Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / BANKLAR XIRDA ƏSKİNASLARDA OLAN XARİCİ VALYUTANI NİYƏ QƏBUL ETMİR? – PROBLEM

BANKLAR XIRDA ƏSKİNASLARDA OLAN XARİCİ VALYUTANI NİYƏ QƏBUL ETMİR? – PROBLEM

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov ölkədə yaşanan olduqca ciddi problemlə bağlı Azinforum.az-la fikirlərini bölüşüb. Söhbət xırda əskinaslarda olan tanınmış  xarici valyuta  nümunələrinin banklar tərəfindən dəyişdirilməsinin mümkün omamasından gedir. Partiya sədri avro ilə bağlı belə halı müşahidə etdiyini bildirir. Ancaq Azinforum.az-ın bu sahədə apardığı araşdırmadana sonra məlum olub ki, analoji vəziyyət başqa valyutalarla bağlı da yaşanır. Elşən Həsənovun başına gələn hadisə ilə bağlı yazdıqlarını təqdim edirik:

“Hər şey, uşaqların xarici ölkələrə etdikləri səfər zamanı xərcləyə bilmədikləri, evdə yığılıb qalmış, xırda pul şəklində olan 6 avro 90 sentdən başladı.
Ailə üzvlərim onu manata dəyişməyə cəhd etsələr də alınmamışdı
-Ata, heç bir bank qəbul etmir. Deyirlər ki, biz xırda pulu dəyişmirik.
Sözün açığı, onların bankları gəzərək xırda pul şəklində olan avronu manata çevirmək istəklərinin çox da böyük olmasına bir qədər şübhə edərək, cavanlıqdan doğan tənbəllikdi deyə fikirləşirdim. Odur ki, asudə vaxt tapıb məsələni özüm araşdıracağıma qərar verdim.

Bəli, problem həqiqətən mövcud imiş. Demək olar ki, tanıdığınız bütün bank və bank filiallarını gəzdikdən sonra, bunun mümkün olmadığını şəxsən yəqin etdim. Qeyd etdiyim kimi hansı bank və filiala yaxınlaşmağımdan asılı olmayaraq eyni cavabı alırdım:

-Xırda pul şəklində olan xarici valyutanı qəbul etmirik.

Səbəbini soruşduqda, yenə də eyni cavabı alırdım:

-Göstəriş belədir.

Göstərişin kim tərəfindən verildiyini isə soruşmağın mənası yox idi . Əgər hamı eyni cavabı verirsə, deməli göstəriş, mərkəzləşdirilmiş qaydada verilmişdir.
Amma Azərbaycan adlı məmləkətdə də bəzən göstərişlərdən kənara çıxma halları olur.
Adını çəkməyəcəyim bir bank, nəhayət ki, pulu manata çevirəcəyinə razılıq verdi.

-Bəli, dəyişirik. Amma birə-bir.

Yəni verəcəyim 6 avro 90 sentin əvəzinə mən, ekvivalent olaraq elə 6 manat 90 qəpik də alacaqdım ki, bu da prinsipial olaraq məni qane etmirdi. Axı nəyə görə mən rəsmi məzənnə ilə 13 manat 44 qəpik qiymətləndirilən valyutadəyişmə əməliyyatında qanunsuz olaraq yuvarlaq götürülmüş 7 manat pulu küçəyə tullamalı idim? Təbii ki, belə bir təklifdən imtina edərək bankdan uzaqlaşdım.
Yeganə ümid, öz bank hesabıma qalırdı. Yəni əlimdə olan pulu, manat ekvivalentində olaraq öz kredit kartıma yatırtmaq.

Bu məqsədlə, müştərisi olduğum banka yaxınlaşdım. Bank əməliyyatçısına müraciət edərək istəyimi bildirdim.

-Problem yoxdur,  deyə söyləyən əməliyyatçı avronun manat məzənnəsini hesablayaraq sənədin surətini çıxardı və ödəniş etmək üçün kassaya yaxınlaşmağımı xahiş etdi.
Doğrudanmı hər şey əladır? Doğrudanmı mən artıq istəyimin bir addımlığında idim?
Sevincim uzun sürmədi. Qəbzi və üstəlik kassanın pəncərəsinə qoyduğum xırda avro və sentləri görən xəzinədar onu qəbul edə bilməyəcəyini söylədi.

Başıma gəlməsəydi, yəqin ki, Azərbaycanın bank sektorunda belə bir problemin mövcud olduğunu heç zaman bilməyəcəkdim. Axı nəyə görə ödəniş vasitəsi olan, sərbəst konvertə edilən valyutanı qəbul etməkdən boyun qaçırırlar? Bütün bunların səbəbi nədir? Məgər beynəlxalq ödəniş vasitəsi olaraq xırda pulların dövriyyəsinə, tədavülünə qadağamı qoyulub? Ümumiyyətlə Mərkəzi Bank belə bir problemin mövcud olmasından xəbərdardırmı?
Hələ Azərbaycan vətəndaşlarını bir kənara qoyaq. Xaricdən səfər etmiş turist və ya digər bir vətəndaş, belə bir halla üzləşəcəkləri halda bu onlara qəribə gəlməzmi? Bütün bunlar qanunsuzluq, özbaşnalıq deyilmi?
Suallar çoxdur. Bəlkə də məsələnin kökü daha incə mətləblərə söykənir. Hər halda aidiyyatı olan qurum və təşkilatlar bu məsələyə də diqqət ayırsalar daha yaxşı olardı.
Əlbəttə ki, jurnalist araşdırmasının da məsələyə aydınlıq gətirəcəyinə heç bir şübhəm yoxdur”.

Vidadi

Azinforum.az

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın