Apasport.az xəbər verir ki, idmançılarımız mundialın ilk günündə yığmamızın medal hesabını açıb. Millimizin 60 kq çəki dərəcəsindəki lideri Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Həmyerlimizə qələbə üçün 49 saniyə kifayət edib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda döyüşdə 26 yaşlı Səfərov Eldost Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Olimpiya Oyunlarının gümüş mükafatçısı da təmsilçimiz qarşısında aciz qalıb. Orxan bu dəfə də vaxtından əvvəl qələbə qazanıb və Rio-2016-nın yarımfinalındakı məğlubiyyətin revanşını alıb.

Dünya və Avropa çempionatlarının mükafatçısı olan təmsilçimiz yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Cüdoçumuz bu dəfə də ipponla qələbə qazanıb. 2 dəqiqə 10 saniyəyə finala yüksələn təmsilçimiz yığmamızın ilk medalını təmin edib.

Orxanın həlledici qarşılaşmada rəqibi Naohişa Takato olub. Rio-2016-da bürünc uğrunda döyüşdə uduzduğu asiyalıdan revanş almağa çalışan Orxan bunun öhdəsindən gəlməyib. İpponla uduzan Səfərov mundialı gümüş mükafatla bitirib.