Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / İcra Hakimiyyəti  Daşkəsəndə həbs edilən siyasi fəal müəmmasına  aydınlıq gətirdi

İcra Hakimiyyəti  Daşkəsəndə həbs edilən siyasi fəal müəmmasına  aydınlıq gətirdi

Məlum olduğu kimi, iyulun 27-də Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə Ədalət partiyasının rayon şöbəsinin sədri, Daşkəsən şəhər sakini Elşad Qafarov cinayət məcəlləsinin xuliqanlıq – 221.1-ci maddəsi ilə ittiham olunaraq 8 ay müddətində azadlıqdan məhrum edilib.

Ədalət Partiyasının rayon təşkilatının sədri Elşad Qafarovun həbsində heç bir siyasi motiv yoxdur. O, cinayət əməlinə yol verib, buna görə də həbs edilib.

Bu fikirlər Azinforum.az-a  Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Malik Ələsgərov  tərəfindən ünvanlanan məktubda qeyd edilir.

E.Qafarov bir neçə ay öncə rayonda su xətti çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşlarını təhqir edib. Daşkəsən şəhəri ərazisində su çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşları ilə onun arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Qafarovun qohumu yaşayan evin qarşısından keçən küçədə su xəttinin çəkilişi aparılan zaman E.Qafarov ora gələrək iddia etmişdir ki, guya onun qohumunun evinə ziyan dəyib. Bunun müqabilində «Çakır Yapı» şirkətindən külli miqdarda pul tələb edib.

Şirkət isə onun iddiasının əsassız olduğunu bildirəndə mübahisə düşüb. Nəticədə Elşad Qafarov bir neçə şirkət əməkdaşılarına ağır xəsarət yetirib. «Çakır Yapı» şirkətinin işçilərindən bəziləri hətta xəstəxanada müalicə olunublar. Halbuki şirkət bütün işlərini təsdiq olunmuş layihə üzrə aparır. Qazılmış ərazilər isə işlər başa çatdıqdan sonra dərhal əvvəlki qaydasına salınır.

Bundan sonra isə döyülən işçilərin iddiası ilə E.Qafarova qarşı rayon məhkəməsinə yazılı sürətdə şikayət olunub. Məhkəmə prosesi davam edən 3 ay müddətində özünə qarşı hansısa siyasi təzyiqin olmasından şikayət etməyən Qafarov sonradan siyasi oyunbazlıq edərək – yəni həbs olunduqdan sonra bu hadisəni siyasiləşdirməyə çalışır və düşünür ki, bu yolla üzərindəki məhkəmə hökmünü ləğv etdirə bilər.

Şirkətin zərərçəkmiş əməkdaşlarının hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində, xuliqanlıq maddəsi ilə barəsində cinayət işi başlanıb. Daşkəsən Rayon Məhkəməsinin qərarına əsasən də iyulun 27-də E.Qafarov 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bəs o zaman sual olunur: Nədən Qafarovun yaxınları bu hadisəyə siyasi don geyindirmək istəyir.

Yaxşı məlumdur ki, Ədalət Partiyasına qarşı nəinki hansısa rayonda, kənddə, hətta paytaxtda belə heç bir basqı, təzyiq faktı mövcud deyil və belə bir hadisəyə rast gəlinməyib də. Ümumiyyətlə, Ədalət partiyası ölkə ərazisində fəaliyyət göstərən radikal partiyalar sırasında deyil. Belə olan təqdirdə Qafarovun hadisələri siyasiləşdirmək istəməsi tamamilə aydındır.

Elşad Qafarov dəfələrlə rayonda təmsil etdiyi siyasi partiyanın adından sui-istifadə edərək vəzifəli şəxslərə təzyiq etmiş, onlara qarşı şər-böhtan ataraq çirkin niyyətlə pul tələb etmişdir. Bu gün də bu cinayət hadisəsi siyasi motiv deyil, o, cinayət əməlinə görə istintaqa cəlb olunaraq barəsində qəti imkan tədbiri seçilmişdir.

Amma burada diqqət çəkən bir məqam da var ki, baş verən hadisələr tam araşdırılmadan bəzi sosial şəbəkələr bu cinayət hadisəsini özlərinin siyasi maraqları aspektindən təqdim etməyə çalışırlar ki, bunun da adına ən yumşaq formada sui-istifadə demək olar.

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın