Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Həcc xərci 8 min manat oldu…

Həcc xərci 8 min manat oldu…

Azərbaycanda 2017-ci il Həcc ziyarəti qiymətləri açıqlanıb və ziyarət üçün sənəd qəbulu başlayıb. Məlum olub ki, bu il Həcc ziyarətində bir sıra yeniliklər var. QMİ-dən verilən məlumata görə, bu il əvvəlki illərdən fərqli olaraq vahid ziyarət qiymətləri olacaq və zəvvarlar yalnız təyyarə ilə ziyarətə gedə biləcəklər.

Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Kvota da dəyişilib, məlum olub ki, bu Azərbaycandan Həcc ziyarəti üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Yeri gəlmişkən, ötən il bu rəqəm 1400 nəfər idi. Yəni bu il bir az da azalacaq.

Qeyd edək ki, Azərbaycanda bir qayda olaraq hər il Həcc ziyarəti ilə bağlı hansısa “yeniliyin” şahidi oluruq. Bu il də fərqlənməyib. Və göründüyü kimi, bu il qiymətlər və kvota dəyişib. Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda Həcc kvotası ilk dəfə 8 il əvvəl – 2009-cu ildə azaldılıb. Həmin vaxta qədər Azərbaycandan 6 min insan ziyarətə gedib. Ancaq 2009-cu ilin yayında gözlənilmədən kvota 6 min nəfərdən 2 minə endirildi. Bu qərarı Şeyxülislam elan etsə də, sonradan məlum oldu ki, hökumətin qərarı olub. Sonrakı illərdə bu rəqəm yenidən tədricən artdı və ildə 4 min nəfərə çatdı. Və yenidən gözlənilmədən 4 dəfə azaldıldı. Son olaraq ziyarətə 1400 nəfərin getdiyi bildirilirdi.

Bu il isə kvota 600 nəfərə, yəni 8 il əvvəlkindən nə az, nə çox – 10 dəfə azalıb. Bu bir tərəfdən, son illərdə ölkədəki iqtisadi vəziyyətlə əlaqədardırsa, digər tərəfdən də din sahəsində davam edən vəziyyətlə bağlıdır. Hər halda kvotanın ilk günlərdə endirilməsi rəsmi qərarla olub.

Amma Azərbaycan vətəndaşlarını ən çox narahat edən Həcc qiymətlərinin bahalaşması oldu. Yəni yerli manatla hesablandıqda bu il Həcc ziyarətinə getmək istəyənlər 3850 dolların indiki kursu ilə hesablasaq 7500 manat civarında pul ödəməli olacaqlar. Məsələ ondadır ki. dollarla hesabladıqda əslində Həcc ziyarəti qiymətlərində elə də ciddi dəyişiklik yoxdur. Hətta ilk devalvasiyadan əvvəlki qiymətlərə baxdıqda ucuzlaşma var. Çünki bir zamanlar azərbaycanlılar Həcc ziyarətinə 5 min manatdan çox pul ödəyirdilər. Ancaq indi kəskin devalvasiya olub və dolların bahalaşması nəticəsində qiymətlər iki dəfə bahalaşıb.
Yeri gəlmişkən, əvvəlki illərdə 3500-4500 dollar arasında dəyişirdi. Aradakı fərq isə otellərə görə idi. Ancaq bu ildən o fərq ləğv olunub və yalnız bir qiymətə ziyarət təşkil olunacaq. Qiymətlər isə manatla ödənməklə.

QMİ Həcc ziyarətində ildən ilə qiymətlərin bahalaşmasını adətən Səudiyyə Ərəbistanında qiymətlərin bahalaşması, otel kirayəsi qiymətinin artması ilə izah edir. Bu məsrəflər dollarla ödəndiyi üçün QMİ də bir qayda olaraq hesablaşmanı, qiymətləri dollarla hesablayır. QMİ-nin elan etdiyi məlumatlara əsasən, bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Bundan başqa, son illərdə Həcc ziyarəti zamanı bir sıra yeniliklər tətbiq olunmağa başlayıb. Bunlar, zəvvarların məcburi həyat sığortası, hotellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyanaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması kimi xidmətlər daxildir.

Hər halda qiymətlər indi çox adamı məyus edir və ziyarət azərbaycanlılar üçün bahalı məsələyə çevrilir. Həm manatın dəyər itirməsi. Buna paralel, əhalinin gəlirlərinin azalması, iqtisadi vəziyyətin pisləşməsi fonunda azərbaycanlıların 8 min manata yaxın (sentyabra qədər devalvasiyanın artımından asılı olacaq) pul ödəməsi xeyli çətindir.

Ancaq onu da nəzərə almaq lazımdır ki, hətta indiki dollarla olan qiymətlər belə digər ölkələrlə müqayisədə baha hesab olunur. Nisbətən daha ucuz qiymətə ziyarət də təşkil etmək mümkündür, amma görünür, həm idarədə bu məsələdə təşəbbüskarlığın olmaması və daha az gəlirlə bu işi görməyə həvəssiz olmaları səbəbindən bu işə qol qoyan yoxdur.

Digər tərəfdən, Həcc ziyarətinin təşkilinin yalnız rəsmi qurumlara tapşırılması səbəbindən başqa könüllü qrupların bu ziyarəti təşkil etmək imkanları faktiki olaraq yoxdur. Bu isə rəqabətin olmaması, daha az qazancla bu işi görmək istəyənlərə imkan tanınmamasına səbəb olur.(musavat.com)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın