Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Cəmiyyət / Binaları üzləyəcək deputat: “Küçədən keçən gəlib binaları təmir edə bilməz”

Binaları üzləyəcək deputat: “Küçədən keçən gəlib binaları təmir edə bilməz”

Binəqədi rayonunda yanan binanın təmiri “Azəraqrartikinti” ASC-yə həvalə olunub. ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb.

“Binanın təmiri bizə həvalə olunub. Hazırda binanın üzlük konstruksiyasının söküntüsü ilə məşğuluq. Alt konstruksiyanın söküntüsünü 3 gün müddətinə yekunlaşdıracağıq. Fövqəladə Hallar Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən həmin binanın layihə-smeta sənədləri hazırlanır, bina Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən müayinə olunur, binanın dayanıqlığı normal şəkildədir. Ancaq bəzi düyünlərdə bərpa-gücləndirmə tədbirlərinin keçirilməsinə də çox güman ki, ehtiyac olacaq. Layihə-smeta sənədləri bizə verildikdən sonra binanın hansı müddətə təmir olunacağını deyə bilərik. Hesab edirəm ki, binanı 4-5 aya tam təmir edib, təhvil vermək mümkün olacaq”.

Deputat bildirdi ki, binada poliuretan üzlükdən istifadə edilməyəcək: “Nəinki həmin binada, ümumiyyətlə, respublikada aparılan tikintilərdə poliuretandan istifadə olunması bu gündən sonra qadağan olunub. Hazırda həmin binada üzlənmə işlərinin görülməsi üçün 3 material üzərində işlənir. Birincisi keremoqranit, ikincisi pəncərələrin kənarları aqlay daşı ilə üzlənib ətrafı suvaq vurulacaq və yüksək keyfiyyətli boya ilə üzlənə bilər, hansı ki, həmin boyaların istismar müddəti 20 ildən az deyil, üçüncüsü də sintofleks adlı materialdır. Həmin material İtaliyada, İspaniyada və Türkiyədə istehsal olunur. Ola bilər ki, bu materialdan da istifadə olunsun. Hazırda bu 3 variant üzərində işlənir, layihə-smeta sənədlərində nədən istifadə olunması nəzərdə tutulacaqsa, biz də o materialdan istifadə edib binanın üzlənməsini təmin edəcəyik”.

Deputat binadakı təmirin ən qısa müddətə və yüksək keyfiyyətlə həyata keçiriləcəyini də söylədi: “Binanı yüksək keyfiyyətlə təmir etməyi öhdəmizə götürmüşük, binanın daxilindəki təmir işlərindən tutmuş, fasadı, damı yenidən qurulacaq”.

Poliuretan materialın keyfiyyətsizliyi haqda fikirlərə də deputatın münasibətini öyrəndik. A.Vəliyev üzlük materialı haqda bunları bildiyini açıqladı: “Bu, çox tez alışan materialdır. Görünür, istehsal prosesində pozuntu olub. İstehsal zamanı yanğına davamlı olması üçün müəyyən qatqılar əlavə olunmalıdır. Yəqin həmin materiallardan istifadə edilməyib. Düşünürəm ki, FHN-in laboratoriyasında poliuretanla bağlı bütün suallara aydınlıq gətiriləcək. Amma bu material tez alışan, tez yanan materialdır”.

Yanan bina ilə bağlı belə məlumatlar da vardı ki, guya binanın üzlənməsi Binəqədi rayonunun rəhbərliyi ilə razılaşdırılmayıb. A.Vəliyevdən Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması ilə məşğul olan ASC-nin rəhbəri olaraq bu məlumatlara münasibətini də öyrəndik. Cavabı belə oldu: “Heç kim, küçədən keçən gəlib binaları təmir edə bilməz. Rayon icra başçısının sifarişçi kimi binanın təmirində istifadə olunan materialdan xəbəri olmaya bilər. İlk görünüşdən görürsən ki, material gözəldir. Amma tərkibi haqda məlumat olmaya bilər. Hər bir materialın məişət sertifikatı olur. Bu, sifarişçiyə təqdim olunur. Bilinir ki, bu material harada istehsal olunur, bunun kimyəvi tərkibi nədir. Görünür, bunun istehsalında texnoloji proses pozulduğuna görə material belə tez yanır”.

Uzun illər tikinti sektorunda çalışmış deputat günahı icraçı təşkilatda gördüyünü də gizlətmədi: “İcraçı sifarişçiyə sertifikat təqdim etməlidir ki, bu material yanğına davamlıdır. Heç bir icra başçısının, sifarişçi təşkilatın laboratoriyası yoxdur ki, bunun sertifikatına inanmasın. Desin ki, sənin sertifikatın saxtadır, sənə inanmıram, gedib öz laboratoriyamda yoxlatdıracağam. Mümkündür ki, sifarişçinin materialın tərkibindən xəbəri olmasın. Tikinti təşkilatı olaraq hazırda respublikada 125-dən artıq tikinti idarəmiz var, Azərbaycanın bütün regionlarında iş görürük. Heç yerdə bu materialdan istifadə etmirik”.

Deputat həmin materiala güvənmədiklərini də açıqlayıb. A.Vəliyev general Bəylər Əyyubovla yaxın münasibətləri haqda mətbuatda yazılanlarla bağlı bunları deyib: “Bəylər Əyyubovla heç bir qohumluğum yoxdur. Yazırlar, yazsınlar. Mən 20 ildən artıqdır ki, prezidentin sərəncamı ilə ölkədə işlər görürəm, millət vəkiliyəm. Ümumi münasibət hamı ilə necə, mənimlə də elə. Bəylər müəllimlə qohumluğum yoxdur”.

Mövcud qanunlara görə deputatlar gəlir gətirən fəaliyyətlə, bizneslə məşğul ola bilməzlər. A.Vəliyev qanunda yazılanlarla razılaşırmı?

“Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”.

Bəs qanunda belə hal nəzərdə tutulurmu?

A.Vəliyev tam qanuni şəkildə fəaliyyət göstərdiyini deyir: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur”.

Məlumat üçün deyək ki, Ağalar Vəliyev YAP-çı deputatlardandır. Parlamentin İqtisadi siyasət komitəsinin üzvüdür. 1957-ci il təvəllüdlü A.Vəliyev 1996-cı il iyunun 19-da mərhum prezident Heydər Əliyev tərəfindən “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır. 2006-cı ildən dövlət investisiyalarının həcmi artdıqca, onun bölüşdürülməsində hökumət ona etibar etməyə başlayıb. Prezident İlham Əliyevin göstərişi ilə “Azəraqrartikinti” ASC-yə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması həvalə edilib. A.Vəliyev prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Qeyd edək ki, Bakıda binaların üzlüyünün dəyişdirilməsi, divarın qaşınması, inzibati binaların tikintisi və təmirinin 80-90 faizi məhz bu şirkətə həvalə edilir. Hökumət Evinin və Milli Məclis binasının təmiri, əlavə 13 mərtəbəli yeni korpusun tikintisini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının tikintisi, Azərbaycan Tarixi Muzeyinin binasının yenidənqurulması, Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, Kimya Problemləri İnstitutunun təmirini A.Vəliyevin rəhbəri olduğu ASC həyata keçirib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb. Hadisə nəticəsində bina yararsız vəziyyətə düşüb. Ölkə başçısının sərəncamı ilə binanın təmiri üçün 3 milyon manat vəsait ayrılıb.

Həmçinin oxuyun

Bakıda şirkət ağac kəsdiyinə görə 50 min manat cərimə edildi

Nərimanov Rayon Məhkəməsi “R.R.Constructions” MMC-nin 50 min manat cərimə edilməsi barədə qərar qəbul edib.Məhkəmə şirkəti …

Bir cavab yazın