Cümə , Oktyabr 23 2020
Ana səhifə / Araşdırma / Minlərlə mühafizəçinin pulunu yeyən şirkət rəhbərlərinin məhkəməsi başlayır

Minlərlə mühafizəçinin pulunu yeyən şirkət rəhbərlərinin məhkəməsi başlayır

Yaxın günlərdə külli miqdarda dələduzluq əməllərinə yol verdiklərinə görə həbs olunan “Qala BTX” MMC və “Azər Mühafizə”-nin vəzifəli şəxslərinin və digərlərinin məhkəmə prosesi başlayacaq.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslərin sayı 38 nəfərdir. Yaxın günlərdə cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qənizadənin icraatındadır.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları işə düzəltmək adı ilə aldadan adamlar haqqında məlumat yayıb. Məlumata görə, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Aparılan araşdırmalarla müəyyən olunub ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs-qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.3.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın