Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Kimsə kiminsə qucağına tullanırsa…” – Evli kişilərin “güzgü”sü

“Kimsə kiminsə qucağına tullanırsa…” – Evli kişilərin “güzgü”sü

O, Şekspirin məşhur “Aktyor dövrünün güzgüsüdür” ifadəsini özünə şüar seçib. Ancaq elə dövrünün tələbləri, maddi sıxıntılar bir çox aktyorumuz kimi ona da “güzgü” olmağa imkan verməyib. İllər əvvəl teatr səhnəsindən uzaqlaşmalı olan həmsöhbətimiz indi daha fərqli platformada – Markın “səhnə”sində güzgülənir.

Söhbət çəkdiyi videolarla sosial şəbəkələrdə məşhurlaşan, xüsusilə də son bir neçə ayda hamının sevgisini qazanan, güldürərək düşündürməyi bacaran, evli kişilərin can dostu, aktyor Taleh Yuzbəyovdan gedir.

Çoxları onu “Ceyhun” videosuyla tanısa da, “Evli kişinin dramı” videosundan sonra yüz minlərlə kişinin sevgisini, elə bir o qədər də qadının qəzəbini qazanmağı bacarıb. Bütün hallarda canlandırdığı obrazlarla, xüsusilə də, özünün dili ilə desək, fağır obrazı ilə virtual tamaşaçılarının sevimlisi olan istedadlı aktyoru “Qafqazinfo”da qonaq edib söhbətləşmək qərarına gəldik.

– Videolarda daha çox jest və mimikaya üstünlük verirsiniz və bu da izləyicilərə kifayət qədər xoş gəlir. Situasiyaları bu qədər dəqiq canlandırmağınızda əvvəllər Pantomima Teatrında işləməyinizin, yəqin ki, təsiri var.

– Əlbəttə, çalışıram ki, obrazlar canlı alınsın və bu cəhətdən Pantomima Teatrının da, oxuduğum İncəsənət Universitetinin də rolu böyükdür. Hər hansı bir işlə məşğul olanda bünövrəsini öyrənmək lazımdır. Yaradıcılıq baxış bucağı deməkdir. Hamımız bir hadisəyə baxırıq, ancaq yaradıcı baxışda hamının görmədiklərini görə bilərik. Mən istər-istəməz gördüyüm hər şeyi müşahidə edirəm və nə vaxtsa şüurumda qalan o obrazı canlandırıram. Rus aktyoru xatirələrində “mən çox əclaf insanam, anam öləndə ağlamaqla yanaşı onu müşahidə edirdim ki, insan öləndə necə ölür” yazır. İndi biz də eləyik. Aktyorluq sadəcə istedaddan asılı olan bir şey deyil. Pantomima teatrı mənim üçün praktika oldu. Orada mən nəyi bacarıb, nəyi bacarmadığımı kəşf etməyə başladım. Baxdım ki, məndə romantik qəhrəmanlar yaxşı alınmır, əksinə mənfi, fağır obrazlar daha yaxşı alınır.

 

– Videolarınız əvvəllər də sevilirdi, ancaq “Ceyhun” videosu ilə auditoriyanız daha da artdı və ondan sonra videolarınızda da müəyyən qədər fərq hiss olunmağa başladı.

– Belə deyək, artıq bu sahədə yolumu tutmuşam. Düzü, əvvəllər sosial şəbəkələr üçün video çəkmək fikrim yox idi. Aktyoram və sırf aktyor kimi də çəkilmək istəmişəm. İndi mənim etdiyim bir növ etirazın formasıdır. Vaxt olub çox kastinqlərdə iştirak etmişəm və keçməmişəm. Onları da qınamıram, həyatda çox utancaq adamam. Videolarda sərbəst olmaq başqadır, ancaq insanların yanında özünü sübut etmək kompleksim var. Birinci təkan 14 fevralla bağlı videom olmuşdu, daha sonra “Ceyhun”la tanındım. Həmin vaxt 2 minlik auditoriyam var idi. Videodan sonra 2-3 günə 6 min, 7 min oldu, getdikcə daha da sürətlə artmağa başladı. Bu da məni həvəsləndirdi.

– Elə mən də sizi “Ceyhun”la tanıdım.

– Xarici mahnını necə eşidirsənsə, elə də oxumaq Azərbaycan dilində ilk dəfə idi, bəlkə də ona görə belə maraqla qarşılandı. Rus dilində olub. Bunu mən kəşf etməmişəm, plagiatı sevmədiyim üçün yalan deyə bilmərəm. Mahnıya qulaq asanda gəl bizə və s. sözləri eşitdim və belə bir şey etmək qərarına gəldim.

– Videonun gətirdiyi uğur sizin üçün gözlənilməz oldumu? Xatırlayıram ki, həmin ərəfədə hamı sizdən danışır, videonuzu paylaşırdı.

– Sözün düzü bu gözlənilməz vəziyyətlə “14 fevral” videomda qarşılaşmışam. Təbrik videosu idi. Axşam paylaşdım, dost-tanışlar baxdı, bəyəndi, mən də yatdım. Səhər durdum, feysbuku açdım, şoka düşdüm, bağladım. Sonra bir daha açıb baxdım. O vaxt hamı youtubdan paylaşırdı. Oyandım ki, 2 min adam baxıb, üzümü yudum, 7 min, çay içdim, 11 min və belə sürətlə artırdı. Məqsədim olmadığı üçün ikincini çəkmədim. Ancaq aylar sonra səhifəmdə “Ceyhun” videosunu paylaşdım. Ondan da gözlənilməz nəticə gəldi və beləliklə vaxt olduqca videolar çəkmək qərarına gəldim. Həftədə bir dəfə, ya da iki həftədən bir çəkirəm kifayət edir.

– Artıq vaynerlər, videobloqqerlər işi bir az da artırıb və professional kamera ilə çəkməyə başlayıb. Ancaq keyfiyyət artsa da, izləyicilərə əvvəlki səmimiyyəti aşılaya bilmir.

– Mənə telefonla çəkmək asan və səmimi gəlir. Hətta bəzən hamısı bir dubla alınır və o şirinlik qalır. Eyni şeyi iki-üç dəfə etdikdə maraq da olmur. Mən “aniktot” danışmağı, yazmağı sevmirəm, əvəzində zarafatımı bu cür ifadə edirəm. Belə deyək, onlar mənim statuslarımdır.

– Komandanız iş yoldaşlarınızdır, çəkilişlər də işdə və evdə çəkilir, bəlkə də bunun da qatdığı bir səmimiyyət var.

– Deyərdim ki, ən böyük dəstəyi elə onlardan alıram. İstedadlıdırlar. Hətta bu yaxınlarda komandamla birlikdə qısa serial təklifi də almışam. Aktyorun yaxşı oynaması rejissordan asılıdır. Komandada cəmi bir nəfərin təhsili var, qalanları müxtəlif sahələrdə təhsil alıb. Əsas odur ki, canlarında olsun. Həmişə düşünmüşəm ki, niyə Hollivudda balaca uşaqlar bizdəki illərin aktyorlarından daha səmimi, yaxşı oynayır? Uşaqlarımızın danışığı robotu xatırladır. Bir gün başa düşdüm ki, bu, rejissordan asılıdır.

– Bayaq dediniz ki, zarafat etmək də asan deyil, birdən gülən olmasa, pərt olursan. Bəs elə olub ki, videolarınız sizə maraqlı gəlib, ancaq o reaksiyanı qarşı tərəfdən ala bilməmisiniz?

– Bəzən video hazır olandan sonra şübhə yaranır ki, deyəsən, bu dəfə alınmayıb. Məsələn “Gopçu” videosunda qərarsız qalmışdım. O qədər montaj edirsən ki, gözün öyrəşir və gülməli gəlmir. Çox vaxt videolarımı həyat yoldaşıma göstərirəm və üzünə baxıram ki, reaksiyası necə olacaq. Videonu göstərdim, nəsə gülmədi. Qaldım belə. Onun maraqla qarşılanacağına inanmırdım, düşündüyüm kimi olmadı. Vaxtdan da çox şey asılıdır. Ölkədə faciə baş veribsə, həmin gün gülməli nəsə paylaşmaq ağılsızlıqdır. Bəzən də lap yerinə düşür. Məsələn “Səni axtarıram” hadisəsi baş verən günün o biri günü onunla bağlı video paylaşdım, reaksiya böyük oldu.

– Tarif Şurasının qərarından sonra “Etiraz” videosunu yaydınız. Dostluğumda elə insan yox idi ki, həmin videonu paylaşmasın. Ancaq sonradan sildiniz. Səbəbini bilmək olar?

– Paylaşandan sonra baxdım ki, videonun keyfiyyəti çox aşağıdır, işıq pis düşüb.

– Maraqlısı budur ki, videonu sildikdən sonra da sizə qarşı hər hansı bir ağır, sərt fikirlər gözümə dəymədi. Başqası olsa, məncə, tam fərqli olardı.

– Sosial şəbəkələrdə çox vaxt keçirənlərdənəm. Özüm fikir bildirməsəm də, izləməyi sevirəm. Digər səhifələrdə şərhlərə baxıram ki, insanlar çox aqressiv, qəddar fikirlər yazır. Ancaq nədənsə mənim izləyicilərim çox pozitivdir və mən onlara neynirəmsə, bağışlayırlar. Yəqin başa düşürlər ki, bunu deyən adam, nəsə olub ki, silib. Sonradan sildiyimə peşman oldum, bu da ayrı bir məsələdir. Həm də mənə inanırlar. Düzdü, demirəm hamı məni sevir, ancaq mənə qarşı çox pozitiv fikirdədirlər. Çox aqressiv olanları, söyüş söyənləri blok edirəm, məsələ bitir.

– Müsahibənizdə oxumuşdum ki, “qara” siyahınız xeyli böyükdür. Ancaq çox vaxt blok edən insanları dözümsüz adlandırırlar. Bir də ki, söz azadlığı var axı?

– Əslində, elə də böyük deyil, 48 nəfərdir. Və o 48 nəfərin hamısı mənə qarşı nəsə etməyib. Bəzisi dostu ilə aralarında söyüşüblər və mən ikisini də blok etmişəm, bəzisi şərh yazan qızlara ilişib, söz atıb. Mən istəmirəm, səhifəmdə belə şeylər olsun.

O ki qaldı söz azadlığına, olmalıdır, ancaq hər kəsə söz azadlığı vermək olmaz. Mənə görə, hər adamın söz haqqı yoxdur. Biri deyir “mənim də söz haqqım var”. Yoxdu qardaş, sənin beynin söz haqqına imkan vermir. Bəzən diktatura lazımdır. Kimsə kiminsə qucağına tullanırsa, sənin haqqın yoxdur ki, onu söyəsən. Özü bilər. Başqa səhifələrdə çox görürəm. Enrikenin qucağına tullanan qızla bağlı mən də video çəkmişdim. Yazıq axırda azərbaycanlı da çıxmadı.

– Çox vaxt jurnalist olan yerdə nəyisə danışanda deyirlər ki, indi yazacaq. Xüsusilə də, köşə yazarları bu halla tez-tez rastlaşır. Bəs sizin də ətrafınızdakı qohum-əqraba, dost-tanış “Talehin yanında bunu etməyin, videomuzu çəkəcək” kimi sözlər deyir?

– Bizdə bir az əksidi deyək. Nə görsələr, “bax bunu da çək” deyirlər. Məsələn, qar yağır, niyə çəkmirsən? Deyirəm, hər şeyi çəkmək olmur axı. Biri keçən dəfə deyir “videonda bunu düz demisən”. Dedim, başqa videomda nəyi səhv demişəm bəs? Adicə olaraq evli kişinin dramında mən yalan danışmamışam ki. Həqiqətən də, evli kişinin Ukraynaya getməsi problemdi. Ancaq bu xanımların böyük etirazına səbəb olmuşdu. Bəzi kişilər də özlərini yaxşı göstərmək üçün qadınlara dəstək verirdi. Sadəcə göstərmişəm ki, xanımların çoxu evləndikdən sonra kişini bir yumağa döndərir. Nəsə edən onsuz da, yerindən və zamanından asılı olmayaraq edir. Mən sadəcə göstərirəm, nə mühakimə edirəm, nə başqa bir şey.

– Evli kişinin dramı videosundan sonra evdə də başınızın ağrıdığını demisiniz. Qadınları bildik, bəs videolara həyat yoldaşınızın münasibəti necə olur?

– Əslində, hər iki videoda məndən bir az incidi. Belə olub-olmadığını soruşdu. Deyirəm, heç olmasa sən belə demə, axı işin içindəsən. Hər elədiyim, çəkdiyim video mənə aid deyil axı. Molla kimi, həkim kimi videolarda elə bir fikir olmur, ancaq ailəylə bağlı videolarda deyirlər ki, özü də belədir. Deməli, sabah gey obrazında olsam, fikirləşəcəklər ki, mən geyəm.

– Şeksprin fikrini şüar tutaraq aktyor dövrünün güzgüsüdür deyirsiz. Bəs bizdə güzgü olmaq nə dərəcədə asandır? Güzgüdə hər şey görünür?

– Bu fikri hər tərəfə fırlatmaq olar. Adicə aktyorun geyim-keçiminə baxıb onun yaşamını, cəmiyyətin vəziyyətini görmək olar. Dövrün güzgüsü olmaq çox çətindir.

– Nuran: Son zamanlarda vayn, video çəkmək çox dəbdədir. Xüsusilə də, məktəblilərin buna marağı artıb. Çoxu da tezliklə pul qazanmaq, reklam üçün bu işə əl atır.

– Məncə, pula görə yox, məşhurluğa görə yayılıb. Bir ara hamı reper olurdu, bir ara müğənni olurdu. İndi də bu ənənə video-bloqqerliyə keçib. Mən reklam götürməyə bu son aylarda başlamışam, onu da özləri təklif edir. Hamısına razı olmuram. Çünki bəzən reklam işləri məni də qıcıqlandırır. Fikirləşirəm ki, dekabrda 3 reklam verilsə, bəsdir. Məsələn, axırıncı reklamı çalışdım ki, hamar edim və kifayət qədər də bəyənildi.

– Məşhurluq demişkən, mənə görə, ölkəmizdə videobloggerlik Aynur Hüseynova ilə məşhurlaşdı. Onun izləyicilərinin sayı hətta məşhur müğənnilərdən də çox idi. Çox bacarıqlı olsa da, sonradan Amerikaya getdi və biz onun fəaliyyətini daha görmədik. Siz də daha uyğun iş təklifinə görə bu məşğuliyyətinizi sonlandırarsınız?

– Aynurla intenet üzərində münasibətimiz var və mən də onun işlərini həmişə çox bəyənmişəm. İndi də video çəkə bilər, niyə çəkmir bilmirəm. Fikirləşirəm ki, mən həmişə bu işlə məşğul olacam. Çünki bu, özümü ifadə vasitəmdir. Əvvəllər zarafat kimi baxırdımsa, artıq həyat tərzimə çevrilib. Hələ ki, deməyə sözüm var və sözüm olduqca çəkəcəm.

– Sualımı bir də bu yöndən verim. Hazırda telekommunikasiya sahəsində işləyirsiniz və peşənizdən bir qədər uzaqlaşmısınız. Məşhurluğunuz artdıqca bu sahədən ayrılmağı düşünürsünüzmü?

– Bəli, telekommunikasiya sahəsinə gəlməyimə səbəb teatrlarda maaşların çox aşağı olmasıdır. Bu, dövlət sirri deyil və hamı bilir. Teatrdan çıxmaq istəmirdim, ona görə çox dözdüm. Axşam deyirdim ki, səhər açılsaydı işə gedərdim. Vaxt gəldi, üstümə çox böyük öhdəliklər düşdü, evdə tək mən işləyirdim. Gördüm ki, alınmır. Dedim ki, çıxıram, ancaq qayıdacam. Bəxtiyar müəllim də dedi ki, teatrın qapısı sənə hər zaman açıqdır. Bir il üçün çıxdım, artıq 5-ci ildir ki, telekommunikasiya sahəsindəyəm. İş yoldaşlarıma çox öyrəşmişəm, 5 ilim onlarla keçib. Hətta elə işdən də evləndim və bundan sonra da ömrüm onunla keçəcək.

– Növbəti planlarınız nələrdir?

– Əslində, planlar çoxdur, növbə ilə həyata keçirəcəm. Sadəcə olaraq kinli adam deyiləm. Vaxtilə keçmədiyim kastinqlərdən indi dəvətlər alıram. Daha demirəm, o vaxt istəmədiniz, indi də mən gəlmirəm. Sadəcə özümü sübut etdiyim üçün xoşbəxtəm.

Günel Hacı
Fotolar: Nuran Məmmədov

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın