Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / İslamda seçim haqqı

İslamda seçim haqqı

İstəkli oxucular sual edə bilər ki, seçimin, seçkinin ibadətə bir aidiyyəti varmı? Amma bir az dərindən düşünsək, görərik ki, biz ibadət yoluna da öz seçimimizlə gəlirik və əslində, elə bu cür gəlməliyik. Heç kəs bizi məcbur etməməlidir və etmək hüququ da yoxdur.

Bu mənada, İslamda azad seçim anlayışı çox böyük önəmə malikdir. Ölkəmizdəki parlament seçkilərinin təsadüf etdiyi Məhərrəm-Səfər əyyamının əzəli və əbədi qəhrəmanı, Şəhidlər Ağası İmam Hüseyn əleyhissəlam da Allah, İslam uğrunda şəhadət yoluna öz seçimi ilə getdi. Və Yezid ordusunun mühasirəsində yaşadığı günlərdə ətrafındakı tərəfdarlarına seçmək hüququ verdi: kim ölümdən qorxursa, yaxud yalnız ona möhtac olan kimsəsiz, xəstə ata-anası yolunu gözləyirsə, gedə bilərdi. Və bu minvalla Aşura gecəsi İmamın ətrafında şəhidlik yolunu seçmiş 72 nəfər olduğu deyilən həmin fədakar, igid SEÇİLMİŞLƏR qaldı… Elə bugünkü xaotik burulğanlar girdabında olan həyatımızda da seçənlər və seçilənlər üzərinə böyük məsuliyyət düşür. Əgər bunu dərk etsələr…
Qurani-Kərimdən, Peyğəmbər (s.ə.s) sünnətindən, İslam xilafətinin tarixindən xəbəri olmayanlar dinimizi tam totalitarizm, diktatura, zorakılıq təbliğ edən bir ideologiya kimi təsəvvür edirlər. Bu yanlış anlayışdan istifadə edən İslam düşmənləri də bilərəkdən müsəlmanlığa qarşı çirkin təbliğatlarını işə salır, müsəlman dünyasını gerilikçi, tənəzzülə doğru aparan bir sistem kimi təqdim etməyə çalışırlar. Halbuki, Qurani-Kərimi oxuyub-anlamağa çalışan hər bir kəs əmin ola bilir ki, bu gün “demokratik” adlanan prinsiplərin bir çoxu ali dəyərlər kimi, ilk dəfə məhz Allahın KİTABında təsbit edilmişdir…

Peyğəmbərə (s.ə.s) biyət seçkinin bir forması idi

Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın Allahdan vəhy aldığı İslamın ilk illərində hazırkı qaydalara uyğun seçkilər olmasa da, seçki sisteminin tamamən olmadığını da söyləmək doğru deyil. Peyğəmbərə (s.ə.s) “beyət” etmək həm də seçkinin bir forması idi. Yəni, heç kəs zor, qılınc gücünə Rəsulullahı (s) cəmiyyətin yol göstərəni kim tanıyıb ona sadiqliyini ifadə etməmişdir. “Biət” ərəbcədən tərcümədə “təsdiq”, həm də “sədaqət andı” mənasını verir. Müsəlmanların ilk beyəti də Allaha və Onun elçisi Həzrət Məhəmmədə (s.ə.s) oldu. Hz. Məhəmmədin (s.ə.s) sağlığında müsəlman icmasının qərarları ümumi müzakirə, yəni məşvərət vasitəsilə əldə etməsi barədə kifayət qədər tarixi məlumatlar var. Bu o deməkdir ki, Peyğəmbərimiz (s.ə.s) idarəçi məmurlara da seçim ixtiyarı, öz fikirlərini söyləmək hüququ verir, onların təklifləri ilə hesablaşırdı. Sirə (Peyğəmbərin həyatı ilə bağlı məlumatlar) müəlliflərinin yazdığına görə, belə toplantı iştirakçıları dəyirmi halqa şəklində əyləşər və beləliklə, kimin başda, kimin ayaqda – son yerdə olduğu bilinməzmiş…

Dörd xəlifə seçki ilə hakimiyyətə gəlib

Peyğəmbərin (s.ə.s) özündən sonra əmisi oğlu və kürəkəni Həzrət Əlini (ə) öz xələfi elan edib-etməməsi barədə sünni və şiə məzhəbləri arasında ixtilaf bugünədək davam edir. Ancaq son nəticədə Allah elçisinin vəfatından sonra xəlifənin Həzrət Əli (s) yox, Əbu Bəkr olması danılmazdır. Bununla yanaşı, Əbu Bəkrdən başlayaraq, Rəşidi xəlifələrin (Həzrət Məhəmməddən (s.ə.s) sonra xilafətə rəhbərlik etmək Əbu Bəkr, Ömər ibn Xəttab, Osman və Əli ibn Əbu Talib (ə)) dönəmində xəlifə seçimlərinin seçkilər (Şura) vasitəsilə keçirilməsi ilə bağlı faktlar var. Ancaq eyni zamanda, dörd xəlifə zamanı da seçkilər üslubunda müəyyən fərqlər olub. Birinci xəlifə Əbu Bəkr Mədinədə bir qrup səhabənin iştirakı ilə keçirilən seçkilər nəticəsində seçilib. Tarixi mənbələrə görə, həmin seçkiyə etiraz edənlər, ədalətsizliyini bildirənlər olsa da, sonradan, 33 min səhabə (Peyğəmbərlə (s.ə.s) bir dövrdə yaşamış tərəfdarları) Əbu Bəkrə beyət edib. Ondan, təxminən, iki il sonra dünyadan köçən Əbu Bəkr xəlifə Öməri özünə ardıcıl təyin edir və bundan sonra müsəlmanların xəlifə Ömərə beyət etməsi mərasimi keçirilir. İslamşünas Hüseyn Quliyevin araşdırmalarına görə, Ömər dünyadan köçərkən xəlifə seçimlərinin yeni bir üsulunu tətbiq edir: 6 nəfər nüfuzlu xəlifəliyə layiq namizəddən ibarət Şura təyin edən xəlifə Ömər yeni dövlət başçısının 6 nəfərdən ibarət Şuranın öz aralarından seçilməsini vəsiyyət edir. “Məşvərət Heyəti” adlanan bu Şura bir neçə gün davam edən müzakirələrdən sonra, Osman ibn Əffanı 3-cü xəlifə olaraq seçirlər. Xəlifə Osman misirli üsyançılar tərəfindən qətlə yetirildikdən sonra, xəlifə bilavasitə xalq, daha dəqiq, Mədinə əhalisi tərəfindən seçilir. Əsasən, səhabə və tabeindən ibarət olan Mədinə sakinləri Həzrət Əlinin (ə) evinə gedərək, onu xəlifə olmağa dəvət edirlər. Və elə oradaca əksəriyyət ona beyət edir. Ancaq sonrakı xilafət sülalələri varislik yolu ilə davam edib…

Müxtəlif müsəlman ölkələrində seçki qaydaları

Sonrakı dövrlərdə İslam məzhəblərində (hüquq məktəbləri) seçkilər, siyasi hakimiyyətin formalaşmasına münasibətdə mütləq hakimiyyətin Allaha məxsus olmasında olan ittifaqla yanaşı, “yerdəki” hakimlərin necə müəyyən olunması, hakimiyyətə layiqlik kimi məsələlərdə sünni və şiə məzhəbləri arasında fərqli baxışlar da hökm sürməkdədir.Belə fərqliliklərə rəğmən, bu gün müsəlman dünyasında hakimiyyətlərin ümumi seçkilərlə formalaşması qəbul olunur. Hətta müvafiq təriqətlərə mənsub ən sərt şəriət qaydaları əsasında idarə olunan Səudiyyə Ərəbistanında da dövlətin birinci şəxsi olmasa da, Məclisə və digər yerli qurumlara seçkilər keçirilir. Fars körfəzinin monarxiyaüsullu ölkələrində birinci şəxslər olmasa da, Məclis müəyyən qədər dünyanın qəbul elədiyi seçki qaydaları ilə formalaşdırılır. İslam Respublikası adını daşıyan İranda isə ölkənin faktiki əsas şəxsi olan ali dini lider üləmalar tərəfindən seçilir. Dövlətə rəhbərlik edən prezident isə 4 ildən bir ümumxalq seçkiləri ilə müəyyən olunur. Digər İslam respublikaları – Pakistan, Əfqanıstan kimi ölkələrdə də dövlət başçısı ümumxalq seçkiləri vasitəsilə (Pakistanda parlament tərəfindən) seçilir. Bu isə onu göstərir ki, dövlət başçısının xalqların səsverməsi ilə müəyyən olunması İslam prinsipləri ilə ziddiyyət təşkil etmir. Təbii ki, müəyyən şərtlər daxilində; məsələn, İranda hazırkı siyasi quruluşa əsasən, 12-ci İmam Mehdi Sahibəzzamanın (ə) qeybdə olduğu dövrdə hakimiyyəti onun mənəvi varisləri hesab olunan İslam üləması – müctəhidlər – tərəfindən seçilmiş liderə – vəliyyi-fəqihə – məxsusdur. Buna rəğmən vəliyyi-fəqih də məhz üləmalar arasında keçirilən seçkilərlə müəyyən olunur.

Azərbaycandakı seçki mexanizmində İslam dəyərlərinə zidd prinsipial məqam yoxdur

Azərbaycan, vətəndaşlarının böyük əksəriyyətinin müsəlman olması baxımından, İslam ölkəsi hesab edilsə də, dövlət olaraq dünyəvi-hüquqi prinsiplər əsasında idarə olunur.Odur ki, istər dövlət başçısı, istərsə də parlament seçki sistemi, İslam seçki sistemlərindən xeyli fərqlənir. BDU-nun ilahiyyat fakültəsinin İslam elmləri kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, İslam hüququ üzrə mütəxəssis Mübariz Camalov bizimlə söhbətində məsələyə belə münasibət bildirdi: “Azərbaycandakı dünyəvi prinsiplərə əsaslanan müasir seçki sisteminə İslam hüququ baxımından yanaşmaq məqsədəuyğun olmasa da, demək mümkündür ki, hazırkı seçki sistemi ümumi istiqamət və mexanizmlər baxımından İslam prinsipləri ilə heç bir ziddiyyət təşkil etmir. Ümumiyyətlə, İslam hüququnda vətəndaşın seçmək və seçilmək hüququ ilə dünyəvi sistemdəki eyni hüquq arasında prinsipial bir fərq yoxdur. Sadəcə, İslamda dövlət başçısı olaraq, xəlifənin Quranı, şəriəti bilməsi vacib hesab olunur. Bunun da təbii ki, dünyəvi dövlətə aidiyyəti ola bilməz”. Mütəxəssisin dediklərindən onu da anladıq ki, Azərbaycan vətəndaşlarının prezident, yaxud parlament seçkilərində azad seçim edərək, səs verməsi mexanizmində İslam dəyərlərinə qarşı ola biləcək bir məqam yoxdur.

Seçəni də, seçiləni də kameradan öncə Allah görür…

Dünyaya Allahın “Zəbur”, “Tövrat”, “İncil”, “Quran” kitablarında təsbit etdiyi hökmran dəyərlərlə yanaşsaq, bütün hallarda yaşadığı cəmiyyətin inkişaf və tərəqqisini, xalqın rifah halının daha da yaxşılaşmasını istəyən hər bir insan, müsəlman, vətəndaş, ilk növbədə özünü, təfəkkürünü, həyata baxış tərzini müsbətə doğru dəyişməli, haqqı-nahaqdan seçməyi bacarmalı, hər bir işdə Haqqa səs verməli, Haqq tərəfdarına dəstək olmalıdır. İstər seçən, istər seçilən, istərsə də onlara nəzarət edənlər bilməlidirlər ki, onlara küçə və parklarda, ofislərdə, seçki məntəqələrində qurulmuş kamera obyektivlərindən öncə Allah baxır və O, hər şeyi hamıdan aydın və dəqiq görür. Qurani-Kərimin aşağıdakı ayəsi də söylədiklərimizi təsdiqləyir:
“(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz” (Rad, 11)…

 Sultan Laçın

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın