Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Nakam şairə qarşı repressiyalar sona çatdımı… – FOTO

Nakam şairə qarşı repressiyalar sona çatdımı… – FOTO

Görkəmli Azərbaycan şairi, cəmi 29 yaşında Stalin repressiyalarının qurbanı olmuş Mikayıl Müşfiqin bir ay öncə “Azəravtoyol” ASC-nin rəhbərliyinin məsuliyyətsiz qərarı nəticəsində sökülən heykəli bu gün əvvəlki yerindən bir qədər aralıda yeni qurulan postamentin üzərinə qoyulub. Şairin əvvəl İnşaatçılar prospektində, “Statistika dairəsi” kimi tanınan ərazidəki kiçik parkda yerləşən abidəsinin təzə yurdu indi  bir qədər kənarda, çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşir.

Hələ postamentin üzərindəki bərpa işləri tamamlanmadığından büstün üzəri brezentlə örtülüdür. Bu gün “Azəravtoyol”un işçiləri heykəli  yeni postamentin üzərinə bərkidiblər və gediblər. Lakin abidənin bərpası işləri hələ tamamlanmayıb. Belə görünürdü ki, postamentin üzərində və abidənin yerləşəcəyi ərazidə işlər davam edəcək. Çünki əvvəlki abidənin postamenti üzərindəki qırmızı qranit təzə postamentdə gözə dəymir və yəqin onu daha sonra postamentə vuracaqlar.

Abidənin ətrafındakı park  da abadlıq işləri bitmədiyindən hasara alınıb. Təmir-bərpa işlərini həyata keçirənlərdən heç kimi  ərazidə tapmadıq. Ancaq  yaxınlıqda yerləşən restoran əməkdaşının sözlərinə görə, sabahdan park ərazisində abadlıq işləri başlanacaq: “Bir ay olar ki, parkın ətrafı hasarlanıb, fəhlələr işləyirlər. Heykəli yerinə qatardılar, amma hələ açılışı olmayıb. Bildiyimə görə, sabahdan parkın abadlaşdırılmasına başlayacaqlar. Açılışdan sonra “Statistika dairəsi” ləğv olunacaq, park böyüdüləcək”, – restoranın işçisi deyir.

Xatırladaq ki, Mikayıl Müşfiqin abidəsi “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmadan fevral ayının 27-də özbaşına sökülmüşdü. Bu hadisə geniş ictimai rezonans doğurdu.

Virtualaz.org və haqqin.az saytları görkəmli şairin heykəlinin dağıdılması ilə bağlı ictimai kampaniya başlatdı. Abidənin sökülməsindən hiddətlənən ziyalılar, memarlar, tanınmış ictimai xadimlər buna sərt reaksiya verdilər. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, heykəltaraş Xanlar Əhmədov, Xalq şairi Musa Yaqub və digər ziyalılar bunu vandalizm, barbarlıq və  şairin ruhuna təhqir kimi qiymətləndirmişdilər.

Məsələyə prezident İlham Əliyev müdaxilə etdi, heykəlin sökülməsindən hiddətləndiyini bəyan edərək hadisənin hərtərəfli araşdırılmasına,  günahkarların cəzalandırılmasına dair  aidiyyəti orqanlara tapşırıq verdi. Bundan sonra 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirmədiklərinə görə cəzalandırıldılar. MMC-nin iş icraçısı Ramiz Rəhimov isə tutduğu vəzifədən azad edildi.

Prezidentin tənbehindən sonra “Azəravtoyol” ASC tərəfindən dağıdılan heykəl yenidən bərpa olundu. “Azəravtoyol” ASC-nin rəhbəri Saleh Məmmədov sonradan mətbuata müsahibəsində etiraf etmişdi ki, heykəlin sökülməsinə özü  qərar verib prezident məsələ ilə bağlı onu şəxsən tənbeh edib.

Qeyd edək ki, Mikayıl Müşfiqin dağıdılan heykəlininin müəllifi heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın