Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Əli Abbasov əvəzimizə pul ödəmək istədi, qoymadılar!” – Keçmiş sədrdən şok etiraf

“Əli Abbasov əvəzimizə pul ödəmək istədi, qoymadılar!” – Keçmiş sədrdən şok etiraf

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təyin olunduğu vaxtdan 2 saat gec başlayıb.

Prosesdə təqsirləndirilən BTRİB sabiq sədri Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev müdafiə çıxışı edib. O bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittiham əsasızdır: “Məhkəmədə görüldü ki, ittiham aktı mötəbər olmayan sübutlar əsasında qurulub. MMC tərəfindən 27 min manatlıq iş 17 min manat dəyərində qiymətləndirilib. Halbuki burda heç bir şişirdilmədən söhbət gedə bilməz. Çünki işlər tam şəkildə həyata keçirilib. Lakin istintaq tərəfi işlərin tam görülmədiyini deyir. Burdan da görünür ki, müvəkkilimə verilən ittihamlar əsasızdır. Həmçinin ittiham tərəfi guya Beytulla Hüseynovun dövlətə vurduğu ziyan kimi hesabladığı 10 milyon manatı da müvəkkilim məhkəmə dövründə tam olaraq ödəyib. Buna görə də Beytulla Hüseynov barəsində azadlıqdan məhrum olmamaqla cəza təyin etməyinizi xahiş edirəm”.

Zərərçəkmiş Rabitə Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək təqsirləndirilən şəxslər barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Daha sonra BTRİB-in sabiq baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılması tələb edib: “İstintaqda çox kobud pozuntular vardı. Biz həm istintaqda, həm də məhkəmə istintaqı dövründə vəsatətlər verdik ki, bu kobud pozuntular aradan qalxsın. Çünki rəqəmlərdə həddən artıq şişirtmələr var. Ümid edirəm ki, verdiyimiz vəsatətlər müşavirə otağında baxılacaq. Biz Anara verilən ittihamdakı rəqəmlərlə razılaşmasaq da, həmin pulu nağd şəkildə zərərçəkmiş tərəfə qaytarıb. Ona görə Anar Mustafayev barəsində şərti cəza verilməsini istəyirik”.

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə müvəkkilinin ittiham üzrə heç bir təqsirinin olmadığını deyib: “Vidadi Zeynalov nazirliyin aparat rəhbəri olub. Sabiq nazir Əli Abbasov nə deyibsə, onu yerinə yetirib. Ona siyahı verilib və verilən tapşırığı yerinə yetirib. Vidadi Zeynalov digər şəxslər kimi “paket” alıb. Həmin nazirlikdə Vidadi müəllim özündən aşağı vəzifəli şəxslərdən daha az “paket” alıb. Vidadi Zeynalov da istintaqda ifadəsində səmimi olaraq “paket” aldığını etiraf edib. Vidadi müəllim “paket” verən yox, “paket” alan olub. Lakin bu işdə Vidadi Zeynalova dəstə başçısı kimi qiymət veriblər. Halbuki Vidadi Zeynalov Əli Abbasovun verdiyi tapşırıqları yerinə yetirib. İstintaqda kobud qanun pozuntuları var. Məhkəmədə bu öz əksini tapdı ki, istintaq qrupunun kobud qanun pozuntuları var. Məhkəmə istintaqı dövründə bir çox vəsatətlərimiz təmin edilmədi. Biz dəfələrlə ekspertiza keçirilməsini, həmçinin, Maliyyə Nazirliyinin əməkdaşlarının dindirilməsini istədik. Lakin məhkəmə bu istəyimizi təmin eləmədi”.

Ceyhun Yusifov həmçinin qeyd edib ki, verilən ittihamda göstərilən məbləğ şişirdilib: “Biz ona görə burda ekspertiza keçirilməsini istəyirdik. Həmçinin onu da qeyd edək ki, Zeynalovun qohumlarının əmlaklarına həbs qoyublar. Vidadi Zeynalovun baba yurduna həbs qoyulub. Həmin ev Vidadi Zeynalov doğulmamışdan 10 il qabaq alınıb. Onu da qeyd edim ki, Vidadi Zeynalovun bələdiyyələrdən icarəyə götürdüyü torpaqlara da həbs qoyulub. Bu adam həmin torpaqlar üzərində mülkiyyətçi yox, icarədardır. Dövlət öz əmlakına həbs qoyur?”

Vəkil çıxışının sonunda Vidadi Zeynalov barəsində bəraət verilməsini və yaxud azadlıqdan məhrumetmə olmayan cəza verilməsini istəyib.

Daha sonra Namazalı Məmmədovun vəkili Könül Əliyeva da çıxış edib. O, çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Verilən ittihamlarla razı deyilik. Məhkəmədə şahidlərin heç biri istintaqdakı ifadələri təsdiq etməyib. Həmçinin Namazalı Məmmədovun dövlətə vurduğu ziyan da tam olaraq ödənilib”.

Daha sonra “Azərpoçt”un sabiq sədri Qəmbər Bəybalayevin vəkili Elnur Əliyev çıxış edərək, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qəmbər_BəybalayevQəmbər Bəybalayev qısa çıxış edib. O bildirib ki, onun əmlakı 300 min manat qiymətləndirilib: “Mənə dövlətə 2 milyon manat ziyan vurduğumu deyirlər. İstintaq dövründə mənim əvəzimə istintaqda Vidadi Zeynalov, məhkəmədə Əli Abbasov ödəmək istəsə də, bunu imkan vermədilər. İndi evimi verirəm, bütün əmlakımı verirəm”.

Bununla təqsirləndirilən şəxslərin vəkillərinin çıxışları başa çatıb. Gələn proses təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Məhkəmə prosesi iyulun 7-də davam edəcək.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, “Optik Qurğular İdarəsi” MMC-in rəhbəri Emin Məmmədova və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, “Azərpoçt” sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər – “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova “Aztelekom”MMC-in direktoru Məhəmməd Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində 5 il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş A Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın