Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Habil Vəliyevin qardaşı oğlu məhkəmə qarşısında – Dələduzluq və polisə müqavimətdə təqsirləndirilir

Habil Vəliyevin qardaşı oğlu məhkəmə qarşısında – Dələduzluq və polisə müqavimətdə təqsirləndirilir

Bakıda “Range Rover”dən düşüb polisə yumruq vuran şəxs: “Mənim maşınımda bölməyə getdik”
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Vəliyev Xəyyam Rafael oğlunun cinayət işi üzrə keçirilən məhkəmə prosesinə hakim Ənvər Seyidov sədrlik edib.
Məhkəmədə şahid qismində Dövlət Yol Polisi (DYP) əməkdaşı ifadə verib.
Bildirək ki, Xəyyam Vəliyev dələduzluq və polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirli bilinərək həbs edilib. Məhkəmədə şahid qismində DYP əməkdaşı Həsənəliyev Elçin ifadə verib.
O, ifadəsində göstərib ki, xidmətdə olduğu zaman digər DYP əməkdaşı Elnur İsgəndərov vətəndaşın onlara qarşı zor tətbiq etməsi, müqavimət göstərməsi ilə bağlı məlumat verib.
Elçin Həsənəliyev bildirib ki, bu zaman o və birlikdə xidmətdə olduğu digər polis əməkdaşı birlikdə “Nizami” kinoteatrının qarşısına gəliblər.
“Biz gələndə polis əməkdaşı Elnur İsgəndərov və onun birlikdə xidmətdə olduğu digər polis əməkdaşı orada idi. Ağ rəngli “Range Rover” markalı avtomobili saxlamışdılar. Sonradan öyrəndim ki, sürücünün adı Xəyyamdır. O, çox aqressiv idi və Elnur İsgəndərovla mübahisə edirdi. Həm də nalayiq ifadələr işlədirdi. Onu polisə apardılar. Sonra olanları bilmirəm”- deyə şahid polis əməkdaşı ifadəsində göstərib.
Hakim Ənvər Seyidov şahiddən bildiklərinin hamısını danışmasını tələb edib: “Nə bilirsən danış. Burada yaltaqlıq eləmə”.
Hakimin bu iradına polis əməkdaşı belə cavab verib: “Mən nə bilirəmsə, danışdım. Hadisə 2 il əvvəl olub. Bildiyimi, xatırladığımı deyirəm”.
Ənvər Seyidov: “Bura nəyə gəlmisiz? Əlbəttə, bildiklərinizi danışmağa. Aş yeməyə gəlməmisiniz ki”.
Xəyyam Vəliyevin vəkili şahidin dediklərində ziddiyyətlərin olduğunu və istintaqa ifadəsinin elan edilməsini istəyib.
Məhkəmədə polis əməkdaşının istintaqa ifadəsi elan olunub.
Həmin ifadədə polis əməkdaşının məhkəmədə demədikləri arasındakı fərq sadəcə Xəyyam Vəliyevin xidmətdə olan polis əməkdaşına yumruq vurması olub.
Polis əməkdaşı istintaqa ifadəsində deyib: “Biz hadisə yerinə yaxınlaşanda Xəyyam adlı sürücü Elnur İsgəndərovla mübahisə edirdi. Orada öyrəndik ki, Xəyyam Elnur İsgəndədova yumruq vurub. Xəyyam bizim yanımızda da bunu etiraf etdi. Ancaq mən həmin hadisəyə şahidlik etməmişəm. Sadəcə Xəyyamın polis bölməsinə gətirilməsində iştirak etmişəm”.

 

Habil Vəliyevin qardaşı oğlu məhkəmə qarşısında-DƏLƏDUZLUQ

Foto -Xəyyam Vəliyev

Hakim Ənvər Seyidov şahiddən istintaqa dediklərini təsdiq edib-etməməsini soruşub. Polis əməkdaşı Elçin Həsənəliyev dediklərini təsdiq etdiyini və ziddiyyətli fikir bildirmədiyini deyib: “Nə demişəmsə, təsdiq edirəm. Bəzi məqamları xatırlamırdım. İfadəm elan olundu və indi də təsdiq edirəm. Nə demişəmsə, indi də onu deyirəm. Xəyyamın Elnuru vurduğunu görməmişəm. Xəyyam özü etiraf edib. Digər olanlara da şahid deyiləm”. Xəyyam Vəliyevin vəkilinin suallarından sonra məlum olub ki, polis əməkdaşının ifadəsində ziddiyyət yoxdur. Təqsirləndirilən Xəyyam Vəliyev də polis əməkdaşının doğru dediyini təsdiqləyib və bunları əlavə edib: “Elçin Həsənəliyev düz deyir. Amma mən bir məsələnin dəqiqləşdirilməsini istəyirəm. İttihamda yazılıb ki, guya mən polislərə müqavimət göstərmişəm, sonra qaçmaq istəmişəm. Və guya məni Post Patrul Xidmətinin maşını ilə polisə aparıblar. Amma polis bölməsinə mənim maşınımla getmişik. İstəyirəm ki, bu haqda Elçin Həsənəliyev də danışsın”.
Polis əməkdaşı isə olanları dəqiq xatırlamadığını, amma hadisə yerinə PPX maşınının gəlmədiyini söyləyib.
Xəyyam Vəliyevin vəkili vəsatətlə çıxış edərək hadisə zamanı orada olan Namaz adlı şəxsin də məhkəməyə gətirilməsinin təmin edilməsini istəyib. Neman adlı şəxsin Xəyyam Vəliyevin dostu olduğu məlum olub. Məhkəmə prosesində o da məlum olub ki, Xəyyam Vəliyev vətəndaşlara qarşı dələduzluqda da təqsirləndirilir. Bu dələduzluq əməlində onun dostu Neman adlı şəxsin də adı hallanır.
Növbəti məhkəmə prosesi fevralın 9-da davam edəcək.
“Pravdainfo” saytı bildirir ki, Xəyyam Rəfael oğlu Vəliyev bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmiş “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin qardaşı oğludur…

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın