Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Pir ağaları niyə vurdu? – Maraqlı hadisə

Pir ağaları niyə vurdu? – Maraqlı hadisə

Bu yay şəhərin istisi nəfəsimi kəsəndə sadiq oxucum və dostum Vadim əfəndinin dəvəti göydəndüşmə oldu. Dəvəti qəbul edib, onların kəndində – Qusarın Piral kəndində bir neçə gün qonaq oldum. Çox qonaqpərvərdirlər.

Kənddə olduğum günlərdə fürsətdən istifadə edib, “Piler” (mənası yüksəklik deməkdir.) pirini və Şıx Seyidəli Babanın qəbirlərini də ziyarət etdim.

Mənimlə bərabər ziyarətdə olan kənd sakini 87 yaşlı Bünyəddin Balasultan oğlu bu pirlərlə bağlı şahidi olduğu çox maraqlı və məzəli bir əhvalat danışdı. Söhbəti sizinlə paylaşıram ki, dünyada nələr olduğundan xəbəriniz olsun:

-1933-cü il idi. 13-15 yaşlarında üç uşaq Piral kəndində “vəziyyətə nəzarət” edirdik. başçımız xalaoğlum Ağalar idi. Hər gün səhər bir yerə toplaşıb, axşama qədər bağları, bağçaları çalıb-çapırdıq. Yetənə yetib, yetməyənə də bir daş atırdıq. Hətda iş o yerə çatmışdı ki, Ağalar dirilərə sataşmaqla kifayətlənməyib, ölülərə də daş atırdı. Belə ki, o, pirlərə gedib, orada biədəb söyüşıər söyər, hətda oranı murdarlamaqdan da çəkinməzdi.

Bir səhər Ağalar “işə” gəlmədi. Mən onun arxasınca evlərinə getdim. Gördüyüm mənzərədən heyrət etdim: Ağalar yumaq kimi yumrulanıb qalmışdı. Əlləri, ayaqları və ağzı açılmırdı. Evin küncündəki oxlovu götürüb, onun ağzına saldım və dişlərini bir təhər azacıq aralayıb, çaynikin lüləyindən ağzına bir az su tökə bildim. Çox çətinliklə suyu uddu. Nə qədər çalışdımsa əllərini , ayaqlarını aça bilmədim. Tez yüyürüb, anasına xəbər verdim (anası mənim xalam idi və başqa ərə getmişdi). Dünyagörmüş qadın idi; gəlib baxan kimi, dedi bu uşağı pir vurub, yəqin dinc durmayıb, pirə sataşıb. Atasına dedi, tez ol arabanı qoş, bir qurban da götür, gedək pirə.

Ağaları güc-bəla arabaya qoydular, beş-altı ağsaqqal da götürüb pirə yola düşdülər. Mən də bunlara qoşuldum ki, görüm bu işin axırı necə qurtaracaq. Birinci Şıx Seyidəli Babanı ziyarət etdilər. Qurban kəsib, quran oxudular və anası (Ərzi xalam) ağlayıb-sıtqayıb, Övliyadan bağışlanma dilədi. Sonra Piler pirinə getdik. burada da eyni şeylər təkrar olundu və qurbanın ətini bişirməyə başladılar. Yumağa dönən “qəhrəmanı” da bir qıraqda qoymuşdular. Birdən fikir verdim ki, Ağalar yuxuya gedib. Bir müddətdən sonra o, ayıldı və heç nə olmayıbmış kimi, qalxıb, bizimlə süfrə başında oturub, çörək yeməyə başladı.
O hadisədən sonra Ağalar heç vaxt atamanlıq etmədi və pirlərin yanından keçəndə həmişə “Bismillah” deyib keçərdi.

Bünyəddin kişi söhbət edir ki, həmin dostum böyüyəndə çox ağıllı adam oldu. Hətta, sovxoz direktoru vəzifəsinə qədər yüksəldi.

Allah rəhmət eləsin. Maraqlı və ibrətamiz hadisədir.

“Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! (Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!)… Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” Quran, “Süfrə” surəsi, 2.

Paşa Yaqub – tədqiqatçı-yazıçı.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın