Bazar , Avqust 25 2019
Ana səhifə / Şou Biznes / “Yarımştat keçmək, elə qovulmaq kimi bir şeydir” – Xalq artisti

“Yarımştat keçmək, elə qovulmaq kimi bir şeydir” – Xalq artisti

Xalq artisti Yasin Qarayev Gənc Tamaşaçılar Teatrında bəzi aktyorların yarımştata keçirildiyini bildirib. Onların arasında xalq artisti Ağaxan Salmanlı da var 

Ağaxan Salmanlı Teleqraf.com-un suallarını cavablandırıb.

-Dünən bizi direktor topladı və elan etdi ki, maliyyə böhranı ilə əlaqədar yanvarın 1-dən siz yarımştata keçirilmisiz. Tək xalq artistləri deyil, yaşı 65-dən yuxarı olanları hamısını yarımştata keçiriblər. Böhran nazirlikdədir, yoxsa büdcədədir, bilmirəm, amma bütün hallarda bu addımı böhranla əlaqələndirirlər.

-Qərarı necə qarşıladınız?

-Düzünü deyim, mənim üçün gözlənilməz oldu. Biz manatı manata calayıb yaşayırıq. Ona görə hesablamışdım ki, yanvar ayında tam maaş alacam. O anlamda bir az sıxıntı keçirdim. Sonra düşündüm ki, daha neyləmək olar… Dözümlü xalqıq.

-Etiraz olaraq teatrdan getməyi düşünürsünüz?

-Etiraz olaraq yox, amma mən ümumiyyətlə ötən il may ayında Prezident təqaüdü alandan sonra teatrdan getmək istəyirdim. Abırlı-həyalı, hörmətli şəkildə getmək ən doğrusudur mənə görə.

Gözləmək lazım deyil ki, səni teatrdan qovsunlar. Yarımştat keçmək, elə yarımqovulmaq anlamındadır. Yəni bu bir siqnaldır: Vaxtınız çatıb, çıxın gedin.

Amma bir məsələ çıxdı. Bizim yubileyimizi rəsmi səviyyədə qeyd edə bilmədilər, ona görə qərara gəldik ki, Yasin və mənim iştirakımla bir tamaşa hazırlayaq. Bizi tanıyan, sevən, hörmət edən insanlara həsr etdik bu tamaşanı. Məhz bu tamaşaya görə mən bu mövsümü də teatrda qalası  oldum. Gələcəkdə daha nələrin olacağını bilmirəm.

-Bir neçə ildir ki, 65 yaşdan yuxarı aktyor və aktrisalar işdən azad olunur. Sizcə, bu ədalətlidirmi?

-Başqa millətlərdə belə bir qayda yoxdur. Bizim rəhbərliyimizdə 80-dən çox yaşı olanlar var. Tramp 70 yaşında prezident seçildi. Maliyyə böhranını belə qəpiklərlə ölçmək çox çətindir, məncə. Başqa variant fikirləşmək lazımdır. Yaşından asılı olmayaraq kimin işləmək bacarığı, potensialı varsa, o, işləməlidir.

Gənclər var, heç bir bacarığı, potensialı yoxdur, sadəcə bu axına düşdüyünə görə teatr gəlib, heç bir iş də görmür. Mənim fikrimcə, yaradıcılıq imkanları olanları teatrda saxlayıb, bacarığı olmayan, teatra heç bir fayda verməyənləri cəsarətlə işdən azad etməlidirlər. Bunu edə bilmədiklərinə görə belə variantlara əl atırlar.

-Teatrdan getsəniz qonorar qarşılığında tamaşalarda çıxış edəcəksinizmi?

-Yox. Teatrdan gedəndən sonra ancaq seriallara çəkiləcəm. Halbuki bu vaxta qədər dəvət alsam da gedə bilmirdim. Orda teatrdan qazandığımdan bəlkə bir neçə qat artıq qazanacam.

-Bəs rejissor kimi?

-Rejissor kimi dəvət etsələr gedib tamaşalar hazırlayaram. Maliyyə çətinliyi əgər teatrlara sirayət edibsə inanmıram ki, bundan sonra hansısa teatr məni dəvət edə.

Həmçinin oxuyun

Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine …

Bir cavab yazın