Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Yeni Müsavat” gənc cütlüyə necə “toy etdi”? – VİDEO

“Yeni Müsavat” gənc cütlüyə necə “toy etdi”? – VİDEO

1000 manata üzük, 630 manatlıq “xırda” xərclər və 100 manatlıq VİP menyu
Qəzetlər, saytlar az qala hər gün bar-bar bağırır:“devalvasiya toy biznesini vurdu, toy etmək istəyənlər tərəddüddədir”, … deyə. Amma bununla yanaşı, məşhur filmdə deyildiyi kimi, elimizin toy kimi bir adəti var və manatın üzməsinə, sürünməsinə, boğulmasına….. baxmayaraq, mentalitetin qatı qanunları öz sözünü deyir. Gənclər evlənməli, qız evinin oğlan evi qarşısında qoyduğu tələblər, eləcə də qız evinin öhdəlikləri yerinə yetirilməlidir. Borcla, kreditlə, lombarda qızıl qoymaqla… Demokrasidə çarələr tükənmir.
Azərbaycanlılar öz balalarını evləndirmək və məsrəflərə sinə gərmək üçün böyük-böyük yüklərin altına girirlər.
DEYİRLƏR Kİ, TOY OLACAQ… 
Mövzunun aktuallığını nəzərə alıb, “Yeni Müsavat”ın reportyorları bu dəfə də “toy xərcləri”ni canlı-canlı hesablamaq, bu əziyyəti mərhələ-mərhələ yaşamağı qərarlaşdırdı. Bəxtimizdən düz gözümüzün qabağında toyuna sayılı aylar qalan cütlüyümüz də var – qəzetimizin əməkdaşları Məhəmməd Türkmən və Könül İbrahim. Nişanlı gənclər yaxın aylarda toy edəcəkləri üçün aşağıda oxuyacağınız hekayəni, əməliyyatları da həyata keçirəcəklər. Bunu onların iştirakı ilə biz etdik.
Bəli, deyirlər ki, toy olacaq. “Hicran” tamaşasının Nəsibəsi demişkən, bizim işimiz üç mərhələdən ibarətdir: birincisi, gəlini bəzəmək… Zarafat bir yana, cütlüyə toy üçün lazım olacaq nəsnələrin siyahısını hazırlayıb, yola düşdük Mərkəzi Univermağa.
“ÜZÜK 1000 MANATDIR, AMMA YAXŞI OĞLAN OLDUĞUNU GÖRÜB QİYMƏTİ SALIRAM 880 MANATA… “
 

Təbii ki, öncə univermağın qızıl satış şöbələrini dolaşmağa başladıq. Gənclərin nikah üzüyünü almaq üçün bir neçə şöbəyə baş vurduq. Qiymətlər insanın ayağını yerdən kəsirdi… desək, yanılmarıq. Seçimə uyğun qiymətlər: brilyant qaşlı, sirkon qaşlı, ağ qızıl… və adı belə dilimə yatmayan növbənöv qaşlar… Şöbələrdən birində deyirlər ki, gəlinin üzüyü 400-500 manatdan başlanan qiymətlərlə satılır. Burda söhbət qaşlı və qızılı az olan üzükdən gedir. Bəy üzüyü isə daha bahadır – 1000 manat.
Potensial bəy etiraz edir: “mən o üzüyü toydan sonra heç bir gün də taxmayacam, o qədər pul verməyin mənası yoxdur”. Satıcı “güzəşt edir”: “Yaxşı, baxıram ki, yaxşı oğlana oxşayırsan, 880 manata düşərəm üzüyü səninçün…Qızın üzüyünü də 380 manata”. Cütlük qiymətlə razılaşmır. Digər şöbələrə də baxmağı qərarlaşdırırlar.

“SİZƏ UYĞUN QİYMƏTLƏR AŞAĞIDADIR” DEDİ VƏ 380 MANATA CÜTLÜYƏ ÜZÜK TAPDIQ 
Satıcı xanım da bizim kasıb təbəqədən olduğumuzu anlayıb, əli ilə birinci mərtəbəyə gedən yolu göstərir: “Siz aşağı düşün, orda sizə uyğun mallar çoxdur”.
“Bizə uyğun mərtəbədə” isə qiymətlər nisbətən çatımlı olur. Ən azı 1000 manata bəy üzüyü rastımıza çıxmır. Ağ qızıldan olan üzüklər çeşid-çeşid. Burda isə qızılının çəkisi nisbətən az olan, bəzəksiz, qaşsız iki üzük tapırıq. Gəlinin üzüyü 210 manata, bəyinki 170 manata… Üzük xərcləri edir 380 manat… Yerini nişanlayıb, “ən qısa zamanda qayıdacağıq” vədi ilə ayrılırıq.
GƏLİNLİK+XONÇA+XINA PALTARI+ VƏ S=630 MANAT 
Üzüklə iş bitmir. Gəlinin bəzəyi ona ecazkar hava verən gəlin paltarıdır. Bunun üçün də mağazanın yuxarı mərtəbəsinə çıxırıq. “Bizim vaxtımızda” toy hazırlığına daxil olmayan bir çox yeni nəsnələr də “komplekt”dədir və nəticədə adına toy məsrəfləri dediyimiz nəsnə üç-dörd dəfə artıq məsrəflə başa gəlib. Bu haqda bir qədər sonra.
Hələliksə, gəlin paltarı seçirik. Bir-birindən fərqli, “amerikanski fatalar”, kaymelər, balıq formalılar, əl işi, tüllü gəlinliklər… Seçimlərin növü avtomatik qiymətə də təsir edir. Məsələn, işləməli paltarların kirayəsi təbii ki, daha baha başa gəlir. Gəlinimiz əlini bir paltara uzadır. Kirayəsi 600 manata imiş, amma “bizim xətrimizə” 400 manata verə biləcəklərini deyirlər.
Bunun baha olduğunu deyib, daha bir seçim haqqından da istifadə edirik. Bu, əvvəlki müqayisədə nisbətən insaflı qiymətə başa gəlir: 350 manata.
Toydan öncə xına mərasimi də mütləqdir. Demək ki, xüsusi xına paltarı da lazımdır. Onun da kirayəsi 70 manatdır. Bununla bitərmi? Səbətlər, xına səbəti, güzgü dəsti…
Onların da qiymətləri aşağıdakı qaydada hesablanır: 
Xına səbəti – 50-70 manat məbləğindədir.
 

Səbətlər  – ən sadəsinin qiyməti 20 manatdan başlanır. Amma nisbətən böyük həcmdə olanları 45-50 manat civarında, əl işləməsi olanlar isə 120-140 manatdır.
Nabat+kəllə qənd – 60 manat 
Şamdanlı güzgü dəsti – 50 manatdan başlanan qiymətlərlə satılır.
Satıcı qadın kalkulyatoru qarşısına qoyub, birgə hesablamalar edir və nəticədə ən minimal məsrəfimiz 630 manat edir. Məlum olur ki, toyun bu “xırım-xırda” mərhələsini sözügedən məbləğə başa vurmaq mümkündür.
 
MENYULAR BİR OLMUR, ATAM BALASI – SADƏDƏN VİP-Ə QƏDƏR… 
Hesab edək ki, toy məclisinə qədərki mərhələni də həll etdik. Bəs toyu harda, necə edək? Paytaxtda şadlıq sarayı bolluğunu nəzərə alıb, bir neçəsinə baş çəkdik. Məlum oldu ki, sən demə, bizim toy etmək istədiyimiz aprel ayında həftə sonları indidən tutulub. Baş çəkdiyimiz ünvanlardan birində – Neptun restoranında bizə belə dedilər. Sonra isə administrator məsləhət gördü ki, toyu həftə içində edək. Razılaşdıq və başladıq menyularla tanış olmağa.
Qonaqların sayına görə menyu da bir-birindən fərqlənirdi. Başlayaq ən aşağısından. Yəni, menyu nömrə 3-dən: 
250-350 nəfər – 45 AZN
360-450 nəfər – 43 AZN 
460-550 nəfər – 40 AZN 
Məlum olur ki, video çəkiliş, dəvətnamə, populyar müğənnilər, xınayaxdı mərasimi də əlavədir. Məsələn, video çəkiliş (HD+kran=300 AZN)
Keçək ikinci menyuya. 
250-350 nəfər -55 AZN
360-450 nəfər – 53 AZN
460-550 nəfər – 50 AZN 
 
Və təbii ki, VİP menyu. 
250-350 nəfər – 100 AZN
360-450 nəfər – 90 AZN
460-550 nəfər – 80 AZN 
Üstəgəl, restoranın xidmətlərinə gəlin maşını da daxildir. Bu yerdə Məhəmməd “foto xidmətinə” görə yüngülvari qanqaraçılıq salır. Məlum, foto bəyimizin yaralı yeridir və foto xidməti göstərilməsini istəmir. Halbuki buna görə restorana əlavə 250 AZN ödəməlidir, çünki albom qiymətləri bu rəqəmdən başlanır. İsrar edir ki, professional fotoqraf olan dostları özləri çəkiliş edəcək.  Administrator isə öz növbəsində izah edir ki,  bu, “komplektə” daxildir, fotoqraf da restorana ödəniş etməkdən ötrü çəkiliş etməlidir: “Əsas çəkiliş də bəylə gəlininkidir. Siz əminsiz ki, qonaqlardan kimsə fotoqrafa foto çəkdirəcək? Hərənin əlində bahalı bir telefon… Məcburdur sizə albom hazırlasın…”
Məhəmməd ənənəvi höcətliyinə salır, mübahisə uzanmasın deyə razılaşırıq… Ən qısa zamanda bir tarix üçün restorana qayıdacağımızı deyib, oradan da ayrılırıq.
Sonda… Beləcə, bir cütlüyün “xırım-xırda” toy hazırlığını görmək üçün mərhələ-mərhələ bəzi prosedurları yerinə yetirdik. Üzən məzənnə bizə bu mərhələlərin necə məsrəfli olduğunu sübut etdi. Məlum oldu ki, cütlüyün bir neçə saatlıq xoş mərasimi orta statistik vətəndaşın az qala bir neçə illik məvacibinin toplamı qədərdir. Yeni dəblər, “el adətləri”… həm oğlan, həm qız evinin az qala belini qırır. Halbuki göstəriş naminə edilən bəzi mərhələləri, xərcləri ixtisar etsələr, hər iki evin yükü xəfifləyəcək, narazılıqlar azalacaq… nəticədə üzləri güləcək. 
Allah xoşbəxt eləsin! 




Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın