Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Hadı Rəcəbli dedi ki, toyuna dəvət etsən, gələrəm”

“Hadı Rəcəbli dedi ki, toyuna dəvət etsən, gələrəm”

Onu şəhərdə görənlər çoxdu. Şəxsən mən özüm onu televiziya verilişlərində də görmüşəm. O, Nəriman Nərimanov parkında daha çox məşhurdu. Müştərisi çox az tapılan bu parkda o, şərf, corab, papaq və bir çox əşyalar toxuyaraq satır. O, çörəyini zəhməti ilə qazanır. Yaxınlaşıb onun əyləşdiyi oturacaqda əyləşirəm. Söhbətə başlamaq üçün, ürəyimdə götür – qoy edirəm.
– Yorulmayasan, qardaş! Üzdən tanıyırdım səni, amma belə bir işlə məşğul olmağını bilmirdim. 
– Çox sağ ol! Toxuculuğu uşaqlıqdan bilirdim, sonra sənəti Bakıya gəlib məktəbdə təkmilləşdirdim. Elə hər gün burda oluram. Evdə oturanda darıxıram. Yayda axşam saat 11-ə kimi, qışda isə soyuq olduğundan gedib qatarda oturaraq işimi görürəm. Elə bu vaxt ərzində əl işlərimdən də satıram. İstəyənlər olur…
Görürəm ki, söhbət etməyə meyilli adamdı. Suallarımdan yorulmur. İçi doludu, kiminləsə danışıb, dərdləşmək istəyir:
 
– Adın nədi?
– Adım Eçindi. Elçin Abbasov, 1982–ci ildənəm.
– Hardansan?
– Lerik rayonunun Ərdəbili kəndindən.
– Bakıda yaşayansan, yoxsa?..
– Bir ilə yaxındır ki, artıq Bakıda tam sərbəst yaşayıram. Əvvəllər tez–tez gəlib–gedirdim. Çünki rayonda qalanda darıxıram. Amma indi rayona ayda bir dəfə gedirəm…
Biz söhbət etdikcə, önümüzdən ötən adamlar bizi qəribə-qəribə süzürlər. Görünür, Elçinin əl işlərinə məəttəl qalırlar. Müsahibimin belə söhbətcil olduğunu görüb söhbətimizə davam edirəm:
– Ailəlisən, Elçin?!
Bu sual nəsə elə bil ona pis təsir edir:
– Yox, ailəli deyiləm. Sabunçuda qohumlarla kirayədə qalıram. Amma 2003–cü ildən qonşu kəndimizdən bir qızı sevirəm. Ötən il elçi yolladım, qardaşı vermədi. Qız da dedi ki, qardaşım nə desə, o olacaq. Həyatımın gözəlliyini onunla hiss edirəm. İndi də ürəyimdədi. Elə bilirəm qismətimdi.
– Bəs gözlərindəki görmə problemi nə vaxt yarandı? Yoxsa anadangəlmədi?
– Yox, anadangəlmə deyil. Altı yaşıma qədər gözüm görüb. Amma, gözlərimdə təzyiq olduğuna görə zəif görürdüm. Rəngləri belə, seçə bilmirdim. Dedilər ki, Moskvada əməliyyat etdirsən, görərsən. Rəhmətlik atam bir gözümü Bakıda əməliyyat etdirdi. Gözüm sarıqlı evdə oynayanda yıxıldım. Sarıqlı gözüm stolun tininə dəydi və partladı. O, vaxtdan bu günlərə qaldım…
– Sənin əməliyyatın mümkündümü indi? Əməliyyat olunsa, gözlərin görərmi?
– Maraqlanmamışam və bu ümidlə yaşamıram. Sabah hansısa bir həkim müayinədən sonra gözlərimə əlac olmamasını desə, bu mənim üçün ikinci bir zərbə olar. Ona görə bu haqda fikriləşmək belə istəmirəm.
– Bəs Bakıya necə gəldin?
2003–cü ildə Bakıya gəldim…
– Rayonda darıxırdım. Rayon yerində valideynlər fiziki qüsurlu uşaqlarını hamıdan gizlətməyə çalışır. Uşaqlıqdan hiss edirdim ki, cəmiyyət içinə çıxmağımı istəmirlər. Ona görə mən də çalışırdım ki, gizlənim. Həmişə kimisə görəndə qaçıb gizlənirdim. Sanki paltarsız bir adamın qaçıb gizləndiyi kimi. Mənə görə utandıqlarını hiss edirdim və bu isə mənə çox pis təsir edirdi. Sonra gördüm ki, bu gizlənmək məni daha da şikəst eləyir.
Ona görə iyirmi yaşıma kimi kəndimizdən heç yerə çıxa bilmədim. Evdə bir az dava–dalaş salandan sonra məni Yeni Ramanada yerləşən “Sağlamlıq imkanları məhud olan gənclərin peşə reabiltasiya mərkəzi”nə gətirdilər. Burada bu toxuculuğu təkmilləşdirdim. Diplom da aldım bu sahə üzrə. Əslində bu sənəti 13 yaşımdan bilirdim. Eyni zamanda masajı da öyrəndim…
Söhbət edə-edə əlindəki şarfı toxuyur:
– Bu, sifarişdi. Papağını toxumuşam, indi şərfi hazırlayıram.
Söhbət etdikcə əyninə-başına göz gəzdirirəm, çox səliqəlidi. Üzünü də özü qırxdığını deyir. Hətta iynə də saplayır. Paltarını isə yaxın qohumları yuyur. Telefonda məktub da yaza bilir:
– Bütün dostlarımın telefon nömrəsini əzbər bilirəm. Ona görə də lazım olanda yığıb danışıram. Evdə olanda anam üçün iynə də saplayıram. Ərsəyə gətirdiyim əl işlərimdən hədiyyələr də etmişəm…
Telefonda sənətçilərlə şəkillərini göstərir və elə ilk gözümə dəyən Elnarə Abdullayeva olur:
– Elnarə Abdullayeva ən çox sevdiyim müğənnidi. Ona da əl işlərimdən hədiyyə etmişəm – deyir.
 
– Elçin, nə qədər təqaüd alırsan?
– Birinci qrupam, 140 manat təqaüd alıram.
Müsahibimlə söhbətimizi davam etdirmək üçün onu çay evinə dəvət edirəm. İsrar edir:
– Yox, qardaş, çox sağ ol! Dəvət elədin, elə bil çay içmiş kimiyəm.
Axır ki, yola gətirə bilirəm. Yaxınlıqda yerləşən “İstanbul” çay evində əyləşib çay içirik. Elə söhbətimizə də burada davam edirik:
– O gün birinə iyirmi manat verdim, dedim ki, mənə bir dönər al gətir. Özün də nə istəyirsən al. Pulu götürüb çıxdı getdi. Telefon nömrəsi də var məndə. O gün zəng vurdum dedim ki, filankəsdi? Eşitdim ki, səsini dəyişib…
– O gün birinə də pul verdim ki, mənə su alsın. Getdi gəldi, hiss edirəm ki, suyu içib yarısını mənə gətirib. Adam kişi olar e… sənə su lazımdı, pul verim özünə də al.
Bu park mənim üçün çox doğmadı. Hərdən yorğunluğumu çıxarmaq üçün “Viking”ə minirəm. Bir az stersimi atıram. Hərdən dənizkənarı bulvara da gedirəm. Dəniz kənarında darıxıram. Çox kədərlənirəm orda olanda. Səni görməyimə çox sevindim. Vallah, bizim kimi adamlara belə qiymət verdiyiniz üçün sizin kimi adamlara minnətdaram. Siz bizə yaşamaq üçün ruh yüksəkliyi verirsiniz…
Fevralın 22 – də millət vəkili Hadı Rəcəblinin qəbulunda oldum. Dedim ki, mənə gözdən əlillərin yataqxanasında bir yer verilməsi üçün gözdən əlillər cəmiyyətinin sədri Semyar Abdullayevlə danışın. Artıq ailə qurmaq istəyirəm. Ailə qursam, kirayədə yaşamağa imkanım çatmaz. Hadı Rəcəbli bildirdi ki, deyərəm sənə yataqxanada bir otaq ayırarlar. Toyuna da dəvət etsən, gələrəm – dedi.
Bütün bu söhbətlərdən sonra yenə əyləşdiyi oturacağın yanına qayıdırıq. Getmək üçün izn istəyirəm:
– Get, qardaş. Çox sağ ol. Hərdən yolun düşəndə gəl, bir az dərdləşək.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın