Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Araşdırma / Gömrükdən külli miqdarda göz dərmanı keçirən şəxs: “Bu səhvi 600 manata görə törətmişəm”

Gömrükdən külli miqdarda göz dərmanı keçirən şəxs: “Bu səhvi 600 manata görə törətmişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edir.

İttihama görə, Şirzad Abbasov Rusiya Federasiyasının Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda “Tropikamid” dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını “Samur” gömrük postundan gizli şəkildə keçirib.

Törətdiyi cinayət əməlinə görə Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Şirzad Abbasov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində icarəyə götürdüyü “Mersedes Benz DA” markalı avtomobillə Gəncədən Moskva şəhərinə və əks istiqamətə sərnişin daşımaqla ailəsini dolandırdığını göstərib. Növbəti dəfə 27 mart 2016-cı ildə sərnişin və qarışıq yüklər götürərək Moskvaya yola düşüb. Orada olarkən təsadüfən Gəncə şəhər sakini kimi tanıdığı, Moskvada taksi fəaliyyəti ilə məşğul olan Rasim adlı şəxslə görüşüb. Rasim ondan Gəncəyə nə vaxt qayıdacağını soruşub: “Dedi ki, bir qədər göz dərmanı var, onları Azərbaycana keçirmək lazımdır. Bunun müqabilində 600 manat verəcəyini bildirdi, razılaşdıq. Həmin gün axşam Rasim üç ədəd salafon torbada olan dərmanları gətirib mənə verdi. Dərmanlara baxıb “Tropikamid” adlı göz damcıları olduğunu gördüm. Rasim üç gündən sonra Gəncəyə gələcəyini və dərmanları götürəcəyini dedi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dərmanların sayı çox olduğundan onları gömrükdən keçirməyin mümkün olmayacağını görüb. Odur ki, avtomobilin arxa təkərlərinin üzlüyünü sökərək dərmanları həmin boşluğa töküb və üzlüyü bağlayıb, Gəncəyə yola düşüb. Aprelin 8-də “Samur” gömrük postuna daxil olub. Gömrük əməkdaşları avtomobilin rentgendən keçməli olduğunu bildirdikdə Ş.Abbasov dərmanların aşkar olunacağından ehtiyat edərək üzlüyün altında göz damcıları gizlətdiyini bildirib. Gömrük əməkdaşları iki nəfər hal şahidinin iştirakı ilə avtomobilə baxış keçiriblər: “Baxış zamanı gizlətdiyim dərmanlar aşkar edilərək götürüldü. Həmin dərmanların güclü təsir edən maddə olmasını bilməmişəm. Hətta o dərmanlara baxdıqda üstündə göz şəkli olduğunu görmüşəm, göz damcısı olduğunu bilmişəm. Ümumiyyətlə, hər hansı bir dərmanın gömrükdən keçirilməsinin qadağan edildiyini bildiyim üçün onları gizlətmişdim. Bu səhvi 600 manat pul qazanmağa görə etmişəm”.

Məhkəmə şahid ifadələri ilə davam edir.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …

Bir cavab yazın