Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Prezidentdən “Tərəqqi” medalı alan mühəndis hakimdən şikayətçidir

Prezidentdən “Tərəqqi” medalı alan mühəndis hakimdən şikayətçidir

Göyçay rayonunun Çərəkə kəndi sakini Məmmədov Ramiz Alı oğlu rayon məhkəməsinin hakimindən şikayətçidir. O, hakimin çıxardığı qərara etiraz edir.

Ramiz Məmmədov virtualaz.org saytına müraciət edərəkbildirib ki, hakim Elxan Babayev şəxsi və maddi maraqlarını qanunlardan üstün tutaraq onunla bağlı qanunsuz hökm çıxarıb.

Göyçay Televiziya Verilişləri Yayım Stansiyasında mühəndis vəzifəsində işləyən və 2009-cu ildə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilən R.Məmmədov 2014-cü ilin noyabrında avtomobil qəzasına düşüb.

Kənd sakini deyir ki, qəzaya səbəb qarşıdan gələn avtomobil olub. Qəza zamanı o, ağır yaralanıb. Avtomobili isə yararsız vəziyyətə düşüb.

“Göyçay-Ucar yolunda baş vermiş qəza nəticəsində ağır dərəcəli xəsarət aldım. Dalağımı çıxardılar, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol böyrəyin zədələnməsi və sağ diz qapağının sınığı kimi xəsarətlər aldım. Avtomobilim tamam yararsız vəziyyətə düşdü. Hazırda da həmin vəziyyətdə həyətimdə saxlayıram.

Hakim Elxan Babayev bu qəzaya görə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Əmirov Qəzənfər Şahlar oğlunun mənə, avtomobilimə vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə təqdim etdiyim mülki iddiamı qanunsuz olaraq baxılmamış saxlayıb. Bu, açıq-aşkar qanunsuzluq, özbaşınalıqdır” – deyə Çərəkə kənd sakini bildirir.

R.Məmmədov deyir ki, qəzadan sonra hadisə yerinə baxış keçirilib və saxta akt tərtib edilib: “Guya təqsirləndirilən şəxs avtomobilini saatda 70 km sürətlə sürürmüş. Bu, açıq-aşkar saxtakarlıqdır. Çünki belə sürətlə idarə edilən avtomobillə törədilən qəza zamanı ağır dərəcəli xəsarət alınması və avtomobilin tamamilə yararsız hala düşməsi qətiyyən mümkün deyil. Həmin şəxs maşını saatda 120 km sürətlə sürürdü”.

Aldığı xəsarətlərdən əziyyət çəkdiyini və əmək qabiliyyətinin 90 faizini itirdiyini deyən R.Məmmədov ekspertlərin  qanuni sənədlə təsdiq etdikləri maddi zərərin ödənilməsinə dair mülki iddiasının hakim Elxan Babayev tərəfindən baxılmamasının səbəbi kimi hakimin rüşvət almasını göstərir.

R.Məmmədov rayon məhkəməsinin qərarından Apelyasiya Məhkəməsinə müraciət edib. Həmçinin prezidentə, Ədliyyə Nazirliyinə və Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət ərizəsi göndərib.

Səslənən bu ittihamlara hakim E.Babayevin münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Amma onun da mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın