Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Araşdırma / Müəmmalı qətl, ortadan itən 320 min manat…

Müəmmalı qətl, ortadan itən 320 min manat…

Bakı sakini şikayətinin araşdırılmadığını deyir

“Qohumum mərhum Kərim Süleyman oğlu Əliyevin Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi ev 52 ünvanda və Bakı şəhəri, M.Fətəli döngəsi ev 2, mənzil 10 ünvanda yerləşən 2 mülkünü ələ keçirmək üçün onun ölümündən sonra sənədləri saxtalaşdırmaqla mülkiyyətinə sahib olublar”. Bu sözləri redaksiyamıza ünvanladığı məktubda Bakı sakini Mina Məmmədova yazıb.

 
Məktub müəllifi qeyd edir ki, hüquq-mühafizə orqanlarına yazdığı ərizələrinə cavab ala bilmir:
 
 “Qohumum Kərim Əliyev 11 dekabr 2012-ci ildə qəflətən, müəmmalı şəraitdə öldürülüb. Onun ölümündə Pərviz Rüstəmzadənin rolu var. Guya Kərim Əliyev 2 avqust 2012-ci il tarixli razılaşmaya əsasən ondan 320 min manat alıb. Həmin pulu 2 avqust 2013-cü il tarixinədək qaytarmağı öhdəsinə götürüb. Pulu qaytara bilmədiyi təqdirdə isə onun əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi ev 52 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyət hüququ ilə Pərviz Rüstəmzadənin adına rəsmiləşdirilməsinə etiraz etməyəcəyini öz üzərinə götürüb. Pərviz Rüstəmzadə Kərim Əliyevin öldüyünü bildiyi, hətta dəfndə iştirak etdiyi halda ona qarşı iddia qaldıraraq 320 min manat məbləğində pulun və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə” qətnamə çıxarılması xahişilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.
İddia ərizəsinə hakim Fuad Babayev 23 may 2014-cü il tarixdə baxaraq iddia tələbini təmin edib. Qətnamədə hakim yazır ki, “İddiaçı Rüstəmzadə Pərviz Çingiz oğlunun cavabdeh Əliyev Kərim Süleyman oğluna qarşı borcun məcburi qaydada qaytarılması tələbinə dair iddia tələbi təmin edilsin. 320 min manat pul cavabdeh Əliyev Kərim Süleyman oğlundan alınıb iddiaçı Rüstəmzadə Pərviz Çingiz oğluna ödənilsin. İş üzrə iddia ərizənin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Əliyev Kərim Süleyman oğluna aid edilsin”. 
Qətnamədən apelyasiya şikayəti verdik. Lakin həmin iclasda Pərviz Rüstəmzadə iştirak etmədi. Mərhum K.Əliyevin nümayəndəsi qismində isə Elmira Durasan qızı Məmmədova çıxış edirdi. Nümayəndə Kərim Əliyevin 11 dekabr 2012-ci il tarixdə vəfat etdiyini məhkəmədə demədi. Üstəlik, borcu qismən etiraf etdi. Onu da qeyd etməliyəm ki, Kərim Əliyev sağlığında, 14.08.2012-ci il tarixində 13 saylı dövlət notariat kontorunda Elmira Məmmədovaya etibarnamə verib və 25.08.2012-ci il tarixli ərizəsi əsasında həmin etibarnamə ləğv olunub. E.Məmmədova etibarnamənin ləğv olunduğunu bildiyi halda özünü cavabdeh Kərim Əliyevin səlahiyyətli nümayəndəsi kimi təqdim edib. Üstəlik, E.Məmmədova da K.Əliyevin yasında iştirak edib.
Elmira Məmmədovanın olmayan borcu etiraf etməsi bu işin nəticəsi ilə bilavasitə maraqlı olduğunu sübut edir. Etibarnamənin ləğv edildiyi və etibar edənin ölümü ilə etibarnaməyə xitam verildiyi halda hansı əsasla Elmira Məmmədova özünü onun nümayəndəsi kimi təqdim edib?”
Məktub müəllifi yazır ki, qanuni qüvvəsini itirmiş etibarnaməyə əsasən E.Məmmədova faktiki olaraq olmayan borcu etiraf edib: “Qeyd edildiyi kimi etibarnamə ləğv edildikdən sonra, ləğv edilmiş etibarnamədən istifadə ediblər. Bu isə qanuna görə yol verilməzdir. Borc verən nədənsə 320 min manat küllü məbləğdə borcun verilməsi barədə razılaşmanı notariat qaydada təsdiq edilməməsinin səbəblərini aydınlaşdırmır. Əgər borc verən küllü məbləğdə pul vermişdirsə, borc təminatı olaraq onun adına sənədləşdiriləcəyi vəd olunan Nəsimi rayonu, S. Rüstəm küçəsi ev 52 ünvanda yerləşən fərdi yaşayış evinin sənədlərinin əslini almışdımı? Yox almayıb.
Həmin evin sənədlərini Pərviz Rüstəmzadənin hazırda etibarnamə üzrə nümayəndəsi olan Elşən İsmayılovla Elmira Məmmədova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər. İddialarında göstəriblər ki,  Bakı şəhəri, S.Rüstəm küçəsi 52 saylı ünvanda yerləşən fərdi yaşayış evinin sənədlərinin itdiyi və tapılmadığı üçün evə texniki pasport və dövlət reyestrindən çıxarış verilsin. İddia təmin edilib. 
Bu yolla Kərim Əliyevin əmlakı ölümündən sonra ələ keçirilib. K.Əliyev vəfat etdiyi zaman onun barmağında 3 karatlıq brilyant qaşlı üzük və boğazında boyunbağını və bir karatlıq brilyant qaşı da götürüblər. Evindəki qızıl-zinət əşyaları yoxa çıxıb. Hətta onun ölümü haqda şəhadətnaməni Pərviz Rüstəmzadənin atası Çingiz Rüstəmzadə alıb. K.Əliyevin əmlaklarının saxta sənədlərlə qanunsuz yolla ələ keçirilməsi haqda şikayət ərizələri yazdığıma görə mənə qarşı tanımadığım şəxs vasitəsilə hədə-qorxu gəlirlər”.
Məktub müəllifi məsələnin araşdırılmasını xahiş edir.
 
E.HÜSEYNOV

Həmçinin oxuyun

VERGİDƏN YAYINDIRILAN MİLYONLAR VƏ… – “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”

“Keçmiş şəriki, iş adamı Arzuman Əliyevin cinayət təqibi təhlükəsi qarşısında ölkədən didərgin düşməsinin səbəbkarı olan …

Bir cavab yazın