Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Nüsrət Məmmədov: “Məqsədimiz İslamın sülhsevər, tolerant bir din olduğunu oxuculara çatdırmaqdır”

Nüsrət Məmmədov: “Məqsədimiz İslamın sülhsevər, tolerant bir din olduğunu oxuculara çatdırmaqdır”

Azərbaycan tarixi və mədəniyyətinin təbliği prosesində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti təqdir olunmalıdır. Zaman-zaman dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımız tarix və mədəniyyətimizin təbliği məqsədilə layihələr reallaşdırır, tədbirlər həyata keçirirlər. Bu istiqamətdə Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Yarandığı gündən Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərən fond dəyərli elm adamları, siyasi xadimlər, tarixçi və publisistlərin kitablarını müxtəlif dillərə tərcümə etdirərək onların yayılmasını təşkil edir. Yaxın vaxtlarda da fond bu istiqamətdə bir sıra tədbirlər keçirməyi qarşıya məqsəd qoyub. “OLAYLAR”-a verdiyi müsahibədə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıb. Azinforum.az həmin müsahibəni təqdim edir:

-Nüsrət müəllim, rəhbərlik etdiyiniz fond müntəzəm olaraq Azərbaycan yazıçılarının əsərlərini tərcümə etdirərək Qırğızıstanda yayımını təşkil edir. Bu işlər Azərbaycan tarixi, mədəniyyətinin təbliği baxımından nə dərəcədə mühüm əhəmiyyət kəsb edir?

-Əvvəlcə onu bildirim ki rəhbəri olduğum fond təkcə Azərbaycan müəlliflərinin deyil, həm də qazax və qırğız müəlliflərin əsərlərini tərcümə və nəşr etdirib onların pulsuz yayımını təşkil edir. Misal üçün tanınmış qazax şairi Muxtar Şaxanovun “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” əsəri Azərbaycan dilinə, Qırğızıstan xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanı isə türk dilinə tərcümə etdirilib. Tərcümə etdirəcəyimiz kitabların seçimində xalqlarımızın mədəni əlaqələrinin inkişafında oynayacağı rol əsas götürülür. Muxtar Şaxanov kimi bir şairin yazdığı “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” kitabında müəllif bir çox dövlətlərin siyasi rəhbərlərini tənqid atəşinə tutur. Amma müəllif kitabında Ulu Öndərimiz Heydər Əliyev haqqında böyük bir bölmədə çox xoş sözlər deyir. Kitabın tərcüməsində məqsədimiz böyük şairin dili ilə Heydər Əliyev dahiliyinin bir daha xalqa çatdırılmasıdır. Qırğızıstan Respublikası Prezidenti yanında dövlət dili komissiyasının sədri, Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanının türk dilinə tərcümə edilməsində isə məqsədimiz İslamın sülhsevər, tolerant bir din olduğunu oxuculara çatdırmaqdır. Bildiyiniz kimi İslam dini adı altında bəzi sektalar yaradılır və terrorla məşğul olurlar. Beləliklə də İslam dininin terrorçu bir din olmasını beyinlərə yeritməyə çalışırlar. E. Ermatovun qələmə aldığı Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bu dastanda İslam dininin nə qədər gözəl din olduğu nəzərə çarpır. Düşünürəm ki, Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanı dünya ədəbiyyatında öz layiqli yerini tapacaq. Tarixi romanlara gəlincə, yazıçı publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur-dünyanın hakimi” və “Əmir Teymur-zirvəyə doğru” 2 cildliyini “Temirlan” adı ilə qırğız dilinə tərcümə etdirib nəşr etdirmişik. Tarixi əsərlərdəki tarixi faktlar oxunaqlı olur və oxucunun yaddaşına daha tez yazılır. Bir neçə il əvvəl biz tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur-dünyanın hakimi” və “Əmir Teymur-zirvəyə doğru” 2 cildliyini “Temirlan” adı altında rus dilində nəşr etdirib pulsuz yaymışdıq. Kitab oxucular tərəfindən rəğbətlə qarşılanmışdı. Ona görə də qərara aldıq ki, kitabı qırğız dilinə də tərcümə etdirib nəşr edib qırğızdilli oxucuların ixtiyarına verək. Əsər Qırğızıstanda böyük rəğbətlə qarşılanıb. . Kitabın rəğbətlə qarşılanmasını müəllifin Qırğızıstan Respublikası Prezidenti yanında dövlət dili komissiyasının fəxri fərmanı ilə təltif edilməsi sübut edir.

-Sizin dəstəyinizlə işıq üzü görən kitablar yalnız qırğız oxucuları üçün nəzərdə tutulur?

-Bizim kitabların yayılması təkcə Qırğızıstan ərazisi ilə məhdudlaşmır. Kitablarımız Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası və başqa yerlərdə də yayılır. Bu yaxınlarda aldığımız məlumata görə Rusiya Federasiyasının ucqar bir şəhərində, Novokuznetskiy şəhər kitabxanasına hədiyyə etdiyimiz Bişkekdə nəşr edilmiş həmin kitablardan elmi əsərlərdə istifadə ediləcək. Məncə bundan böyük qələbə ola bilməz. Məlumat üçün qeyd edim ki, 2009-cu ildə Qırğızıstanın o vaxtkı Parlamentinin birinci müavini, xanım Çolpon Bayekovanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmişdik. Bizi Azərbaycanın Prezidenti cənab İlham Əliyev qəbul etmişdi. Görüş zamanı xanım Çolpon Bayekova cənab Prezidentə Qırğızıstanın Azərbaycan haqqında informasiya blokadasında olduğunu, Azərbaycanın başına gətirilən bütün faciələr haqqında məlumatı məhz bu kitablardan aldıqlarını vurğulamışdı. Məncə bizim düzgün yolda olduğumuzu xanım Çolpon Bayekovanın cənab Prezidentimizə dediyi bu fikirdə təsdiq edir. Onu da nəzərinizə çatdırım ki, bu günə kimi 80-ə yaxın kitabı müxtəlif dillərə tərcümə etdirərək nəşr etdirib pulsuz yaymışıq. Hərdən bizə irad tutanlar da olur. Deyirlər ki biz bununla hansısa məqsədi güdürük, şəxsi maraqlarımız üçün bunu edirik. Öz pulumuzu verib kitabı tərcümə etdiririk. Sonra da pulumuzu verib kitabı nəşr etdiririk. Hazır kitabları isə pulsuz yayırıq. Kitabın pulsuz yayılması haqqında kitabda məlumat var. Belə olan halda biz hansı şəxsi marağı güdə bilərik? Əlbəttə, belə şaiyələri yayanlar Azərbaycan, azərbaycançılıqla heç bir əlaqəsi olmayan, düşmənin dəyirmanına su tökənlərdir. Əgər biz bu hərəkətimizlə bizi istəməyənlərin narahatçılığına səbəb olmuşuqsa, deməli hədəfimiz düzdür. Bir də onu demək istəyirəm ki, mənim ən böyük arzum AŞPA-nın iqamətgahında, ABŞ-ın Nümayəndələr Palatasında Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini özündə əks etdirən kitablarla dolu kitabxana yaratmaqdır. Əgər biz buna nail olsaq həmin qurumlar bir daha sərsəm qətnamələr qəbul etməzlər.

-Qırğızların Azərbaycan yazıçılar, onların kitabları, tarixi əsərləri barədə mövqeyi necədir, maraqla qarşılayırlarmı?

-Əlbəttə ki, qırğız oxucuları həmin əsərləri böyük maraq və rəğbətlə qarşılayırlar.

-Fondun gələcək planları nədən ibarətdir?

-Yaxın gələcəkdəki planlarımız tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur-dünyanın hakimi” və “Əmir Teymur-zirvəyə doğru” “Temirlan” adı ilə qırğız dilinə tərcümə etdirib nəşr etdirdiyimiz 2 cildliyini və Qırğızıstan Respublikası Prezidenti yanında Dövlət dili komissiyasının sədri, Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanının türk dilinə tərcümə etdirdiyimiz kitablarının yüksək səviyyədə təqdimatının keçirilməsidir. Hazırda hazırlıq işləri gedir. Çalışırıq ki, təqdimat Qırğızıstan Respublikası Prezidentinin iqamətgahında keçirilsin. Kitablara olan marağı nəzərə alaraq bir çox nazirləri, Qırğızıstanda akkreditə olunan diplomatik korpusları, eləcə də Qırğızıstanın tanınmış elm və mədəniyyət xadimlərini təqdimata dəvət etməyi nəzərdə tuturuq. İstəyimiz budur ki, Qırğızıstanın aparıcı KİV-ləri təqdimatı geniş şəkildə işıqlandırsın.

-Ümumiyyətlə, bu gün Azərbaycan və Qırğızıstan arasında mövcud olan əlaqələri, ikitərəfli münasibətləri necə dəyərləndirərdiniz?

-Bildiyiniz kimi 2008-ci ildə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfərini təşkil etmişdik. Bu səfər Azərbaycan Qırğızıstan münasibətlərinin inkişafına yeni təkan vermişdi. Təməlini qoyduğumuz münasibətlərin inkişafı bu gün də davam etməkdədir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın