Cümə , Sentyabr 20 2019
Ana səhifə / Şou Biznes / Millət vəkili Naqif Həmzəyevə cavab

Millət vəkili Naqif Həmzəyevə cavab

İki gündür “əminin öz qardaşı qızını qaçırması” kimi iyrənc xəbəri saytlar həvəslə tirajlayır və bu azmış kimi diqqətlə araşdırır.

Ümumiyyətlə, bu tip xəbərlərin, zorlanma hadisələrinin mediada çox həvəslə, az qala canfəşanlıqla işıqlandırılması və üstəlik oxucuların buna maraq göstərməsi düşündürücüdür.

Görəsən bu həvəsin və marağın kökündə nə dayanır..?

Məncə, bu həvəs və maraq kollektiv, yəni ellikcə zorlanmış və uzun müddət pressinq altında olan cəmiyyətlərə xas keyfiyyətdir.
Axı, təkcə ayrı-ayrı fərdlər deyil, bəzən bütöv cəmiyyətlər də zorlanır və illərlə zoraklığa məruz qalır. Və uzun müddət iradəsi zorlanmış belə TRAVMA-lı cəmiyyətlərdə BEYİN problemi olur.
Yeri gəlmişkən, onu da qeyd edim ki, tək-tək zorlanan insanlar polisə, məhkəməyə müraciət edə bildiyi halda, kollektiv təcavüzə məruz qalan cəmiyyətlər çıxış yolu tapa bilmədiyi üçün ağrısını belə iyrənc xəbərləri paylaşmaqla çıxardır.
Həm də nəzərə almaq lazımdır ki, belə iyrənc hadisələrin yaşı dünyanın yaşı qədərdir. Belə hadisələr çox cüzi də olsa dünyanın hər yerində baş verir. Ona görə də belə xəbərlərdən şou yaratmağa ehtiyac yoxdur.
Sözün düzü, məni bu iyrənc olayın özündən çox, Milli Məclisin Cəncə şəhərindən seçilmiş üzvü Naqif Həmzəyevin olayla bağlı açıqlaması təəccübləndirdi.
Əgər bu açıqlamanı sıradan biri versəydi qətiyyən təəccüblənməz və yəqin ki, bu yazını da yazmazdım.
İnanmaq olmur ki, BDU-nun tarix fakültəsinin məzunu, Atatürk Universitetinin tədqiqatçısı, Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil etmiş alim, ölkənin ikinci paytaxtı Gəncənin icra başçısının 1-ci müavini işləmiş şəxs, hazırda YAP-ın Gəncə şəhər təşkilatının sədri və üstəlik millət vəkili olan Naqif Həmzəyev belə bir bəsit açıqlama versin.
Əslində bu yazını Naqif müəllimə cavab kimi qəbul etmək də düzgün deyil. Çünki hörmətli millət vəkilinin açıqlaması sadəcə bir impuls oldu ki, fikirlərimi cəmiyyətlə, o cümlədən cənab deputatımızla bölüşüm.
Naqif müəllim Qafqazinfo-ya açaıqlamasında qeyd edir ki: “ Biz araşdırdıq və məlum oldu ki, həmin şəxslər Gəncə sakinləri deyillər, burada qeydiyyatları yoxdur. Onlar sadəcə Gəncədə kirayədə yaşayıblar, heç müqavilələri də olmayıb. İndi həmin evdə də qalmırlar. Özləri ətraf rayonların birində yaşayır. Burada işləmələrinə dair də heç bir yerdə sənəd tapılmır. Nikahı da heç burada bağlamayıblar, hardasa bağlayıblar. Boşanma ilə bağlı proses də Gəncə məhkəmələrində getməyib”.
Görəsən, millət vəkili üçün bu iyrənc olayın Gəncə şəhərində, yaxud Lənkəranda, Şəkidə baş verməsinin nə fərqi var..?
Lap fərz edək ki, həmin şəxslər Bakıda “propiska”da olub. Nəsə dəyişirmi..?
Deputatın dediyi pasport qeydiyyatı kimi gülünc arqumentin olaya nə dəxli var..?
Həmin şəxslərin Gəncədə kirayədə yaşaması kimi mənasız dəlil-sübut görəsən hörmətli deputatın ağlına haradan gəlib..?
Deputat deyir ki, həmin şəxslərin boşanma prosesi Gəncə məhkəməsində olmayıb..
Görəsən Gəncə məhkəməsi ilə Yevlax məhkəməsinin mahiyyətcə fərqi varmı..?
Naqif müəllim xüsusi olaraq vurğulayır ki, həmin şəxslər “ətraf rayonların birində yaşayır”.
Həmin şəxlərin dini kəbinini Gəncə mollası deyil, Masallı mollası, lap Allahşükür Paşazadə kəssəydi nə dəyişəcəkdi, Naqif müəllim..?
Sözün düzü, Naqif müəllimin açıqlamasının “başı, gövdəsi” olmadığı üçün ciddi tənqidə də gəlmir.
Ancaq hörmətli deputatın açıqlamasında təhlükəli məqamlar var. Deməli, millət vəkilinin əsas məqsədi problemi Gəncədən uzaqlaşdırmaqdır. Bu isə alim adına, millət vəkilinə, dövlət məmuruna, YAP-ın Gəncə şəhər təşkilatı rəhbərinin adına yaraşan hal deyil. Bu şəxs bütöv dövlətin və cəmiyyətin deyil, haradasa bir rayonun təəssübünü və qeyrətini çəkir.
Bu adam unudur ki, sinəsində Gəncə vəkili deyil, millət vəkili nişanı gəzdirir…
Təəssüf ki, deputat problemlərə Azərbaycan prizmasından deyil, “xırda bir dırıx”dan baxır…
Biz isə çox istərdik ki, hörmətli millət vəkillərimiz təkcə bu olaya deyil, bütün problemlərə daha geniş, dövlətçilik prizmasından yanaşsın.
Bu cür baxışı sıravi oxuculardan olmasa da, heç olmasa deputatlarımızdan, o cümlədən Naqif Həmzəyevdən gözləyirik. Ən azı ona görə ki, sizlər həqiqi millət vəkili olmasanız da sizə bu rol verilib.

Kamran Məhərrəmli

Həmçinin oxuyun

“Uşağını küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşayır. Unikal.org  xəbər verir ki, bu gün …

Bir cavab yazın