Şənbə , May 25 2019
Ana səhifə / Şou Biznes / Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir

Bu gün Nazirlər Kabinetinin qarşısında aksiya keçirən Zığ sakinləri hələ də oradadır.

Virtualaz.org saytının əməkdaşı hadisə yerindən xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə zonasında olan evlərin, həmçinin Xətai rayonu, Cavanşir küçəsi, 10  ünvanındakı qəzalı vəziyyətdə olan yataqxananın sakinləri Nazirlər Kabinetinin qarşısındakı yolu bağlamağa cəhd ediblər.

50-dək qadın baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb edib. Əraziyə cəlb edilən polis əməkdaşları isə qadınları uzaqlaşdırmağa çalışıblar. Bu zaman qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polis əməkdaşı qadınlardan birini itələyib. Yerə yıxılan qadının vəziyyəti pisıəşib.

Hadisə yerində olan təcili yardım həkimləri Cavanşir küçəsi, 10-dakı yataqxananın sakini, vəziyyəti pisləşən Dilarə Səfərovaya yardım edib.

Aksiya iştirakçısı olan Nərgiz Məmmədova bildirdi ki, bu gün Abid Şərifovun qəbul günüdür. Lakin A.Şərifov şikayətçiləri qəbul etməyib. Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib.

Hazırda ərazi polis nəzarətindədir. Lakin şikayətçilər Nazirlər Kabinetinin qarşısından ayrılmırlar.

 

*   *   *16:28

Evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri bu dəqiqələrdə Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirirlər.

Virtualaz.org saytının hazırda Nazirlər Kabinetinin binası önündə olan əməkdaşları xəbər verir ki, aksiyaçılar yolu kəsiblər. Onlar Abid Şərifovla görüş tələb ediblər. Lakin narazı sakinləri Abid Şərifov deyil, Şahin Salahov qəbul edib.

Ş.Salahov narazı sakinlərə köçürülmə və kompensasiya ilə bağlı məlumat verməyib.

50-yə yaxın Zığ sakini Nazirlər Kabinetinə gedən yolu bağlayıb.

Hazırda etirazçıları ərazidən polis gücünə uzaqlaşdırmağa çalışırlar.

Əlavə məlumatlar verəcəyik.

Xatırladaq ki, evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri avqustun 27-də də Prezidenti Administrasiyasının (PA) qarşısında toplaşmışdı.

Virtualaz.org saytının xəbər verdiyi kimi, 50-dən çox qəsəbə sakini rəsmi şəxslərlə görüş tələb edirdi. Onlar PA-nın qarşısındakı bağda oturaq aksiya keçirməyə qərar verdiklərini bildirmişdilər.

Polis aksiya iştirakçılarından dağılışmağı tələb etsə də onlar qərarlarında qəti olduqlarını söyləmişdi: “Biz baş nazirin müavini Abid Şərifovla görüş tələb edirik. Əgər Abid müəllim bizi qəbul etməsə, aksiyamızı davam etdirəcəyik. Bu dəfə Zığda fasiləsiz oturaq aksiya keçirəcəyik. Evlərimiz təhlükəli sürüşmə zonasındadır. Hər an başımıza uça bilər. Amma heç kim bizimlə maraqlanmır. Dəfələrlə gəlib baxıblar, o evlərdə yaşamağın təhlükəli olduğunu deyiblər. Amma problemə əncam çəkən yoxdur. Evi uçmaq üzrə olan ailələrin bir çoxu köçürülüb. Suraxanı Rayon İcra Hakimiyyəti o zaman vəd etmişdi ki, evindən köçürülən sakinlərə kirayə pulu veriləcək. Amma bu vəd də elə söz olaraq qalıb. Elə ailələr var ki, artıq 5 ildir, eləsi var 3 ildir, 2 ildir kirayələrdə yaşayır. Amma Suraxanı RİH onlara vəd etdiyi kirayə pulunu da vermir”.

Qeyd edək ki, aksiya iştirakçıları görüş tələblərinə əməl olunmayacağı təqdirdə Zığa qayıdacaqlarını, saat 16:00-da orada aksiyaya başlayacaqlarını və yolu bağlayacaqlarını bəyan etmişdilər.

Zığ sakin Ədibə Nəsirova deyirdi ki, 5 ildir Abid Şərifovla görüşə bilmirlər: “5 ildir Nazirlər Kabinetinin qarşısına ayaq döyürük. Zığ sürüşmə zonasında yaşayanların problemləri ilə maraqlanan yoxdur. Nazirlər Kabinetinə ünvanladığımız məktub Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilir. Sonra da bizi çağırıb məktubumuzla tanış edirlər, vəssalam. Daha problemə əncam çəkən yoxdur. Evlərimiz başımıza uçur, uşaqlarımızın həyatı təhlükədədir. Nazirlər Kabinetində Şahin Salahov dedi ki, məsələdən xəbərdarıq, amma 2008-ci ildən indiyədək heç kim köçürülmür. Yalnız 10-a yaxın ailə köçürülüb. Köçürülənlərin əksəriyyətinə kirayə pulu verilmir”.

PA-da qəbul şöbəsinin rəisi ilə görüşdüklərini deyən Ə.Nəsirova problemlərini ölkə rəhbərliyinə çatdırmaq üçün etiraz aksiyası keçirmək istədiklərini bildirmişdi: “Tələblərimizə cavab versinlər. Ölkə başçısı problemimizi bilmir. Bunu ondan gizlədirlər. Buna görə də aksiya keçiririk. 55 ev qəzalı vəziyyətdədir. 106 ev aktiv sürüşmə ərazisindədir. Ümumilikdə isə 500 ailə sürüşmə ərazisindədir. Xəbərdarlıq edirlər, amma köçürmürlər. 13 ailəyə kirayə pulu verilir. Digərlərinə pul ödənilmir”.

Zığ qəsəbəsi, ev 4-də yaşayan Elnarə Məmmədova demişdi ki, 5 ildir 3 uşağı ilə birgə qohumlarının evində yaşamaq məcburiyyətindədir: “Əvvəl kirayə evə köçdük. Lakin kirayə haqqı ödənilmədiyindən köçmək məcburiyyətində qaldıq. Nə kirayə pulu, nə də kompensasiya verilmir”.

Digər sakin isə bildirmişdi ki, 1 ildir evini tərk edib: “Ötən il evdən çıxmağımızla bağlı xəbərdarlıq olundu. 1 ildir kirayədə yaşayıram. 3 ay əvvəl kirayə pulunun ödəniləcəyini desələr də verilmədi”.

Sakinlər oturaq aksiya keçirmək istədiklərini dedilər: “Qəzalı evlərin birində aksiya keçirəcəyik. Ölsək də birgə ölək. Bizim evimizin başımıza uçmasını məmurlar ölkə başçısından gizlədirlər. İndi Nazirlər Kabinetindən cavab gözləyirik”.

Sakinlər səfirliklərə də müraciət edəcəklərini qeyd etmişdilər.

 

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …

Bir cavab yazın