Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / MODERATOR.AZ SAYTININ ADI 30 MİN AVROLUQ QALMAQALDA HALLANIR

MODERATOR.AZ SAYTININ ADI 30 MİN AVROLUQ QALMAQALDA HALLANIR

Laçın Məmişov: “Qənimət Zahid, istəsən, səninlə bağlı Azərbaycan «Wilkileaks»ının bir neçə abzasını dərc edim, ondan sonra baxım, halına…”

Xaricdə yaşayan mühacirlər arasında növbəti qalmaqal başlanıb. Zaman-zaman sosial şəbəkədə bir-biri ilə bağlı səs-küylü ittihamlar səsləndirən mühacirlərin son qovğasında isə olduqca ciddi məqamlar yer alıb.

İsveçrədə yaşayan mühacir Laçın Məmişov Fransada baş vermiş bir pul yığımı zamanı yaşananları işıqlandırıb. Bununla bağlı status yazan L.Məmişov orada aşağıdakıları qeyd edib: “Dostlar, hamınız mütləq oxuyun, özünüz ədalətli qərar verin! Eldəniz Quliyev, Cəmil Həsənli, Əli Kərimli, Rüstəm İbrahimbəyov, zəhmət olmasa, münasibət bildirin! Daim Milli Şuraya, AXCP-yə, müxalifətə, “Azadlıq” qəzetinə, vətəndaş cəmiyyətinə, jurnalistlərə, “Meydana gəl” proqramı ilə maddi, mənəvi, fiziki dəstək olan bir adama qarşı “çox sağ ol”du? Həmin adamam ki, qəzet bağlananda, qəzetə hücum edənlərin provokativ hərəkətlərinə anında da cavab verdim. Gizlin bir işimiz olmadığı üçün bura ictimayyətin nümayəndələrini də tag edirəm ki, qoy, onlar da öz fikirlərini bildirsinlər. Görək, bu oyunları aparmaqda Qənimət Zahid və dəstəsinin bəzi üzvlərinin məqsədi nədir?! Ramil Usubovun şikayəti əsasında Eldəniz müəllim məhkəmə qaydasında cərimələndi və 480 saat ictimai işlərə cəlb olunması haqqında qərar çıxarıldı. Həmin ədalətsiz qərara əsasən Milli Şuranın bütün tədbirlərində, mitinqlərində öndə gedən, Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev həbs oluna bilərdi. Bu məsələ ilə bağlı Eldəniz müəllimə dəstək aksiyası təşkil etdik. Xaricdən mən, Azərbaycandan isə Moderator.az saytının əməkdaşı Seymur Əliyev həmin aksiyanı idarə etdi. Azərbaycanda, Avropada və bütün düynada yaşayan azərbaycanlılara çağırış etdik ki, gəlin, bu cəriməni toplayıb, ödəyək və ictimai işləri isə bütün ölkələrdə Azərbaycan səfirliyinin qarşısında aksiya şəklində yerinə yetirək. Gedib səfirliyin qarşısını süpürərək, “Hamımız Eldəniz Quliyevik” transporantlarını da nümayiş etdirək. Həmin çağırışa Milli Şura və müxalifət partiyalarının heç biri qoşulmadı. Yardım edənlər pulu Seymur Əliyevə göndərdilər. Yəni ya bank hesabına, ya da ki, pul köçürmələri vasitəsi ilə… Həmin ərəfədə mən Azərbaycanda deyildim. Toplanan pullar ümumiyyətlə, mənim əlimə də dəymədi. Həmin ərəfədə hər toplanan manatın hesabatı yaradılmış xüsusi səhifədə vaxtaşırı paylaşılırdı. Seymur Əliyevdən xahiş etdim ki, bank hesabının dövriyyəsini çıxarıb, nə qədər pul toplanmasının hesabatını mənə göndərsin. Ona görə yox ki, Seymur Əliyevə nəsə bir iddiam var, xeyr… Qənimət Zahid və onun ətrafında olan bir neçə nəfər iddia edir ki, guya Eldəniz müəllimə dəstək aksiyasında pul, “Facebook”da şəffaf siyahıda göstərildiyindən çox toplanıb. Hətta Qənimət Zahid özü belə, 350 avro pul göndəribmiş. Amma həmin pul Eldəniz müəllimə gəlib, çatmayıb. Seymur Əliyevə də çatmayıb. Mənim isə ümumiyyətlə, o puldan xəbərim yoxdur. Xahiş edirəm, Qənimət Zahid aydınlıq gətirsin, pulu kimin vasitəsi ilə hara göndərib? Əgər göndəribsə, bunu öz yaxın ətrafının vasitəsi ilə edib. Demək, pul çatmayıbsa, o zaman oğurluğu özünün pulu göndərdiyi adamlardan görsün və hesabatını da onlardan sorsun. Yox, əgər, göndərməyibsə, o zaman bu provokasiyanı etməkdə məqsədi nədir? Hələ üstəlik, Eldəniz müəllimə də deyir ki, “Sizin bildiyinizdən qat-qat çox pul toplanıb”.

L.Məmişov statusunda həmçinin yazıb ki, Q.Zahidin müəllifliyi ilə E.Quliyevə dəstək aksiyası zamanı 30.000 avro pulun toplanması barədə şayiə də buraxılıb: “Amma niyəsə bizim o puldan xəbərimiz yoxdu?! Qeyd etmək istəyirəm ki, Eldəniz müəllim üçün toplanan pulun içində bir nəfər də olsun, müxalifət lliderinin, funksionerinin bir manatı belə, yoxdur. Hansı ki, bu kampaniyanı etmək, dəstəkləmək onların boynunun borcu idi. Bütün ictimaiyyətdən cəmisi 500-600 manat pul toplanmışdı. Hansının ki, siyahısı yaratdığımız eventdə hər gün bir neçə dəfə paylaşılırdı. Yaxşı, bu 30.000 avro haradan çıxdı? Qənimət Zahid bu pula sahiblənməkdə kimi ittiham edir? Seymuru, məni, ya Eldəniz müəllimi..? Bəlkə özünün etdiyi müəmmalı fəaliyyətlər haqqında danışsın? Bəlkə özünün həzm-rabedən keçirdiyi 5 və 6 rəqəmli məbləğlər haqqında xalqa hesabat versin ki, biz də bir görək, o pulları haradan alır? Hamı da görsün ki, Qənimət kimin Zahididir? Ümumiyyətlə, son zamanlar Qənimət Zahidin şayiələr yaymaqda məqsədi nədir? Kimin sifarişini yerinə yetirir? Xahiş edirəm, bu məsələyə aydınlıq gətirsin. Ümumiyyətlə, bu neçənci dəfədir ki, Qənimət Zahid qeyri-ciddi və ya düşünülmüş şəkildə ciddi dağıdıcılıq siyasəti aparır. Hamınızdan xahişim odur ki, cəmiyyətimizdə son zamanlar baş alıb gedən riyakarlığa biganə qalmayasınız. Hamılıqla bu məsələni aydınlaşdıraq. Görək, Qənimət Zahidin qarnının azarı nədir?”

L.Məmişov xatırladıb ki, ötən il “Mühacirlər” filminin birinci bölümü çəkiləndən sonra yenidən Avropaya gəlib. İlk gəldiyi şəhər isə Praqa olub: “Mətanət Əzizova ilə görüşəndən sonra Fransaya getdim. Parisdə ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə görüşməli idim. Fransanın Caen şəhərində İnqilab Kərimovgildə idim. İnqilab Kərimov nə qədər məcbur etdi ki, getmə, hələ bir gün də qal… Dedim ki, yox, vacib görüşüm var. Caenə getməmişdən Aqil Xəlillə danışmışdım. Parisdə onunla da görüşməli idim. Elşad Abdullayevlə görüşəcəyim haqqında Qənimət Zahidin məlumatı var idi. Razılaşdığımız vaxt görüş yerinə gəlirəm, 5 dəqiqə qalmış Elşad müəllim zəng vurur ki, “Müəllim məni bağışla, mən gələ bilmədim”. Soruşdum ki, nə oldu, nə baş verdi? Konkret bir söz deyə bilmədi. Səsindən, danışıq tonundan hiss etdim ki, burda nəsə bir iş var. Sonradan Elşad Abdullayev etiraf etdi ki, görüşə 10 dəqiqə qalmış ona Aqil Xəlil zəng vurur və deyir ki, “Laçın Bakıdan səni öldürmək üçün gəlib”. Ən maraqlısı da odur ki, elə həmin gün Aqil Xəlil Parisdə axşam mənimlə görüşür və birlikdə oturub, yapon restoranında yemək yeyirik. Yaxşı, sual olunur, əgər, mən hakimiyyətin adamı idimsə, tapşırıqla gəlmişdimsə, o zaman bu tapşırığı ancaq rəhmətlik MTN verə bilərdi. Əgər Aqil Xəlildə bu məlumat var idisə, bu məlumatı ona yalnız MTN verə bilərdi. Belə idisə, o zaman Aqil Xəlil A.Covdarovla düşmən olduğu halda, mənimlə niyə görüşürdü və niyə birlikdə çörək yeyirdi? Bu virusu ona yalnız Qənimət Zahid ötürə bilərdi. Və məqsəd nə idi ki, Elşad Abdullayevlə bizim görüşümüz baş tutmasın? Ümumiyyətlə, Aqil Xəlil bu dezinformasiyanı Elşad Abdullayevə verəndən sonra hansı üzlə oturub, mənimlə çörək kəsdi?!”

Statusda o da qeyd olunub ki, L.Məmişov 10 ay boyunca Tiflisdə qaldığı zaman da onun niyə Gürcüstanda olması barədə yersiz müzakirələr aparılıb: “Başlamışdılar ki, niyə Avropada siyasi sığınacaq almır. Bəli, mən Avropada siyasi sığınacaq almaq istəmirdim, ümumiyyətlə, belə bir fikrim də yox idi. Mən düşünürdüm ki, Gürcüstanda Azərbaycandan qaçmaq məcburiyyətində qalmış insanlar üçün layihə edib, onlara dəstək ola bilərəm. Cəmiyyətimiz üçün də səmərəli bir iş görərəm. Ən azından orada olduğum müddətdə heç bir layihə filan etmədən imkanım çatan qədər Azərbaycandan qaçıb gələn adamlara nəyə gücüm çatdısa, etdim. Hamısının da analarının südü kimi haqqı-halal xoşları olsun. Nə isə, gəlib çıxdım İsveçrəyə, elə alındı ki, geri dönməli olmadım. Hamıya bəllidir ki, siyasi sığınacaq üçün müraciət edən şəxsin status almadan başqa ölkəyə səyahət etmək üçün nə izini, nə də heç bir sənədi olmur. Yəni ilkin olaraq N tipli sənəd verirlər. Sonra isə F pasportu… Həmin F pasportu ilə müraciət etdiyin ölkədən kənara çıxa bilməzsən. Mənim F pasportum olan bir mərhələdə Qənimət Zahid mənə yazdı ki, “Besancona gəlmisən. Mənə niyə xəbər etməmisən?” Mən də elə zənn etdim ki, zarafat edir. Həmin gün də mənə həbsdə öldürülən Elşad Babayevin işinin yeganə şahidinin audioyazılarını göndərmişdilər. O məlumatları Qənimət Zahidə verməyi düşünürdüm. Dedim, elə yaxşı yazdın, sənə belə bir material verəcəm. Lakin az keçmədi, mənə Almaniyadan Riyad Əliyev yazdı ki, “Laçın müəllim, mənə bayaqdan bir neçə nəfər zəng edib, soruşur ki, sizi Besanconda görüblər. Vağzalın yanındakı oteldə qalırsınız, əyninizdə də “sportivni kostyum” var”. Bu mesajdan çox təəccübləndim, axı mənim haradasa olmağımı, Riyad Əliyevdən niyə soruşursunuz? Axı Riyad Əliyev mənim nəyimdi? Dostumdu? Qardaşımdı? Qohumumdu? Biznes ortağımdı? Həmin gün Riyad Əliyevə zəng vurdum, dedim, açıq mənə de, bu, nə məsələdi? Dedi ki, bəs Qənimət Zahidin işçiləri deyir ki, səni Qənimət Zahid Besanconda görüb. Həmin ərəfədə sənədim belə, yox idi. Soruşdum ki, axı mən Besancona necə getmişəm ki, həmin gün oturub, burada dostumuzun ad gününü qeyd etmişik, həm də heç bir sənədim olmaya-olmaya..? Bu arvad dedi-qodusu kimə lazımdı, baş aça bilmirəm? Həm də ay Riyad müəllim, məni səndən niyə soruşurlar? O da bir söz deyə bilmədi. Rusca dedi ki, “ne znayu Lachin muəllim, ya toje udivilsa”. Yaxşı Qənimət Zahid məni Besanconda lap deyək ki, görmüşdüsə, o zaman niyə yaşmaqlanıb, yanımdan keçirdi? Axı bu uydurmaları yaymaqda bu adamın məqsədi nədir? Qənimət Zahidin özünə yazdım ki, başa düşmürəm, bu “paraşanı” kim buraxır? Susdu, cavab yazmadı. Zəng vurdum, cavab vermədi”.

L.Məmişov yazıb ki, Q.Zahid artıq neçənci dəfədir ki, belə tərbiyəsizliklərə yol verir: “Bu günə kimi dinmirdim, aramızda olan haqqı-salam, xətir-hörmət, duz-çörəyə görə susurdum. Fikirləşirdim ki, bu adam da hamımızla birgə mübarizə aparır. Amma bu gün baxıram ki, bu adamın hərəkətlərinə baş qoşmadıqca, daha da geniş “planlar” həyata keçirdir. Bir az əvvəl tək özü araqızışdıranlıq edirdisə, indi başına aşıq-balabançı və zurnaçılarını da yığıb, dəstəsinin bəzi üzvləri də ona qoşulub, “Zəmin-xarə” üstündə züy tuturlar. Harada ağızlarına nə gəldi, haqqımda danışırlar. Bildirmək istəyirəm ki, Qənimət Zahid, mən sənin üçün İlham Əliyev deyiləm, Laçın Məmişovam. Sənə bu günə kimi qoyulan hörmətin qabağında ancaq namərdlik etmisən. İstənilən zaman nə demisənsə, “baş üstə” demişəm. Amma həmişə məni dar məqamda atıb, qaçmısan. Özü də havayı qaçmamısan. Susmağın üçün haqqını qarşı tərəfdən almısan. Elə bilmə ki, mənim heç nədən məlumatım, xəbərim yoxdu. İstəsən, səninlə bağlı Azərbaycan «Wilkileaks»ının bir neçə abzasını dərc edim, ondan sonra baxım, halına. Görüm, ondan sonra necə yağlı bozbaşı yeyib, “Azərbaycan saatı”proqramında yarıac, yarıtox xalqı susmaqda, cəhalətdə suçlayırsan. Əslində elə haqqın da var. Çünki bu millətin faciəsi ilə spekulyasiya edib, o ki, var reketlik edirsən. Hətta öz qohum-qardaşlarının da taleyi ilə qumar oynayırsan. İstəyirsənsə, cənab faktlar danışsın. Dillənsin? Mənim isə səndən fərqli olaraq nə utanacağım, nə də gizlədəcəyim bir işim yoxdur. Sən, bir dəfə yazmışdın ki, Şirvanın “sonuncu sufisi mənəm” – Sən Şirvanın sonuncu sufisi deyilsən. Şirvanın ən sonuncu Şeyx Əzəmisən. Sənin xislətin ancaq Şeyx Əzəm kimi adama torba tikməkdi. İndi zəhmət çək, aydınlıq gətir. Mən də öz növbəmdə sənin hələ qalan məsələlərini, yaydığın şayiələrini – haradan və necə bəhrələnib və gündəmə nə üçün buraxdığın haqqında atacağım addımları düşünüm. Bir də yadındadırsa, Besanconda səninlə nərd oynayanda, 3 tas marsı sənə acqarına yedirdəndən sonra dedim ki, sən mənim üçün istənilən bir sahədə çox zəif bir uşaqsan. İstəyirsənsə, sənə kəramətimi göstərim? İndi gəl, çıxar zahirə batinindəkini görək, sən kimin Zahidisən? Bir barmağının kəsilməməsi üçün həqqdən qaçıb, milləti bir-birinə niyə düşmən edirsən? Sənin dilini (mənəvi olaraq) kəssəm, neynəyəcəksən? Sənin məqsədin məni provokasiyaya çəkmək, nəsə düşünülməmiş addımlar atmağa sövq etməkdi, əzizim… Amma unutma ki, sən ağzını açıb, nəsə danışmaq istəyəndə, artıq bilirəm ki, məqsədin nədir”.

L.Məmişov sonda qeyd edib ki, Q.Zahidin məqsədinin Avropada mühacirləri parçalamaq olduğu halda, onun məqsədi isə mühacirləri birləşdirmək idi.

Bu statusun altında isə xeyli müzakirələr gedib. Müzakirəyə qoşulan əksər mühacirlər L.Məmişovdan bu məsələni Q.Zahidlə üzbəüz danışıb, müzakirə etməyi xahiş ediblər.

Amma statusda adı hallandırılanlardan mühacir jurnalist Aqil Xəlil bunlara cavab yazıb. Jurnalist bildirib ki, həyatında bir dəfə də olsun, Elşad Abdullayevlə salamlaşmayıb: “Zibilinizi məndən uzaq tutun!! Ayıbdır!! 4 il bu adamın “supermarket”ində oxumuşam, heç onun üzünü belə, görə bilməmişəm. O ki, qaldı onunla Parisdə görüşəm? Ayıb deyilmi? İnsanların hissiyyatı ilə oynamaq kimə lazım? Mənim burada heç nəyi müzakirə etməyə nə vaxtım, nə də həvəsim yoxdur. Əgər bunu bilmək istəyirsənsə… Sadəcə adım hallandı deyə cavab verməmiş keçə bilmədim. Bu qədər!!! Qaldı ki, bu hadisədən neçə il keçib? Bunu əgər sənə həqiqətən deyibsə, niyə indi ortaya çıxır? Bunu başa düşə bilmirəm, mən. Belə səmimi idinsə, ən azından məndən birbaşa da soruşa bilərdin, bu neçə ildə, deyilmi? Nə isə, yuxarıda da dediyim kimi, zibilinizi məndən uzaq tutun, xahiş edirəm”.

Mühacirlərdən, AXCP funksioneri Natiq Adilov da Laçın Məmişova sərt cavablar verib. O, müzakirələrə qatılıb və Məmişovu qınayaraq yazıb: “Gümanları fakt kimi yazmısan, hələ münasibət və söhbət istəyirsən. Bu status söhbət, aydınlaşma üçündü ya dava? Gördün ki artıq fakt kimi təqdim etdiyin bir şey yalan çıxdı. Nəsə, xoşagəlməz söhbət oldu. Yenə də özün bilən məsləhətdi…

Daha sonra L. Məmişovun səhifəsində geniş müzakirələr açılıb və mühacirlərə Azərbaycanda yaşayan ictimai siyasi fəallar da qoşulublar. Onların bəziləri L. Məmişovu qınayıb, bir çoxu isə dəstəkləyib.

Mühacir, Q. Zahidin yaxın dostlarından olan Fikrət Hüseyinli isə yazıya belə münasibət bildirib: “Laçın, xətrinə dəyməsin çox qeyri-ciddi bir yazıdır. Özün deyirsən ki, camaat qeybət edir, özün də burda qeybət yazmısan. Elşad Abdullayev belə dedi, Riyad belə söylədi və sair. Jurnalistika ilə məşğulsan. Faktla danışmalısan. Agillə çörək yeyərkən sözünü üzünə deyib zəng vuraydın Elşada. Soruşaydın bu nə məsələdir? Riyaddan da eyni zaman deyərdin ki, fakt göstərsin ki, bunu ona kim deyib. Burda açıq aşkar adamlar haqqında ittiham irəli sürüb, ara söhbətləri yayıb insanlardan rəy bildirməyini istəyirsən. O zaman soruşuram 30 min söhbətini kim deyib, harda deyib? Yaz həmin adamın adını bura. Qoy cavab versin. Bu cür ara söhbətlərini götürüb yazmaq sənin yaşındakı adama ən azı yaraşmaz. Sözün müqəddəsliyindən danışırsansa, o zaman sözü müqəddəs tut. Ona qalsa sənin də barəndə Xədicə İsmayıl deyirdi ki, Laçın MTN-ə işləyir. İndi biz hamımız sənin MTN-ə işlədiyini indi də bu statusu sənə Dövlət Təhlükəsizlik Xidmətinin yazdırdığınımı düşünməliyik?”

Müzakirələrin gedişində iddialara haqqında söhbət gedən yazıçı Eldəniz Quliyev də reaksiya verib. O, bunları yazıb: “Sözün doğrusu, həm bu statusu, həm də komentləri oxuyub üzüldüm… Qısaca aydınlıq gətirim. Əvvala, çətin vaxtımda, məhkəmələrin və DİN əməkdaşlarının məni seytnota saldığı,təqib etdiyi bir məqamda həmrəylik nümayiş etdirib mənəvi və maddi yardım edən bütün dostlara minnətdarlığımı bildirirəm. Bu “jesti” heç zaman unutmayacam. Çox sağ olun! Sizlərin,ilk növbədə Laçın bəyin,Seymur bəyin köməkliyi olmasaydı çox güman ki, həbsdən yaxa qurtara bilməyəcəkdim. Qənimət bəyə də təşəkkür edirəm; nə mümkün idisə elədi – mənəvi və informasiya dəstəyi verdi. Yığılan 500 manata qədər pulun üstünü düzəldib cəriməni vaxtında ödəyə bildik. Sadəcə, özünü Qənimət bəyə yaxın sayan bir nəfər konkret olaraq, bir qədər də əsəbi şəkildə mənə yazdı ki, sizin adınız 30 min avro almaqda hallanır, bu qədər pul sizə çatıbmı? (Güman ki, onun da narahatçılığı səmimi idi.)Yazdım ki, xeyir, bu qədər pulun toplanmasından xəbərim yoxdur. Və mənə çatan məbləğə də şükür edirəm. Çox güman ki, Qənimət bəy də belə xəbərləri eşitdiyindən məsələnin mahiyyəti ilə maraqlandı. Mən ona da yazdım ki, həm Laçının, həm də Seymurun hər hansı başqa bir niyyətdə ola biləcəklərini düşünmək belə istəmirəm… Əlqərəz, Laçın bəydən xahiş edirəm ki, bu üzücü polemikaya nöqtə qoysun və Qənimət bəylə görüşüb kölgəli münasibətlərinə aydınlıq gətirsin. Düşünürəm ki,İndiki vaxtda belə məsələləri ictimai müzakirəyə çıxartmaq düzgün deyil. Laçın bəy, mümkünsə lütfən, bu statusu silin. Hər birinizə böyük hörmətlə!”

Mühacirlərin və qeyrilərin facebookdakı çəkişməsi davam edir. Facebook istifadəçiləri gedişatı bu linki təqib etməklə, izləyə bilərlər:

https://web.facebook.com/Lachin.Mamishev?fref=ts

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın