Ana səhifə / Şou Biznes / Təndir damında yaşayan 3 uşaq, ölümlə hədələyən qəddar ata və çarəsiz ana… – VİDEO

Təndir damında yaşayan 3 uşaq, ölümlə hədələyən qəddar ata və çarəsiz ana… – VİDEO

Kənd yerlərində bəzi həyətlərdə çörək bişirmək üçün balaca daxmalar olur. Qadınlar orada təndirə çörək yapırlar. Ancaq elə ailələr var ki, evləri olmadığı üçün bu daxmada yaşayırlar. Bu gün sizlərə belə bir ailədən bəhs edəcəyik.
Əslən Şamaxı rayonundan olan 32 yaşlı Asudə Baxşəliyeva Abşeron rayonu, Təzəkənd kəndində yaşayır. Onun üç oğul övladı var. 10 il öncə ailəsi onu tanımadığı həmyerlisi Raci Bünyatovla evləndirib. Üstəlik, sadəcə, dini kəbinlə…
Asudə evlənən zaman gələcək həyat yoldaşının kimliyini belə, bilməyib: “Bizdə sevib, evlənmək yoxdur. Atamız kimi deyirsə, onunla evlənməliyik. Məndə də elə oldu. Dini kəbinlə evləndik. Sonra buraya köçdük”.
Beləcə ailə həyatı quran Asudənin acınacaqlı günləri başlayıb. İlk günlərdə normal davranan ər, sonrakı zamanlarda Asudəni döyməyə başlayıb. Sonra isə övladlarına bıçaq çəkib. Onları öldürməklə hədələyib. Məzlum qadın isə çarəsizliyindən bütün bunlara dözüb.
Həyat yoldaşı zamanla onlara daha çox nifrət etməyə başlayıb. Bu nifrət o qədər güclü olub ki, yardımlar sayəsində tikilən evi də yandırıb. O, bununla da kifayətlənməyib. Evin bütün divarlarını, qapı və pəncərələrini, tavanını uçurub. Hər kəsə də “Onları (həyat yoldaşı və 3 oğlunu nəzərdə tutur – red) öldürəcəyəm. Gözüm onların üstündədir. Bir gün gələcəm və hamısının başını kəsəcəm” sözlərini deyib.
Asudə kənddə böyüyüb. Ailəsi ona təhsil almaq imkanı belə, verməyib. Hüquqlarını necə müdafiə edəcəyini belə, bilməyən Asudə, indi çarəsiz halda qalıb. Yeganə şikayət etdiyi yer Abşeron rayon Polis İdarəsidir ki, orada da işə ciddi yanaşılmayıb.
Çarəsiz ana hazırda övladları – 8 yaşlı Musa, 4 yaşlı Polad, 3 yaşlı Sirac ilə birgə 5 aydır ki, qonşularının onlara müvəqqəti verdiyi çörək damında yaşayır. Ailənin kiçik oğlu Sirac, astma xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin daşıyıcısı olan uşaqları nəm, soyuq evlərdə saxlamaq qətiyyən olmaz. Lakin hazırda ailənin başqa sığınacaq yeri yoxdur.
Asudə ilə Raci səkkiz il ailəli olsalar da, rəsmi nikahları yoxdur. Ancaq dini kəbinlə yaşayıblar.
Çarəsiz qadın deyir ki, gəlin köçdüyü bu kənddə ancaq zülm çəkib: “Mən bu kəndə gəlin köçmüşəm. Yaşadığımız evin normal qapısı belə, yox idi. Hər yer nəm idi. Qışda uşaqlar soyuqdan donurdu. Elə ona görə də, Sirac xəstəlik tapdı. Sonra bizə xeyriyyə cəmiyyətindən olan bir xanım (Təşkilatın və xanımın adını gizli saxlamağımız öz istəkləridir) yardım etdi. Evi normal hala saldı. Televizor, soyuducu, istilik sisteminə (kombi) kimi aldı. Amma Raci bunu öyrənən kimi, o xanımdan tələb etdi ki, aldıqlarını geri aparsın. Sonra isə məni döydü.
Polisə şikayət elədim. Bir gün saxlayıb, buraxdılar. Polisdən çıxan kimi gəlib, evi yandırdı. Deyirlər ki, xəstədir, əlində “dəlilik kağızı” var. O, xəstədirsə tutsunlar. Məni və uşaqlarımı öldürməklə hədələyir. Bizi kim qoruyacaq?
Böyük oğlum hər şeyi başa düşür. Atasının onları öldürmək istədiyini bilir. Ona görə də, qonşuda qalır. Deyir ki, “Ana atamdan qorxuram”.
Asudənin ailəsi də onlara yaxın durmur. Kənddə iş olmadığından Asudə işsizdir. Elə bir bağça da yoxdur ki, uşaqları qoyub, şəhərə işləməyə gəlsin: “Kənddə iş yoxdur. Mənim işim xadiməlik, yun çırpmaqdır. O da 3 uşağı saxlamağa kifayət etmir. Yaxşı ki, təşkilatdan olan xanım var, onun sayəsində dolanırıq. Böyük oğlum məktəbə gedir. Onun da hər şeyini o xanım alıb. Buranın damı sadəcə, şiferdən ibarətdir. Yağış yağan zaman içəri su dolur. Elə olur ki, günlərlə işıq yanmır. Ancaq odun sobası ilə isinirik”.
Kimi qınayaq? Qızlarını bir əşya kimi belə bir şəxsə bağışlayan, sonra isə arxasından çəkilən valideynlərimi, 3 oğul atası olan ərimi, belə bir ailəyə acımayan qurumlarımı?
Lakin ümidlər sonda ölür. Çarəsiz ana imkanı olan hər kəsdən kömək diləyir. Bu ailəyə bir qarın yemək, isti geyim və insan kimi yaşamaq üçün ev lazımdır. Yəqin ki, bu yardımı edə biləcək kimlərsə var.
Köməklik etmək istəyənlər üçün əlaqə telefonları:
Ailənin yaxını Aytən xanım: 077-347-16-14
Müəllif: 055-529-16-09 musavat.com





















Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın