Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Ömür deyir, qocalmısan, məmur deyir, işlə hələ

Ömür deyir, qocalmısan, məmur deyir, işlə hələ

“Elə bil dünən idi” qeydini edərək, yazım ki, 30 il öncə, bahar aylarında ali məktəbdən məzun olan günümüz idi, son zəngdən sonra hər kəs öz rayonuna dağılışacaq, müstəqil həyata atılacaq, istehsalata qoşulaq, sovet dövlətinin çiçəklənməsi işinə töhfə verəcəkdik.
Hər gün dərs keçdiyimiz auditoriyada oturmuşduq, dekan müavinimiz Sarif müəllif (onun unikal yaddaşı vardı, tam 30 ildən sonra küçədə qarşılaşsaq, adımı-soyadımı, qrup nömrəmi əzbərdən deyə bilər) ənənəvi “məzunyolasalma” çıxışı edirdi. O, təxminən belə bir söz dedi ki, bu gün siz əmək fəaliyyətinə başlayırsınız, amma gün gələcək, təqaüdə çıxanda belə bu biliklər karınıza gələcək.
Kimsə qəfildən dedi ki, hə, o xoşbəxt gün 36 ildən sonra baş verəcək. Deyəsən, o vaxt pensiya yaşı 60 idi və bu hesablamanı (36 il) aparan da 24 yaşlı tələbə yoldaşımız idi.
Auditoriyada qəribə bir narazılıq dalğası keçdi. Hələ bir gün əmək fəaliyyətiolmayan, ilk maaşlarını belə almayan gənclər təqaüdə uzun illərdən sonra (tam 36 il) çıxacaqlarına görə narazıydılar. Bir çoxu da optimistcəsinə dedi ki, heç yəqin ki, o yaşa çatmayacağıq və hamı gülüşdü. Razılaşaq ki, bu ifadədə heç bir gülməli nüans yoxdur. Sadəcə, erkən gənclikdə təqaüd, qocalıq kimi söhbətlər belə adama gülməli gəlir.
Budur, indi məlum olur ki, 1987-ci ildə biz 36 ildən sonra təqaüdə çıxacağımızın, türkün sözü, xəyallarını qurarkən yanılmışıq, heç demə, həmin müddət 40 ilin üstündəymiş.
Başqa sözlə, biz bu dövlətə düz qırx il boyunca vergi verəcək, pul qazandıracaq, amma sonra rahatlıqla ayağımızı uzadıb, işləmədən təqaüd ala bilməyəcəkdik. Hələ bir çoxlarının öz ayaqlarını vaxtından tez uzatması variantını nəzərə almıram. 65 yaşda təqaüdə çıxan kişi (qadınlarda ömür 4-5 il çoxdur, bilirsiniz) alacağı təqaüdlə kəfən pulunu zor-bəla ilə düzəldə bilər.
Bir də var, avropalı, yaponiyalı, amerikalı təqaüdçülər. Onlarınkı kefdir. İşləyə-işləyə istirahətlərindən, səyahətlərindən qalmırlar, həsrətlə təqaüdə çıxacaqları günü gözləyir, sonra topladıqları pul-para ilə yanaşı, dövlətdən aldıqları bir ətək təqaüd pulu ilə dünya səyahətinə çıxırlar.
Bu, havayı söhbət deyil, özüm görmüşəm. 2015-ci ilin dekabrında Belçikada olarkən bir də gördük ki, Brüsselin mərkəzi küçəsi ilə 35-40 nəfərlik bir təqaüdçülər qrupu birlikdə hərəkət edir. Yanlarından keçəndə gördük, ən cavanının minimum 65, qocasının azı 80 yaşı var, Avropanın müxtəlif ölkələrindən (ingilis dilini yaxşı bilən dostlar dedilər) idilər, niyyətləri Avropanın bütün ölkələrində olmaqmış.
Belə mənzərələri indiyədək olduğum digər ölkələrdə də görmüşəm. Hara baxırsan, səyahətəçıxan, istirahət edən şən qocalardır. Milanda Nepal zəlzələsinin zərərdidələri üçün quraşdırılmış akvarium tipli şüşə qutuya 10 avroluq salan, sonra qane olmayıb, çantasını eşələyib xırda nominallı əsginaz axtaran Alis adlı isveçrəli qadın barədə bir dəfə kiçik bir şey yazmışdım.
Ona görə də gəncliklərində rahat yaşayan, işləyən, sonra təminat içində güzəran keçirən, üstəlik, dünyanı gəzən, qarlı dağlara və isti dənizlərə tətilə gedən qocalar minimum 85-90 il yaşayır, az qala işlədikləri illər (25-30 il) qədər də dövlətdən təqaüd alırlar. Və o dövlət çökmür. Ona görə ki, onlar sosial dövlətlərdir, bütün siyasətləri insanların təminatına, rifahına uyğun yürüdülür.
Bəs bizdə necədir? Bu xüsusdakı vəziyyəti izah etmək üçün gərək bir çadır mağara dolusu, yeddi taxta tumanlı, başı şallı arvad ola, dil deyib ağlayalar.
Bizdə hökumət çalışır ki, təqaüdçüyə ən çoxu 3-4 il təqaüd versin və o “müftəyeyənlər” tezliklə dünyalarını dəyişib, müavinət, təqaüd verilməyən məkanlara yollansınlar. Bəs axı bu adamlar 35-40 işləyiblər. Onun dəxli yoxdur. “Dünənki işinə görə sağ ol” məsələsi…
Onu da deyim ki, bizim camaat işlək camaatdır, həm də təqaüdə çıxmağa qarşıdır. Hökumətdəki təqaüdçüləri bilirsiniz, onlar heç. Amma bizim kənddə bir 83 yaşlı müharibə və əmək veteranı vardı, mühasib idi, onu təqaüdə çıxarmışdılar, rayon sovetindən tutmuş Qorbaçova qədər bütün instansiya və vəzifəli şəxslərə şikayət məktubu yazdı. Özü də 89 il yaşadı.

musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın