Şənbə , May 25 2019
Ana səhifə / Şou Biznes / Lamiyə Quliyeva oğluna yeni ad qoydu, sənəd aldı: “Bu da mənim onlara bir jestim olsun”

Lamiyə Quliyeva oğluna yeni ad qoydu, sənəd aldı: “Bu da mənim onlara bir jestim olsun”

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq  icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
2010-cu ildə həbsxanadaykən Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay da artırılıb.  Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib..
2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bu il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.
Bu xəbəri xatırlatma ilə başladıq. Çünki hələ də Lamiyə Quliyevanın kimliyi haqqında konkret fikrə sahib deyilik. Özünün də Modern.az saytına verdiyi açıqlamada dediyi kimi: “Bəlkə də haqqımda kitab yazılır, amma bu barədə məlumatım yoxdur. Yəni yaşadıqlarım, kimliyim, başıma gələnlər bir kitaba sığarmı? Çətin ki… inanmıram”.
Hazırda heç bir işlə məşğul olmadığını deyən Lamiyə Quliyeva evdə 10 aylıq körpəsini böyüdür: “Mənim üçün hər şey geridə qaldı. Artıq yeni həyata başlamışam. Oğlum üçün həyatımı yaşayıram. Hər şeyi ona həsr etmək istəyirəm. Planlarımı açıqlamaq istəmirəm. Həbsdən çıxandan sonra istər ailəmə, istərsə də özümə qarşı təzyiq hiss etməmişəm. Olsaydı, aidiyyəti qurumlara müraciət edərdim. Hələ ki sakitçilikdir”.
O, azadlığa çıxandan sonra övladına doğum haqqında şəhadətnamə almağından da söz açdı: “Övladım Uğura doğum haqqında şəhadətnamə almaqla yanaşı, ona şəxsiyyət vəsiqəsi də düzəltdirmişəm. Sənədlərin düzəlməsində problem yaşamadım. Sağ olsunlar, Şəmkirdə hara müraciət etdimsə, bütün işlərimi yoluna qoydular. Uşağımın şəhadətnaməsində ata adı yerində Vüqar Əliyevin adı qeyd olunub. Başqa kim olmalı idi?!
Uğurun ata tərəfindən heç kim onu görməyə gəlməyib. Onlarla heç bir əlaqəm də yoxdur, mənə lazım da deyil. O qədər atasız böyüyən uşaqlar var ki… Özüm atasız böyümüşəm. Təki ana yaxşı olsun övlada qarşı. İnsan atadan yox, anadan yetim qalır. Mən belə şeyləri çox görmüşəm, İnşaallah Uğura atasızlığı hiss etdirmərəm”.
Lamiyə Quliyeva geriyə dönüb baxanda “kaş ki…” dediyi məqamlara da toxundu: 
“Həyatımda belə məqamlar olub. Amma “kaş ki…”lər mümkün olsaydı, onda bütün insanlar xoşbəxt olardı. Çox şeylər itirdim. Bugünkü günümə şükür, oturmuşam evdə, uşağımla, normal həyat yaşayıram. Ailəmin, qohumlarımın mənə münasibəti çox yaxşıdır”.
Lamiyə Quliyevadan kamera yoldaşlarına baş çəkmək istəyinin olub-olmadığını  soruşduq: “Həmişə həbsdəki insanlarla kənərdan-kənara münasibət qurmuşam. Orda geniş çevrəm olmayıb. Xaraktercə qapalıyam, ürəyimi hər kəsə açıb-boşaldan insan deyiləm. Demirəm orda olan insanlar qatı cinayətkardır, yox. Sadəcə o səhifəni tamamilə bağlamaq niyyəti ilə, istəməzdim kimlərləsə yenidən əlaqə yaradım. Qəti şəkildə qarşıma məqsəd qoymuşam ki, həbsxanada bir yerdə cəza çəkdiyim insanlarla heç bir əlaqə saxlamayacam. O həyatı xatarladan hər şeydən uzaq olmaq istəyirəm. Həbsxanada yetərincə ömrümü itirdim. Amma həbsxanada ana və uşaq otağında mənimlə birlikdə 6 nəfər qadın qalırdı. Uşaqları çox istədiyim üçün istərdim ki, gedib onlara baş çəkəm”.
O, düşməninə belə, həbsxana həyatı arzulamdığını vurğulayır: “Əgər arzulasaydım, yəqin ki, çoxdan haralarasa müraciət etmişdim. Mənə toxunan insanları Allaha tapşırıb çıxdım. Onların mənə etdiklərini mən onlara etmədim, bu da mənim onlara bir jestim olsun. 12 il başıma bu qədər oyunlar gəldi, həbsə uşaqkən düşmüşdüm, dolğun bir yaşda çıxdım. Mühit, üstəgəl yanımda bir övladım istər-istəməz həyata baxışımı dəyişdi. Bütün insanlar azadlığının qədrini bilsin. Azadlıq gözəl nemətdir”.

 

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …

Bir cavab yazın