. Son vaxtlar Rusiyanın davranışlarında istər Suriya, istərsə də Türkiyənin daxili işlərinə açıq müdaxilə cəhdlərinə rast gəlinir. Bu addımlar hansı nəticələrə gətirib çıxara bilər?
Tanınmış siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya belə addımları isterik vəziyyətə düşdüyü üçün atır:

“Artıq heç bir diplomatik etiketi də gözləmədən başqa dövlətlərin daxili işinə müdaxilə edir. Hansısa ölkələrdə hakimiyyətin dəyişməsinin zəruriliyini və bu yöndə istənilən dəstəyə hazır olduğunu bəyan edir. Bilirsiniz ki, diplomatiyada belə hallar yolverilməzdir. Məhz bu cür davranışların son nəticəsi olaraq bütün dünya Rusiyaya qarşı səfərbər olunub. Neftin qiymətini məqsədli şəkildə endirirlər. Bunun və tətbiq olunan digər sanksiyaların nəticəsində Rusiya iqtisadiyyatı diz çökmək üzrədir. Rusiya bu cür itkiləri hərbi güc və sərt diplomatik addımlar atmaqla kompensasiya etdirmək istəyir. Dəmirtaşın Moskvaya dəvət olunması və onunla aparılan təmaslar da bu məqsəd üçündür. HDP sədri həmin görüşlərdə kürdlərin təmsilçisi kimi təqdim olunur. Amma uzun illər Türkiyədə yaşayan kürd mənşəli vətəndaşların çoxu Dəmirtaşın bu addımını satqınlıq kimi qəbul edir. Hesab edirəm ki, belə siyasət nə Dəmirtaşa, nə də Rusiyaya başucalığı gətirən deyil”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” …

Bir cavab yazın