Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Qadın iş adamı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət etdi

Qadın iş adamı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət etdi

Xətai rayonu, S.Vəzirov küçəsi, 11-C, mənzil 4 ünvanında yaşayan Sevinc Oqtay qızı Hacıyeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya müraciət edib. S.Hacıyeva birinci xanıma yazdığı məktubun bir nüsxəsini Qafqaz Xəbər Agentliyinə göndərib. Müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım! Mən sizə bir ana, bir Azərbaycan xanımı kimi müraciət edirəm. Cənab Prezidentin rəhbərliyi ilə, Azərbaycanın qədəm qoyduğu bu yeni mərhələdə Sizin xidmətləriniz əvəzsizdir. Şübhəsiz ki, nümunəvi Azərbaycan xanımı olaraq, hər zaman xalq içində sevilmiş, hörmətlə qarşlılanmısınız. Məhz buna görədir ki, müxtəlif dairələrdə səsini eşitdirə bilməyən, haqqı tapdanılan bir çox məzlum vətəndaşımız Sizə müraciət edir, Sizdən dəstək gözləyir. Cənab Prezidentimiz və Sizin qayğınız, diqqətiniz sayəsində bu gün Azərbaycanda xanımlar istər dövlət strukturları, istərsə də özəl sektorda mühüm mövqelərə yiyələniblər. Lakin hələ də bəzi məmurlar var ki, xanımların, xüsusilə də “böyük dayağı” olmayan, köməksiz xanımların hər hansı uğura nail olmasına, müstəqil iş sahibi olmasına əngəl yaradırlar. Mən öz işini qurmaq, qanunlara və milli dəyərlərimizə yaraşan şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətindəyəm.

Lakin mənə bu təmiz niyyətimi həyata keçirməyə imkan vermirlər. Dəyərli Birinci Xanım! Bu il fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, “KAT” MTK şəhərciyində mənə məxsus avtomobillərə xidmət məntəqəsi Xətai RİH-in əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən sökülüb,. Xatırladım ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib.

Hörmətli Xoşməramlı Səfir! O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. O zaman biz bu obyekti inşa etdik, 40 min manata qədər vəsait xərclədik. 2015-ci il iyul tarixində Xətai Rayon Məhkəməsi bizim həmin ərazidə yüngül konstruksiyalı məntəqə açmağımıza icazə verdi, bu işin icrasına nəzarət isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin icraçısı Rüstəm İbrahimova tapşırıldı. O bizə dedi ki, narahat olmayın, yenə sökməyə gəlsələr, mənə bildirin. Bundan 15 gün əvvəl R.İbrahimovun nəzarəti ilə həmin obyekti bərpa etdik. Lakin fevralın 11-də Xətai RİH-dən gəlib heç bir sənəd göstərmədən sökdülər. İcraçıya zəng etdim, dedi mənim bu məsələdə işim bitib, siz 102-yə yığın. Mənim 102 – yə müraciətim nəticəsiz qaldı.

Sahə inspektoru Valeh Səfərli heç bir tədbir görmədi. Daha sonra adı Füzuli olan RİH əməkdaşı mənə dedi ki, “RİH-in memarı Vadim Surxayevlə danışın, o desə, söküntü dayanar”. Mən getdim Vadim Surxayevlə görüşdüm, o isə bildirdi ki, “siz yenidən icazə almalısınız”. Beləliklə, bu məsələdə biz tək qaldıq. Məsələ ondadır ki, sakinlər arasında bu işin arxasında duran şəxsin Xətai RİH-in keçmiş rəhbəri, hazırda Yasamal rayonunun icra başçısı olan İbrahim Mehdiyevin olması danışılır. İbrahim Mehdiyev bu şəhərcikdə (S.Vəzirov 11H, mənzil 13-14) yaşayır, iki mənzili alıb birləşdirib.Sakinlərin sözlərinə görə, mənə məxsus olan obyektin sökülməsi İbrahim Mehdiyevin təşəbbüsü ilə baş tutub.

Möhtərəm Mehriban Əliyeva! Maraqlıdır ki, İbrahim Mehdiyev rəhbərlik etdiyi Yasamal rayonunda binalara bitişik olan avtoyuyucuları və müxtəlif obyektləri görmür, lakin Xətai rayonunda – yaşadığı şəhərcikdə hələ açılmayan avtoyuyucu ona 150-160 metr məsafədən (arada bir bina da olduğu halda) maneəçilik yaradır. Üstəlik, bu avtoyuma məntəqəsinin tikilməsinə icazəni özü 2005-ci ildə verib. Məntəqənin lahiyə eskizi isə 2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən təsdiq olunub. Əlimizdə məhkəmə qərarı da olduğu və həmin məhkəmə qərarında bizə bu tikinti üçün şərait yaradılması tələb olunduğu halda, Xətai İH-in əməkdaşları heç bir sənəd göstərmədən bizim obyektimizi söküb, avadanlıqları da müsadirə ediblər. Sizdən bir bacınız, bir Azərbaycan xanımı olaraq xahiş edirəm, hüquqlarımızı kobud surətdə pozan və qanunları öz həvəs və arzularına uyğun istismar edən məmurların cəzalandırılmasında, bizim sahibkarlıq və mülkiyyət hüquqlarımızın bərpasında öz köməyinizi əsirgəməyəsiniz! Sizin sayənizdə tezliklə haqq-ədalətin zəfər çalacağına, vəzifəsindən sui-istifadə edən şəxslərin cəzalandırılacağına inanıram”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın