Ana səhifə / Gündəm /  Xəzərdə hərbi konflikt ehtimalı varmı?

 Xəzərdə hərbi konflikt ehtimalı varmı?

Son dövrlərdə Türkmənistanın «Transxəzər» layihəsinə xüsusi maraq göstərən tərəf kimi çıxış etdiyi daha aydın müşahidə olunur. Buna əsas səbəb isə Avropa bazarının Aşqabad üçün getdikcə daha cəlbedici olmasıdır.

Xəzərdə ən böyük qaz ehtiyatlarına malik Aşqabad indiyə qədər Avropa bazarına çıxa bilmirdi. Avropa da türkmən qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsilə idxal etmək niyyətindədir. Bunun üçün hazırda Cənub Qaz Dəhlizi layihəsi var və bu layihənin reallaşması üçün hər gün iş aparılır. Aşqabadın bura qoşulması layihənin genişlənməsi deməkdir. Lakin ortada ciddi problem var. Belə ki, Rusiya ilə yanaşı, öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq istəyən İran da buna qarşıdır. Güman ki, Aşqabad və Brüssel bir-biri ilə razılaşacaq. Həmçinin, Bakı və Ankara da buna etiraz etməyəcək. Amma Moskva ilə Tehran buna qarşı çıxacaq. Bu isə ağır dövrlərin olacağı ehtimalını gücləndirir. Ekspertlər Xəzər regionunda yeni münaqişə ocağının yaranmasını da istisna etmir. Lakin təhlükə təkcə bununla məhdudlaşmır. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazev «Taliban» və İŞİD faktoruna da diqqət çəkir. Onun sözlərinə görə, bunlar Xəzərdəki layihələrə təhlükə törədir. Ekspertin fikrincə, hazırda əsas təhlükə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) layihəsinədir: «Bu layihəni təhdid edən «Taliban» gələcəkdə Türkmənistanın digər enerji layihələrinə də təhlükə yarada bilər. Hazırda «Transxəzər» layihəsi üzərində düşünülür. Türkmənistan qazı bununla Azərbaycana, oradan da Avropaya çıxa bilər. Bu, Aşqabad üçün çox önəmlidir. Xəzərdə nəzarətin ciddi olduğu faktı var, lakin heç kim zəmanət verə bilməz ki, TAPİ-ni təhdid edən «Taliban» «Transxəzər»ə, yaxud digər layihələrə hücum etməyəcək. Çünki «Taliban» Türkmənistanın müəyyən ərazilərinə nəzarət etmək iddiasındadır. Qruplaşmanın tərkibində türkmənlərin olması faktı da ciddi siqnaldır».

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev hesab edir ki, Xəzərdə hərbi konfliktin yaranma ehtimalı yoxdur: «İnandırıcı deyil. Yəqin ki, sentyabr ayında Xəzərdə Rusiya hərbi flotiliyası ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birgə təliminin baş tutacağından məlumatınız var. İki dövlət arasında belə təlim ilk dəfədir keçirilir. Ola bilər ki, bu amili də nəzərə alıb belə nəticələrə gəlirlər. Ancaq ehtiyatlanmağa əsas görmürəm. Çünki təlimlərin əsas məqsədi neft yataqları və digər iqtisadi təyinatlı obyektlərin qorunması, xilasetmə işləri və digər bu tipli məsələlərdir. Yəni Rusiyanın və digər dövlətlərin kimə qarşı bu müharibəni aparması inandırıcı deyil. İran nəzərdə tutulursa, bu da mümkün deyil, onlar tərəfdaş dövlətlərdir. Bir sözlə, bu iddia inandırıcı görünmür. Əksinə, Xəzəryanı ölkələr həmin akvatoriyanı əhatə edən layihələrin qorunması istiqamətində birgə addım atır».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın